Məhkəmə qərarları › İş №2(103)-519/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-519/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-519/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəllaləddin qızının katibliyi ilə, İddiaçı (əvvəlki adı “X3”) Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 10.880 manat məbləğində əsas borcun, əldən çıxmış fayda olaraq qətnamənin tam icra ediləcəyi günədək əsas borc məbləğinin illik 10 faizi miqdarında pul məbləğinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona (MMC-yə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh arasında şifahi qaydada bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən cavabdeh iddiaçı MMC-dən, MMCnin istehsal etdiyi malları almış və üzərinə öhdəlik götürmüşdür ki, həmin malların dəyərini MMC-yə sonradan ödəyəcəkdir. xx.xx.2017-ci il tarixdə MMC-nin əməkdaşları yoxlama keçirmiş və tərəflər arasında borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə ikitərəfli qaydada “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” tərtib edilmiş, cavabdeh həmin aktla razılaşaraq MMC-yə 10.880 manat məbləğində borcunun olduğunu etiraf edərək aktı imzalamışdır. Bunlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, malların dəyərini MMC-yə ödəməmişdir. Borcun ödənilməsi məqsədi ilə MMC tərəfindən cavabdehə dəfələrlə müraciətlər olunmuş, lakin cavabdeh MMC-yə ödəniş etməmişdir. Odur ki, tərəflər arasında şifahi qaydada bağlanmış “Nisyə xxxxxxxxxxxxxxxxxxxxx” üzrə ödənilməmiş qalan 10.880 manat məbləğində pul cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MMC-nin fəaliyyəti tikinti materiallarını istehsal edərək satmaq və bundan gəlir əldə etməkdən ibarətdir. Cavabdeh iddiaçı MMC-yə məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla faydalanmışdır. Bunun nəticəsində isə MMC əldə edə biləcək faydadan məhrum olmuşdur. Belə ki, həmin pul vəsaiti MMC istifadə etmiş olsaydı ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. Odur ki, əldən çıxmış fayda olaraq qətnamənin tam icra ediləcəyi günədək 10.880 manat məbləğində əsas borc məbləğinin illik 10 faizi miqdarında pul cavabdehdən MMC-nin xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianı, iddianın sübuta yetməməsi və tərəflər arasında nisyə alğı-satqıdan irəli gələn münasibətləri təsdiq edə biləcək müqavilənin təqdim edilməməsi əsası ilə təmin edilməməsini qət etmişdir. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilən və MMC ilə cavabdeh arasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” mövcud olması, həmin müqavilə üzrə cavabdehin MMC-yə 10.880 manat ödəməli olması iddia ərizəsinə əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ilə təsdiq edilir. Lakin işə baxmış Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsində ifadə olunmuş “Nisyə xxxxxxxxxxxxxxxxxxxxx” üzrə ödənilməmiş qalan 10.880 manat məbləğində pul cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması barədə tələbi təmin etməmiş Rayon Məhkəməsi, gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında nisyə alğı-satqıdan irəli gələn münasibətləri təsdiq edə biləcək müqavilə təqdim edilmədiyindən iddia tələbi yolverilməzdir və cavabdehin iddiaçıya zərər vurması təsdiq olunmur. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, Rayon Məhkəməsi işin faktiki hallarını kifayət qədər araşdırmamışdır. İş üzrə cavabdeh məhkəmə baxışı (o cümlədən apellyasiya baxışı) iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı etirazını, ümumiyyətlə münasibətini bildirməmişdir. Belə olan halda Məhkəmə mövcud mülki mübahisəni işdə olan sübutlara əsasən həll etməlidir. Yuxarıda artıq qeyd edildiyi kimi, MMC bildirir ki, onunla cavabdeh arasında şifahi qaydada bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən cavabdeh iddiaçı MMCdən, MMC-nin istehsal etdiyi malları almış və üzərinə öhdəlik götürmüşdür ki, həmin malların dəyərini MMC-yə sonradan ödəyəcəkdir. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, malların dəyərini təşkil edən 10.880 manat məbləğində pulu MMC-yə ödəməmişdir. İddiaçı MMC tələbini əsaslandıran halların mövcudluğu ilə bağlı xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxna” istinad edir və həmin aktın surətini iddia ərizəsinə əlavə etmişdir. Apellyasiya baxışı zamanı Məhkəmənin tələbi ilə MMC-nin nümayəndəsi qeyd edilən aktın əslini Məhkəməyə təqdim etmişdir. Həmin aktdan görünür ki, “X3” MMC-nin (hazırda İddiaçı MMC) əməkdaşları ilə cavabdeh bu aktı ona görə tərtib etmişlər ki, cavabdeh etiraf edir ki, onun MMC-yə 10.880 manat qalıq kreditor borcu mövcuddur. Aktda cavabdehin adının qarşısındakı imzanın həqiqətən də cavabdeh tərəfindən icra edilib-edilməməsini yoxlamaq məqsədi ilə Məhkəmə qəbul etdiyi qərardad ilə iş üzrə məhkəmə-xətt ekspertizası təyin etmiş və icra edilməsi üçün qərardadı xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın” əsli və iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Cavabdeh apellyasiya baxışı iclaslarında iştirak etmədiyi üçün imza nümunələrinin götürülməsi mümkün olmamışdır. Buna görə də cavabdeh tərəfindən Rayon Məhkəməsində şəxsən icra olunmuş “mülki iş üzrə məhkəmə bildirişinin kötüyü”nündəki (iş v. 66) imza cavabdehin sərbəst imza və xətt nümunəsi kimi ekspertə təqdim edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3441 saylı rəyindən görünür ki, mülki iş üzrə məhkəmə bildirişinin kötüyündə “Kimə” qrafasındakı “Cavabdeh” yazıları, “Qəbul etdi:” qrafasındakı imza ilə xx xxxx 2017-ci il tarixli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnda “Müştəri tərəfindən:” qrafasındakı “imza” sözünün qarşısında olan “Əkbərov” yazısı və imza eyni şəxs tərəfindən icra olunmuşdur. Bunu və Azərbaycan Respublikası Mülki Məcəlləsində nisyə alğı-satqı zamanı müqavilənin mütləq yazılı surətdə bağlanmalı olması barədə müddəanın olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı MMC ilə cavabdeh arasında nisyə alğı-satqı münasibətləri mövcud olmuşdur və MMC üzərinə düşən öhdəliyi yerinə yetirərək alğısatqının predmeti olan malları cavabdehə vermişdir. Cavabdeh isə şifahi qaydada bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxx” üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə MMC-yə ödəməli olduğu 10.880 manat məbləğində pulu MMC-yə ödəməkdən yayınmışdır. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, xxxxxxxxxxxxxxxxxxxxxnə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə mülki məsuliyyət daşıyır və bu səbəbdən ondan 10.880 manat məbləğində pul tutularaq MMC-yə ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi qeyd edilən bu tələbi təmin etməməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin qətnaməsinin müzakirə edilən bu hissəsinə aid dəlilləri əsaslıdır, formal mülahizə xarakteri daşımır. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş digər tələbi – “əldən çıxmış fayda olaraq qətnamənin tam icra ediləcəyi günədək 10.880 manat məbləğində əsas borca illik 10 faizi miqdarında pul məbləğinin hesablanaraq cavabdehdən MMC-nin xeyrinə tutulması barədə” tələbi təmin etməmiş Rayon Məhkəməsi, gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, əsas borcun tutulması barədə tələb təmin edilmədiyindən həmin tələbdən törəmə olan bu tələb də təmin edilə bilməz. Məhkəmə qeyd edilən bu nəticə ilə razılaşmır, çünki artıq müəyyən edildi ki, Rayon Məhkəməsi «“Nisyə xxxxxxxxxxxxxxxxxxxxx” üzrə ödənilməmiş qalan 10.880 manat məbləğində pul cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması barədə» tələbi təmin etməməklə səhv nəticəyə gəlmişdir. Müzakirə edilən bu tələbi iddiaçı MMC onunla əsaslandırmışdır ki, MMC-nin fəaliyyəti tikinti materiallarını istehsal edərək satmaq və bundan gəlir əldə etməkdən ibarətdir. Cavabdeh iddiaçı MMC-yə məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla faydalanmışdır. Bunun nəticəsində isə MMC əldə edə biləcək faydadan məhrum olmuşdur. Belə ki, həmin pul vəsaiti MMC istifadə etmiş olsaydı ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. Odur ki, əldən çıxmış fayda olaraq qətnamənin tam icra ediləcəyi günədək 10.880 manat məbləğində əsas borc məbləğinin illik 10 faizi miqdarında pul cavabdehdən MMC-nin xeyrinə tutulmalıdır. Bu tələbin həlli ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Apellyasiya baxışının nəticələri ilə cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi halı sübut olunmamışdır. Buna görə də Məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin oluna bilməz. Odur ki, yuxarıda göstərilənləri, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək «“Nisyə xxxxxxxxxxxxxxxxxxxxx” üzrə ödənilməmiş qalan 10.880 manat məbləğində pul cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması barədə» tələbin təmin edilməsi, “əldən çıxmış fayda olaraq qətnamənin tam icra ediləcəyi günədək 10.880 manat məbləğində əsas borca illik 10 faizi miqdarında pul məbləğinin hesablanaraq cavabdehdən MMC-nin xeyrinə tutulması barədə” tələbin isə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının 1/2 hissəsi MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehə, qalan 1/2 hissəsi isə iddiaçı MMC-nin özünə aid edilməlidir. Bu məqsədlə 22,90 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə verilməsi qət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi və sair tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə xxxxxxxxxxxxxxxxxxxxx üzrə” ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə Cavabdeh 10.880 (on min səkkiz yüş səksən) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı MMC tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumlarının 1/2 hissəsi cavabdehə aid edilsin. Bu məqsədlə 22 (iyirmi iki) manat 90 (doxsan) qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar