Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5182/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-1193/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı (kredit verən) və mərhum Aida Novruzova (kredit alan) arasında iki kredit müqaviləsi bağlanıb: xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi. 2.Kredit alan xx.xx.2022-ci il tarixdə vəfat edib. Cavabdeh kredit alanın əridir. Notarius tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib. Şəhadətnamədə qeyd olunub ki, şəhadətnamə verilən miras əmlak 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş əmək haqqının üç misli qədər (1.147,38 manat) müavinətdən ibarətdir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, cavabdehdən göstərilən məbləğdə pul vasaiti tutulsun: 1) xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 5.816,02 manat, faiz borcu kimi 2.912,12 manat; 2) xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə əsas borc kimi 210,21 manat, faiz borcu kimi 16,24 manat. 4.Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və həmin tarixli tam kart müqaviləsi üzrə ödənilməmiş 460 manat məbləğində borc, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.“Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə miras əmlak kimi göstərilən 1.147,38 manat müavinət (əmək haqqının üç misli) miras sayılmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Göründüyü kimi, müvinət almaq hüququ işçinin ölümündən sonra onun vərəsələri üçün yaranır, yəni işçi öldüyü məqamadək həmin hüquqa malik olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsindən görünür ki, mirasa elə əmlak hüququ daxildir ki, miras qoyan öldüyü məqamadək həmin hüququ malik olsun. 8.Mülki Məcəllənin 1306.5-cı maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Hazırkı işdə miras notarius tərəfindən siyahıya alınmayıb, lakin cavabdeh (vərəsə) miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edib. Belə ki, miras qalmış əmlakın dəyəri 460 manatdır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də iddia 460 manat həddində təmin olunub. 9.Beləliklə, qətnamə iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qayadasında yoxlanılmadı. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-1193/2025 nömrəli qətnaməsi iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5182/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5182/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver