Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5186/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X1 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(005)- 1255/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, maşın alınması üçün cavabdehə pul vermiş, lakin cavabdeh maşın almamış və pulu qaytarmamışdır. Hazırda iddiaçı cavabdehə verdiyi pulu tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12750 manat məbləğində pulun və ödənilmiş 128 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun iş yoldaşı olmuşdur. İşlədikləri zaman cavab ona Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirərək icrarəyə verdiyini bildirmiş, ona da bu yolla pul qazanmağı təklif etmişdir. Ölkə ərazisində satış qiyməti 15000 manat olan avtomobili 12000 manata Gürcüstan Respublikasından onun üçün əldə edə biləcəyini bildirdikdən sonra o da razılaşmış, və 12000 manat pulu 2022-ci ilin mart ayında iş yerində cavabdehə vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh 20 gün ərzsində avtomobili onun üçün ölkəyə gətirməli idi. Lakin bu müddətdə avtomobili gətirməmişdir. İddiaçı 2022-ci ilin iyun ayında işdən çıxmışdır. Bu dövrdə cavabdeh ona avtomobilin gəldiyini və bu avtomobili sataraq 800 manat gəlir əldə etdiyini bildirmişdir. Bu məbləğin 300 manatını İddiaçı, 500 manatını isə Cavabdeh götürmüşdür. Bundan sonra da cavabdeh dəfələrlə ona maşın gətirirərək satdığını bildirmiş və ona cəmi 2000 manat pul vermişdir. Rəşidov X3 Rəşad Ağakişi oğlu ilə əlaqə saxlayaraq verdiyi 12000 manat pulu geri tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bu pulu qaytarmaqdan yayınmışdır. Cavabdeh ona yenə avtomobil gətirdiyini, lakin gömrük xərci olaraq 750 manat pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı onun səmimiyyətinə inanaraq 600 manat və 150 manat olmaqla iki ayrı ödənişlə bu pulu ona vermişdir. Lakin cavabdehin pulu qaytarmaq niyyəti olmadığını başa düşdükdən sonra Nizami rayon 23-cü Polis Bölməsinə müraciət etmiş və araşdırma zamanı cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmişdir. Eyni zamanda borcun olması cavabdehlə olan yazışmalarla da təsdiq olunur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(005)- 1255/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 10542 manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 106,24 manat tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, İddiaçı aralarında olan razılığa əsasən əmlak əldə etmək üçün Cavabdeh pul məbləği vermiş, lakin bu pulun verilməsi üçün əsas həyata keçməmişdir, yəni əmlak İddiaçı tərəfindən əldə edilməmişdir. Buna baxmayaraq Cavabdeh bu pul məbləğini İddiaçı tam məbləğdə qaytarmamışdır, bununla da əsassız varlanmışdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 12750 manat pulun verilməsi işin mübahisəsiz halıdır. Bunu məhkəmə iclasında hər iki tərəf bildirmiş və mübahisələndirməmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdeh iddiaçıya 4 dəfə 552 manat pul verdiyini bildirmiş, iddiaçı da bu pul məbləğlərini aldığını qəbul etmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı hesabına pul məbləği əldə etməklə əsassız varlandığı və iddiaçının tələbi ilə pulu ona geri qaytarmadığı iş materialları ilə müəyyən olunur. Məhkəmə cavabdehin əsassız varlanmasına səbəb olmuş pul məbləği ilə bağlı qeyd etmişdir ki, cavabdehin 12750 manat pulu iddiaçıdan aldıqdan sonra ona 552 manat olmaqla 4 dəfə ödəniş etdiyi sübuta yetirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 2208 manat pul məbləği iddiaçı tərəfindən tələb olunan məbləğdən çıxılmalıdır. Çünki həmin məbləği geri qaytaran cavabdeh həmin məbləğ həcmində əsassız varlanmamışdır. Bu səbəbdən də Cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, İddiaçı tərəfindən tələb olunan pul məbləğindən 10542 manat pulu ona qaytarmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki qətnaməni qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, (tətbiq edilən hüquq barədə yanlışlığa yol vermişdir) cavabdehdən tutulmalı olan məbləğin həcmini düzgün hesablamayaraq yanlış məbləğin tutulması haqqında qətnamə qəbul etmişdir. Məhkəmə hazırki münasibətlərə mülki qanunvericiliyin əsassız varlama müddəalarını tətbiq etməkdə haqlı olmamışdır. Belə ki tərəflər arasında olan münasibətlər borc münasibətləri olmuşdur. İddiaçı da öz iddiasında da bildirmişdir ki, o cavabdehlə birgə iş qurmaq məqsədilə ona borc pul vermişdir. Həmçinin məhkəmə ilk icraatda onun iştirakını təmin etməməklə tərəflərin bərabərliyi və çəkişmə prinsipini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməsə də məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddianı etiraf edərək 4000 manat ödənişi nəzərə alaraq qətnamənin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qətnamənin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilməklə - apellyasiya baxışı zamanı cavabdeh tərəfindən ödənilmiş 4000 manat pul məbləği birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdən çıxılmaqla cavabdehdən tutulmalı olan məbləğ 6542 manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh yeni iş yerində işlədikləri müddətdə bir-birləri ilə tanış olmuş və Cavabdeh təklifi üçün İddiaçı tərəfindən Cavabdeh 12000 manat, daha sonra isə Cavabdeh istəyi ilə gömrük xərci adı altında 750 manat pul verilməsini, lakin Cavabdeh İddiaçı ilə olan razılığa uyğun hərəkət etməmiş və pul məbləğini İddiaçı tam məbləğdə geri qaytarmaması göstərərək hazırki iddianı qaldırmışdır. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında olan münasibətlərin borc münasibətləri olmasını göstərsə də işin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh pul məbləğini aralarında olan razılığa əsasən xaricdən avtomobil əldə əmlak üçün vermişdir. Belə ki, cavabdeh i.v.113-də olan iclas protokolundan görünür ki, cavabdeh bu faktı etiraf etməklə ididaçıya 4 dəfə 552 manat ödəniş edilməsini, qalan məbləği maddi çətinlik olduğu üçün qaytara bilməməsini göstərmiş, iddiaçı isə qaytarılan məbləği inkar etməmiş, lakin cavabdehin onun pulundan istifadə etmək yolu ilə bu məbləğləri ödəməsini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf iddiaçının ona iddia edilən pulun konkret əmlak almaq məqsədilə verilməsini məhkəmə iclasında etiraf etsə də, apellyasiya şikayətində bunun borc kimi qiymətləndirməsi əsassız olmuşdur. Cavabdeh hazırda tərəflər arasında borc münasibətlərinin olmasını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi tərəflər arasında hər hansı borc münasibətləri olmamış, bunun əksinə iddiaçı tərəfindən verilmiş vəsait məhz əmlakın əldə edilməsi ilə bağlı olmuşdur ki, nəticə etibarı ilə də Cavabdeh bu pul məbləğini İddiaçı tam məbləğdə qaytarmamaqla sonuncunun hesabına pul məbləği əldə etməklə əsassız varlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 12750 manat pulun borc olaraq verilmişdirsə Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə əsasən, yəni borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu üçün bu zaman tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanılmalı idi, cavabdeh tərəf isə belə bir müqavilə təqdim etməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisənin hüquqi təbiətinin əsassız varlanma təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh ərizə təqdim edərək, iddiaçıdan aldğı vəsaitdən 4000 manat qaytarmasını bildirmişdir. İddiaçı da öz növbəsində həmin vəsaitin cavabdeh tərəfindən ödənilməsini təsdiq etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilməklə - apellyasiya baxışı zamanı cavabdeh tərəfindən ödənilmiş 4000 manat pul məbləği birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdən çıxılmaqla cavabdehdən tutulmalı olan məbləğ 6542 manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(005)- 1255/2024 nömrəli qətnaməsi - Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan vəsait 6542 (altı min beş yüz qırx iki) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fərrux Qasımov Günel Abbasova