Məhkəmə qərarları › İş №2(103)-5193/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5193/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5193/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sabir oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5193/2023 (Açar sözlər: aliment məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2646/2023 saylı 12 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2019cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4261/2022 saylı qətnaməsi ilə, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4198/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2019-cu il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4261/2022 saylı qətnaməsi ilə tutulan 193 manat alimentin artırılaraq birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4261/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193 manat məbləğində alimentin dəyişdirilərək 220 manat məbləğində müəyyən edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4261/2022 qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(001)4198/2021 saylı qətnaməsi ilə müəyyə edilmiş alimentiin miqdarının dəyişdirilməklə xx.xx.2019-cu il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda övladının maddi tələbatları artmışdır və onun tələbatlarını tək ödəyə bilmir. Cavabdehin verdiyi aliment həmin ehtiyacların qarşılanmasına çatmır. Maddi cəhətdən çətinlik çəkir. Özü tək qadındır. Əlavə gəlir yeri yoxdur. Buna görə də, alimentin artırılmasına ehtiyac vardır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(001)- 2646/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 4261/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 56.1, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ondan aylıq qazancının dörddə bir hissəsi miqdarda aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayətində göstərilmişdir ki, o, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində vaxtamuz işləyir və aylıq maaşı 345 manat təşkil edir. Məhkəmə iclasında onun aylıq maaşının 345 manat təşkil etməsi müəyyən edilsə də, bu hal məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

12. Maddə 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

26. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

27. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir.

28. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, əvvəla iddiaçı aliment məbləğini sabit pul məbləğində tutulmasını xahiş etmiş, digər tərəfdən cavabdehin əmək haqqının (345 manat) dörddə bir həcmində alimentin tutulması uşağın artan xərclərinin ödənilməsində, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasında, çox aşağı məbləğdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi Cavabdeh sabit pul məbləğində hər ay 220 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir.

30. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2646/2023 saylı iş üzrə 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar