Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5190/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 ona vurduğu ziyana görə 8.000 manat pulun və 30 manat dövlət rüsumu, cəmi 8.030 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 19 saylı evin 3 saylı mənzili ona məxsusdur. Həmin mənzili təmir etmək məqsədi ilə usta axtaran zaman qonşusu X5 onu Cavabdeh Nobatali oğlu ilə tanış etmiş və həmin şəxsin usta olmaqla bütün işləri bacardığını bildirmişdir. O və onun atası cavabdehlə danışaraq evin təmir edilməsini ona həvalə etmişlər. Cavabdeh evin işıq sistemini, santexnik işlərini və təmir üçün lazım olan bütün işləri etməyi öhdəsinə götürmüş, ilkin olaraq cavabdeh ondan 500 manat pul almış və təmir işlərinə başlamışdır. Sonradan o, cavabdehe hər 3-5 gündən bir 50 və ya 100 manat olmaqla cəmi 2.200 manat pul vermişdir. Cavabdeh ona məxsus evdə müəyyən təmir işləri gördükdən sonra evə oboy, döşəməyə laminad vurmaq istəyərkən və evə qapıları qoymaq istəyərkən müəyyən edildi ki, cavabdeh evdə təmir işlərini tam keyfiyyətsiz etmişdir. Cavabdehin təqsiri üzündən ona xeyli miqdarda ziyan dəymiş, evin yenidən təmirə ehtiyacı vardır. Cavabdehin təqsiri üzündən o, cavabdehin etdiyi təmir işlərini yenidən etdirməklə ona 8.000 manat məbləğində ziyan dəymişdir. Belə ki, o, cavabdehə 2.200 manat nağd verməklə qalan pula da materiallar alıb. Cavabdehin təqsiri üzündən aldığı bütün tikinti üçün lazım olan materiallar zay edilmişdir. Hazırda o, həmin evi yenidən təmir etdirib. Bu barədə çəkiliş etməklə evin əvvəlki vəziyyətini diskə köçürüb. Həmin ünvanda yerləşən MKİS-nin işçiləri gələrək bu barədə akt tərtib etmişlər. Tikinti materialları almağına dair müvafiq sənədlər də mövcuddur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 ümumilikdə 4.060 (dörd min altmış) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X4 apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi onun hüquqlarını pozmuşdur. İddiaçı ilə aralarında olan razılığa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 19 saylı evin 3 saylı mənzilində təmir işləri görməli idi. Aralarında olan razılığa əsasən, işlər mərhələ-mərhələ görülməli idi və o, hər mərhələ üçün ayrıca pul almalı idi. Təmir işlərinə ilkin olaraq evin elektik xəttlərinin çəkilməsi, santexnik işlərinin görülməsi, kafel və metlağın vurulması, istilik sisteminin çəkilməsi, tavanın vurulması, zirzəmiyə qapı açılması və pilləkənin yığılması, dəhlizin rənglənməsi, çöl qapının kafellənməsi işlərindən başlanıldı. Bu işlərin görülməsi üçün iddiaçı ona ümumilikdə 2.488 manat məbləğində pul verməli idi. İddiaçıdan 2018-ci ilin dekabr ayında 1.555 manat məbləğində pul almışdır. 2019-cu ilin mart ayına qədər yuxarıda qeyd edilən işləri tamamlamış, buna baxmayaraq, iddiaçı ona ödənişin qalan hissəsini ödəməmişdir. İddiaçının ödəniş etməyəcəyindən əmin olduqdan sonra işlərin görülməsini dayandırmış və bundan sonra bir daha həmin mənzilə daxil olmamışdır. Mməhkəmə dəymiş zərərin həqiqətən onun təqsirindən dəyməsi faktını müəyyən etməmişdir. Belə ki, o, sonuncu dəfə həmin mənzildə 08.03.2019-cu il tarixində olmuş, iddiaçı isə 03.04.2019-cu il və 13.04.2019-cu il tarixdə iki müxtəlif akt tərtib etmiş, həmin aktlar onun iştirakı olmadan tərtib olunmuşdur. Bakı şəhəri,Nəsimi rayonu 33 saylı MKİS-in 26.03.2019-cu il tarixli, “Mətanət A” şirkəti tərəfindən 03.04.2019-cu il tarixli və “FERSAM” şirkəti tərəfindən 13.04.2019-cu il tarixli aktında qeyd edilmişdir ki, dəymiş zərər məhz onun yanlış iş görməyi nəticəsində vurulmuşdur. Həmin aktların tərtib olunmasının üzərindən xeyli müddət keçmiş, bu müddət ərzində iddiaçı özü görülən işlərə müdaxilə edə bilərdi. Belə ki, vurulmuş suvaq o halda tökülə bilərdi ki, ona kənar müdaxilə olsun və suvağın düzgün şəkil alması üçün müəyyən müddət ərzində lazımi şərait təmin olunmasın. 08.03.2019-cu il tarixindən o həmin mənzildə olmadığımdan, həmin şəraitin təmin olunması iddiaçının ixtiyarında qalmışdır. Bu səbəbdən də, məhkəmə ilk növbədə dəyən zərərin məhz onun tərəfindən vurulduğu faktını müəyyən etməli idi. İddiaçı 2020-ci ilin əvvəlində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, təmir işlərinin onun tərəfindən görülməsinin üzərindən ən azı 8 ay müddət keçmişdir. Bu müddət ərzində həmin mənzildə nələrin baş verdiyini, təmir işlərinin kimin tərəfindən yararsız hala salındığını müəyyən etmək mümkün deyildir. Mülki iş materiallarından da görünür ki, tələb olunan məbləğ tamamilə şişirdilmiş, ağlabatan olmayan məbləğdir. Təmir işlərinin ümumilikdə həmin məbləğdə başa gəlməsi reallığı əks etdirmir. Ekpertin rəyi ilə razı olmasa da, məhkəmə etirazını nəzərə almamış, ekspert sözügedən mənzilə yerli baxış edərkən onun iştirakı təmin olunmamış, ekspert rəyi hələ də ona təqdim edilməmiş, ekspertin nəyə əsaslanaraq belə qənaətə gəliyini müəyyən edə bilməmişdir. Belə ki, məhkəmə ekpertin rəy verdiyini bildirmiş, ondan dərhal sonra isə yekun qərarını elan etmişdir. Buna etiraz etsə belə, bu hal nəzərə alınmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, verdyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh İltimas Qənbərov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdeh İltimas Qənbərov tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh İltimas Qənbərov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı ona məxsus mənzilin təmir olunması ilə bağlı cavabdeh İltimas Qənbərovla şifahi formada razılığa gəlmiş, cavabdeh iddiaçıya məxsus mənzili təmir etməyi, iddiaçı isə görülmüş işin müqabilində şərtləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəsinə götürdüyü öhdəliyi icra edərək, şərtləşdirilmiş muzd qismində cavabdehə ümumilikdə 1.555 manat pul vəsaitini ödəmiş, cavabdeh isə öz üzərinə götürdüyü iddiaçıya məxsus mənzili təmir etməkdən ibarət işin görülməsinə dair öhdəliyi keyfiyyətsiz icra etmiş, iddaçı sonradan evi başqa ustalara təmir etdirmiş, nəticədə iddiaçıya ziyan vurmuşdur və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 752, 765 və 771-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İltimas Qənbərov qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh İltimas Qənbərovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh İltimas Qənbərovun apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 19 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. (İ.v. 7) İş materiallarına əlavə olunmuş “FERSAM” şirkəti tərəfindən tərtib edilmiş 13.04.2019-cu il tarixli AKT-dan görünür ki, “Fersam BetonKontakt” məhsulu İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 19 saylı evin 3 saylı mənzilində təmir işləri apararkən usta X4 tərəfindən düzgün istifadə olmadığından həmin material sıradan çıxıb, bütün səth qoparaq yerə tökülüb. (İ.v. 5) İş matеriallarında olan, “Mətanət A” şirkəti tərəfindən tərtib edilmiş 03.04.2019-cu il tarixli AKT-ın surətindən görünür ki, usta X4 tərəfindən “Ak dəniz siva” məhsulunu İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 19 ev, 3 mənzilinə təmir işləri apararkən düzgün istifadə olmadığından həmin material sıradan çıxıb. (İ.v. 6) İş matеriallarında olan, Bakı şəhəri, Nəsimi rayonu 33 saylı MKİS-i tərəfindən tərtib edilmiş 26.03.2019-cu il tarixli aktdından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 19 saylı evin 3 saylı mənzilində təmir işləri apararkən təmir ustası X4 tərəfindən küllü miqdarda ziyan vurulmuşdur. (İ.v. 8) İş matеriallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə tikinti-texniki ekspertizasının 10/2924 saylı, 18 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 19 saylı evin 3 saylı mənzili faktiki təmirli vəziyyətdədir. Lakin, mülki iş materialına əlavə olunmuş 33 saylı MKİS-in 26.03.2019-cu il tarixli AKT-ın, “Mətanət A” şirkəti tərəfindən 03.04.2019-cu il tarixli AKT-ın, “FERSAM” şirkəti tərəfindən 13.04.2019-cu il tarixli AKT-ın məlumatlarını nəzərə alaraq, cavabdeh X4 tərəfindən keyfiyyətsiz təmir nəticəsində İddiaçı məxsus 3 saylı mənzilin divarları, tavanı, elektrik, santexnika və döşəmənin taxtası üzrə keyfiyyətsiz işlərin aparılması səbəbindən əmələ gəlməsi müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 19 saylı evin 3 saylı mənzilində aparılan keyfiyyətsiz təmir nəticəsində mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 2.505,0 manat məbləğində müəyyən edilir. (İ.v. 42-44) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 762-ci maddəsinə əsasən: 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzildə cavabdeh tərəfindən müqavilə ilə şərtləşdirilib görülmüş keyfiyyətsiz işlər nəticəsində vurulmuş ziyanın miqdarının məhkəmə tikinti-texniki ekspertizasının 10/2924 saylı, 18 yanvar 2021-ci il tarixli rəyinə uyğun, yəni 2.505 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İltimas Qənbərov apelyasiya şikayətində dəymiş zərərin məhz onun yanlış iş görməyi nəticəsində vurulduğu barədə tərtib olunmuş aktların tərtib edilməsindən xeyli müddət keçdiyindən, bu müddət ərzində iddiaçının özünün görülən işlərə müdaxilə edə biləcəyini, (vurulmuş suvaq o halda tökülə bilərdi ki, ona kənar müdaxilə olsun və suvağın düzgün şəkil alması üçün müəyyən müddət ərzində lazımi şərait təmin olunmasın), məhkəmə dəyən zərərin məhz onun tərəfindən vurulduğu faktını müəyyən etmədiyini, uzun müddət keçdiyindən təmir işlərinin kimin tərəfindən yararsız hala salındığının müəyyən edilməsinin mümkünsüz olduğunu, həmçinin tələb olunan məbləğin şişirdildiyini göstərsə də, qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh İltimas Qənbərov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsədə, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh İltimas Qənbərovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh İltimas Qənbərovun apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-57/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5190/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5190/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver