Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5184/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , Cavabdeh və vəkili X6, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2(009)-2460/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.06.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.08.2013-cü il tarixli, 2(006)-1662/2013 saylı qətnaməsi ilə 19.08.2013-cü il tarixdən başlayaraq 11.06.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Hesab edir ki, yaşayış minimumu uşaqlar üçün 2020-ci il üzrə 170 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşaqların saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan aliment məbləği hər uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(009)- 2460/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Cavabdehlə birgə nikahından doğulmuş 11 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 avqust 2013-cü il tarixli, 2(009)-1662/2013 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 100 (bir yüz) manat məbləğində alimentin məbləği artırılaraq 150 (bir yüz əlli) manat müəyyən edilmiş, 11 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 150 (bir yüz əlli) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(009)- 2460/2020 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mebel sexində usta işləyir və onun aylıq əmək haqqısı 250 manat təşkil edir. Əlavə qazancı yoxdur. Bu səbəbə görə hesab edir ki, əmək haqqının 1/4 hissəsini ödəməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X10 apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyun 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 iyun 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 avqust 2013-cü il tarixli, 2(009)-1662/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 19 aprel 2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanılaraq 551 sayla qeydə alınmış nikahın pozulması, 11 iyun 2012-ci ildə anadan olmuş X9 anası X2 yanında saxlanılması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2648/2012 saylı 30 dekabr 2012-ci tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh 19 avqust 2013-cü il tarixdən başlayaraq 11 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit məbləğdə aliment tutularaq X4 verilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2648/2012 saylı, 30 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh 04 dekabr 2012-ci il tarixdən başlayaraq 11 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat sabit məbləğdə alimentin tutularaq X4 verilməsinə dair icra sənədi üzrə icraata xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05.10.2013-cü il tarixdə 170 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah ləğv olunduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş əmək bildirişindən görünür ki, Cavabdeh mebel sexində usta vəzifəsində işləyir və onun aylıq əmək haqqı 250 manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının onun yanında qalan uşağın saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş, həmin tələbi uşağın böyüməsi, ölkədə iqtisadı vəziyyətin dəyişməsi, uşağın təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədləri baxımından əsaslı olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən də görünür ki, məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin maddi vəziyyəti ilə bağlı bütün halları nəzərə almış və iddianı qismən təmin edərək aliment məbləğini ağlabatan miqdarda müəyyən etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə alimentin artırılması xahiş edilən hissəsinin bir il üçün ümumi məbləği 2000 manatdan az olduğundan, bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2(009)-2460/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5184/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5184/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver