Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5188/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə (açar sözlər: icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(005)-217/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilimiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan 08 fevral 2022-ci il məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması haqqında Cavabdeh təklif olunmuşdur.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya №-li çıxarışdan görünür ki, ünvan 1ndə istifadədə olan 0.039188 ha torpaq sahəsində yerləşən 2 girişli, 335.94 kv.m ümumi, 173.62 kv.m əsas, 162.32 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası daşınmaz əmlakın mülkiyyət növü xüsusi mülkiyyət, torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti və daşınmaz əmlakın hüquqi sahibinin adı Cavabdehdır. Bu barədə xx.xx.2008-ci il tarixli ********** nömrəli qeydiyyat aparılmışdır.
3. “X4” MMC tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən, icarəyə verilməsi nəzərdə tutulan 391,88 kv.m olan sahəsinin 15 dekabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 78376 manat təşkil edir.
4. Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 391,88 m2 torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu və internet saytı məlumatlarında analoji satış elanları mövcud olmadığını nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin orta bazar qiymətini və icarə haqqını müəyyən etmək mümkün olmadı.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 391,88 kv. m torpaq sahəsinə dair aylıq icarə haqqı 131 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh məxsus qeyri-yaşayış binasının yerləşdiyi, dövlət mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 391,88 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina edilməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, ünvan 2 ünvanında yerləşən 391,88 kv. m torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2022-ci il tarixli, SEM/D-315-700/2022 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 78376,0 (yetmiş səkkiz min üç yüz yetmiş altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə və qiymətləndiricinin rəyinə əsasən, mübahisənin predmeti olan torpaq sahəsinin aylıq icarə haqqı 131 (yüz otuz bir) manat təşkil edir (78376,0-nın 2 faizi = 1568 / 12 = 131).
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(005)- 217/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3-cü maddəsi təşkil edir. Həmin normaya görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulması. Hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, mülki işə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdehə torpaq sahəsini satınalma təklif edilməyib. Belə ki, AR Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”nın 9.2ci bəndindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Göründüyü kimi, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan 08 fevral 2022-ci il tarixli bildiriş məktubundan görünür ki, iddiaçıya torpaq sahəsini satınalma təklif edilməyib. Belə ki, AR Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”nın 9.2-ci bəndindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətlərinin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Beləliklə, hazırkı mübahisə torpaq münasibətləri ilə bağlı olduğundan, mübahisənin həlli zamanı maddi hüquq normaları kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Müqavilə bağlamaq azadlığı (şəxsin müqavilə bağlamağa məcbur edilməsinə yol verilməməsi) torpaq qanunvericiliyinin deyil, mülki qanunvericiliyin prinsipi olduğundan, torpaq mübahisəsinin məhkəmə tərəfindən həlli zamanı mülki qanunvericiliyin prinsipinin əsas götürülməsi qanunvericiliyin tətbiqində səhv kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Eyni müddəa “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndində də nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsasdır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Beləliklə, Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsi mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən dövlət mülkiyyətində olan torpaq sahələrindən yalnız icarə əsasında istifadə edilməsini tələb edir və Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi hüquqi və ya fiziki şəxsə icarə müqaviləsi əsasında verilə bilər. Göründüyü kimi, Torpaq Məcəlləsinin yuxarıda istinad olunan normaları dövlət mülkiyyətində olan torpaq sahəsindən mənfəət əldə etmək məqsədilə istifadə edən fiziki və ya hüquqi şəxs üçün həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən etmişdir. Məhkəmə müqavilə bağlamağa məcburetməyə yol verilmədiyini qeyd etsə də, hazırkı mübahisənin torpaq sahəsi ilə bağlı olduğunu və Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlı mübahisənin torpaq qanunvericiliyinin müddəalarına əsasən həll edilməli olduğunu nəzərə almamışdır. Torpaq Məcəlləsinin 51-ci maddəsi dövlət mülkiyyətində olan torpaq sahəsindən mənfəət əldə etmək məqsədilə istifadə edən fiziki və ya hüquqi şəxs üçün həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən edir ki, bu vəzifə də yerinə yetirilmədikdə torpaq sahəsinin mülkiyyətçisinin bu vəzifənin məhkəmə qərarı ilə torpaq sahəsinin istifadəçinin üzərinə qoymaq hüququ yaranır. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, məhkəmə mülki və torpaq qanunvericiliyinin tətbiqində səhvə yol verərək əsassız qərarla iddianı rədd etmişdir. Hazırkı mübahisə torpaq sahəsi ilə bağlı olduğundan, Torpaq Məcəlləsinin 51-ci maddəsinin tələbinə əsasən baxılmalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir;
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir;
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər;
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur;
5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər;
6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir; Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər;
7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir;
8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşdən müəyyən edilir ki, ünvan 1ndə istifadədə olan 0.039188 ha torpaq sahəsində yerləşən 2 girişli, 335.94 kv.m ümumi, 173.62 kv.m əsas, 162.32 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış ilə daşınmaz əmlakın mülkiyyət növü xüsusi mülkiyyət, torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti olmaqla Cavabdeh mülkiyyətindədir. Bu barədə xx.xx.2008-ci il tarixli ********** nömrəli qeydiyyat aparılmışdır.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan 08 fevral 2022-ci il məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması Cavabdeh təklif olunmuşdur.
21. İşin qeyd olunan faktiki halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarının tətbiqi baxımından əsaslı və düzgün qətnamə qəbul etmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır.
22. İddiaçı apellyasiya şikayətində o dəlili irəli sürmüşdür ki, hazırkı mübahisə torpaq münasibətləri ilə bağlı olduğundan, mübahisənin həlli zamanı maddi hüquq normaları kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Müqavilə bağlamaq azadlığı (şəxsin müqavilə bağlamağa məcbur edilməsinə yol verilməməsi) torpaq qanunvericiliyinin deyil, mülki qanunvericiliyin prinsipi olduğundan, torpaq mübahisəsinin məhkəmə tərəfindən həlli zamanı mülki qanunvericiliyin prinsipinin əsas götürülməsi qanunvericiliyin tətbiqində səhv kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpaq Məcəlləsinin istinad olunan normaları dövlət mülkiyyətində olan torpaq sahəsindən mənfəət əldə etmək məqsədilə istifadə edən fiziki və ya hüquqi şəxs üçün həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən istinad olunan Torpaq Məcəlləsində torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən edən norma mövcud deyil.
24. Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
25. Məcəllənin 51-ci maddəsi “Torpaq sahəsi üzərində icarə hüququ” adlanır və iddiaçının qeyd etdiyi 51.6-cı maddədə dövlət və bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin istifadəsinə əgər onların mənfəət əldə etmək məqsədi varsa icarə əsasında verilməsinin mümkünlüyü tənzimlənir.
26. Göründüyü kimi, nə bu maddədə, nə də Torpaq Məcəlləsinin digər normalarında hazırkı iddianın maddi hüquqi əsasını təşkil edəcək, torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən edən birbaşa norma nəzərdə tutulmamışdır.
27. Odur ki, birinci instansiya məhkəməsi müqavilə azadlığı prinsipinə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”na istinadla hazırkı iddianı rədd etməkdə haqlı olmuşdur.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(005)- 217/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(005)- 217/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev