Məhkəmə qərarları › İş №2(103)-5185/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5185/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5185/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh4 qızına qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-134/2020 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdəm müştərək qaydada QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə əsas borca görə 21640 manat, faiz borcuna görə 10354,29 manat və cəriməyə görə 13515,40 manat olmaqla cəmi 45509, 69 manat borcun, 001R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1046,21 ABŞ dolları, faiz borcuna görə 335,80 ABŞ dolları, cəriməyə görə 701,98 ABŞ dolları olmaqla cəmi 2083,99 ABŞ dolları borcun və dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 QSC ilə bağladığı xx.xx.2008-ci il 01L000000942 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 001R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 21640 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan heç bir ödəniş etməmiş, 21640 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə hesablanmış faiz borcu 10354,29 manat təşkil edir. xx.xx.2018-ci il tarixə hesablanmış cərimə 13515,4 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 001R**********S saylı, xx.xx.2016-cı il tarixli 001R**********SA saylı və xx.xx.2016-cı il tarixli 001R**********SB saylı saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1453,79 ABŞ dolları ödəmiş, onun 1046,21 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə hesablanmış faiz borcu 335,8 ABŞ dolları təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 134/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2016-cı il tarixli 001R********** saylı kredit razılaşması üzrə əsas borca görə 21618,43 manat, faiz borcuna görə 4476,04 manat, cəriməyə görə 100 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 26224,47 manat İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh1 xx.xx.2015ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1014,02 ABŞ dolları, faiz borcuna görə 335,8 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla cəmi 1399,82 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı QSC-nin xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 400 manatın dövlət nəfinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Zaminliyə aid hissədə məhkəmə düzgün nəticəyə gəlməmişdir, belə ki, zaminlər 120 ay müddətinə, yəni 2018-ci ilin aprel ayına kimi öhdəlik götürmüşlər. Ekspert rəyində qeyd olunan məlumatlar iş materiallarında olan kredit sənədləri ilə uyğunluq təşkil etmir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən, yəni QSCnin apellyasiya şikayəti həddində - iddianın təmin edilməmiş hissələrində yoxlanılması təşkil edir, çünki cavabdehlər qətnaməni mübahisələndirməmiş, iddiaçı isə qismən ləğvini xahiş edərək, təmin edilməyən hissələrdə qətnaməni mübahisələndirmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 20000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılaşmaları əsasında istənilən məbləğ 120 ay xx.xx.2018-ci il tarixdən gec olmayaraq verilməlidir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 001R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 21640 manat olan krediti aylıq faiz dərəcəsi 1,75% olmaqla 20 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə bağlanmış 001R********** kredit razılaşması əsasında kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 01L000000942 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 2500 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,9167% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 001R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli 01L000000942 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 001R********** kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 001R********** kredit razılaşması əsasında kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən müəyyən olunur ki, bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 001R********** kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1,5456%dərəcəsi ilə faizlər hesablanması və kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəməsi barədə tərəflər razılığa gəlmişlər. Borcverən İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01S000009220 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit müqaviləsindən irəli gələcək öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən İddiaçı QSC ilə zamin X1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01S000004041 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X1 borcalan Cavabdeh1 xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit müqaviləsindən irəli gələcək öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən İddiaçı QSC ilə zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 001S**********02 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh4 borcalan Cavabdeh1 xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit müqaviləsindən irəli gələcək öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən İddiaçı QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01S000004035 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 borcalan Cavabdeh1 xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit müqaviləsindən irəli gələcək öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı QSC-nin xx.xx.2018-ci il tarixli 18488 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2016-cı il tarixli 001R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə əsas borca görə 21640 manat, faiz borcuna görə 10354,29 manat, cərimə borcuna görə 13515,40 manat olmaqla cəmi 45509,69 manat borcu vardır. İddiaçı QSC-nin xx.xx.2018-ci il tarixli 18487 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə əsas borca görə 1046,21 ABŞ dolları, faiz borcuna görə 335,80 ABŞ dolları, cərimə borcuna görə 701,98 ABŞ dolları olmaqla cəmi 2083,99 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 6568 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2008-ci il tarixli 01L000000942 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2016-cı il tarixdə bağlanmış 001R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı QSC-yə olan borcu 26094,47 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 21613,43 manat, faiz borcu üzrə 4476,04 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 28837 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2017-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı QSC olan borcu 1371,76 ABŞ dolları məbləğində müəyyən edilir: əsas borc üzrə 1014,02 ABŞ dolları, faiz borcu üzrə 357,74 ABŞ dolları.Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hər iki kredit müqaviləsi üzrə əsas və faiz borcunu müəyyən edərkən ekspert rəyini əsas götürmüşdür. Kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 tutulmalı olan əsas və faiz borcuna aid hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli 001R********** saylı kredit razılaşması üzrə verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, əsas məbləğ üzrə xx.xx.2016-cı il tarixdə 13,18 manat və xx.xx.2016-cı il tarixdə 8,38 manat ödəniş edilmiş, buna görə də əsas borcun məbləği 21.618,43 manat müəyyən edilmişdir. Ekspert rəy verərərkən hesabdan çıxarış məlumatlarına əsaslansa da, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, əsas borc üzrə heç bir ödəniş edilməmiş və əsas borc olduğu kimi qalmışdır. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2016cı il tarixdə borclunun cari hesabına 455 manat məbləğində vəsait mədaxil edilmişdir ki, həmin vəsait də tam olaraq kredit üzrə faiz ödənişinə silinmişdir. xx.xx.2016-cı il tarixdə isə edilmiş 350 manat ödənişin 21 manatı gecikmə üzrə cərimə borcuna silinmiş, lakin xx.xx.2016-ci il tarixdə həmin cərimə qaytarılaraq (Fees Reversal) cari hesaba geri mədaxil edilmiş və həmin tarixdə 20,46 manatı gecikmə üzrə faiz borcuna, xx.xx.2016-ci il tarixdə isə 0,54 manatı faiz ödənişinə silinmişdir. Odur ki, bu müqaviləyə əsasən cavabdehdən tutulmalı olan əsas borc məbləği iddia tələbində göstərilən 21640 manat məbləğində müəyyən edilməlidir. Faiz borcuna aid hissədə isə Kollegiya qeyd edir ki, hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 müqavilə üzrə cəmi 3180 manat ödəniş etmişdir ki, həmin məbləğ ancaq faiz borcu üzrə silinmişdir, sonuncu ödəniş isə xx.xx.2017-ci il tarixdə edilmişdir. Əsas borc məbləği olan 21640 manatın gündəlik (1 gün üçün) faizləri 12,62 manat (21640x1,75%/30=12,62), həmin faizlərin hesablanmalı olduğu müddət isə 615 gün, yəni müqavilənin bağlandığı xx.xx.2016-cı il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 7761,3 manat (12,62x615) təşkil edir. Göründüyü kimi 7761,3 manat faiz borcundan 3180 manat ödəniş edilmiş və hazırda tutulmalı olan faiz borcu 4581,3 (7761,3-3180) manat müəyyən olunmalıdır. Kollegiya hesab edir ki, digər kredit müqaviləsi üzrə borcun məbləğinə, həmçinin hər iki müqavilə üzrə cərimə borcunun azaldılmasına dair və zaminlik müqavilələrinə dair məhkəmə qanunvericiliyin tələblərinə əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin hissələrdə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-134/2020 saylı iş üzrə xx xxxxxx 2020-ciil tarixli qətnaməsi Cavabdeh1 xx.xx.2016-cı il tarixli 001R********** saylı kredit razılaşması üzrə tutulmalı olan əsas və faiz borcuna aidhissədə dəyişdirilsin və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 21.640,0 manat, faiz borcunun məbləği isə 4.581,3 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar