Məhkəmə qərarları › İş №2(103)-5196/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5196/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5196/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə nikahından doğulmuş 2 uşağın – xx.xx.2008-ci il təvəllüdlü Rövşən və xx.xx.2010-cu il təvəllüdlü Hakanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi (iş № 2(001)-1878/2023) ilə cavabdehdən onun xeyrinə tutulan sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər uşağa görə 235 manat, cəmi isə 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə hər uşağa görə tutulan 125 manat məbləğində aliment uşaqların saxlanılması, artan xərclərinin qarşılanması üçün artıq kifayət etmir. 2024-cü ildə uşaqları üçün yaşayış minimumun 235 manat həddində müəyyən edilmişdir. Buna görə də, alimentin məbləği artırılmalıdır. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, o, övladları üçün təyin edilmiş alimenti vaxtlı-vaxtında ödəmiş, aliment borcu yoxdur. Həmin uşaqlardan başqa cavabdehin daha 2 övladı var və onlardan 1-nin də saxlanılması üçün ondan aliment tutulur. Hazırda onun gündəlik qazancı 23 manat təşkil edir. Bu səbəbdən daha artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. Göstərilənlərə əsasən o, iddianı əsassız hesab edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin ayrı-ayrı qadınlardan 4 övladı var. Onlardan biri, yəni xx.xx.2018-ci il təvəllüdlü Onurdur. Onurun anası vəfat etdiyindən, azyaşlı Onur hazırda cavabdehin himayəsindədir. Cavabdeh digər övladı xx.xx.2023-cü il təvəllüdlü Özgürün saxlanılması üçün hər ay 220 manat aliment ödəyir. Bundan başqa Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və iddia ərizəsində göstərilən qətnaməsi qüvvəyə mindikdən sonra cavabdehin gəliri, əmlakı, yaşayış səviyyəsi və digər qazanc mənbəyində artımla bağlı dəyişiklik olmamışdır. İddiaçı isə "xxxx" MMC-də menecer, tibb praktikası vəzifəsində işləyir. Göründüyü kimi tutulan alimentin məbləğinin artırılması üçün əsas yaranmamışdir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.

12. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, nikahdan 2 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdeh ayrılmışlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi (İş № 2(001)-2303/2013) ilə onların arasındakı nikahın pozulması, nikahın pozulmasından sonra hər iki uşağın hazırkı iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 93 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

13. Daha sonra iddiaçının iddiası əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi (iş № 2(001)-1878/2013) ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Rövşən və xx.xx.2010-cu il təvəllüdlü Hakanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşağa görə 125 manat həcmində müəyyən edilmişdir.

14. Bundan başqa, işdə olan sənədlərə və cavabdehin məhkəməyə verdiyi məlumata əsasən məlum olur ki, hazırkı iş üzrə cavabdeh (hazırkı iş üzrə tərəf olmayan) X2 ilə rəsmi nikaha daxil olmuş, onların nikahından xx.xx.2018-ci il təvəllüdlü Onur adlı uşaqları olmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür.

15. Daha sonra cavabdeh və (hazırkı iş üzrə tərəf olmayan) X4 xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmilləşdirərək, ailə qurmuşlar. Cavabdehin bu nikahdan 1 övladı doğulmuşdur – xx.xx.2023-cü il təvəllüdlü Özgür. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi (İş № 2(001)-2648/2024) ilə həmin nikah pozulmuşdur.

16. İşin hallarından müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh ilə Vəfa Əliyeva arasında mediasiya təşkilatında “Barışıq sazişi” bağlanmışdır. “Sazişi” bağlamış şəxslər razılığa gəlmişlər ki, azyaşlı Özgür anasının yanında qalır və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh hər ay 220 manat məbləğində alimenti Vəfa Əliyevaya ödəməlidir.

17. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi əsasında cavabdehdən onun xeyrinə hər ay tutulmalı olan alimentin məbləğinin “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq artırılaraq hər uşağa görə 235 manat məbləğində müəyyən edilməsini xahiş edir.

18. Buna etiraz edən cavabdeh isə bildirir ki, iddiaçı ilə birgə nikahdan olan övladlarından başqa xx.xx.2018-ci il təvəllüdlü Onur və xx.xx.2023-cü il təvəllüdlü Özgür adlı daha 2 övladı var. Onlardan 3-nün saxlanılması üçün aliment ödəyir. Aylıq qazançı isə daha artıq məbləğdə aliment ödəməyə imkan vermir.

19. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).

21. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

22. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34; bənd 4.).

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

24. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

25. Məhkəmə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə qətnamə qəbul etdikdən sonra ölkədə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Hazırki işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 235 manat olmuşdur.

26. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin maddi vəziyyətinin ağır olması isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış edir, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Bu mənada xüsusi ilə diqqət yetirilməlidir ki, uşağın yaşayışı yalnız minimum istehlak səbətinin təmin edilməsi ilə deyil, onun tərbiyə və inkişafında təhsil, mənzil, tibbi yardım və sair hüquqlarının, o cümlədən mənəvi inkişafın təmin edilməsinə aid məsrəflər də nəzərə alınmalıdır. Ona görə uşağın minimum təminat səviyyəsinə uyğun Məhkəmə hesab edir ki, minimum yaşayış həddi, uşağın saxlanılması üçün minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması, digər zəruri tələbatlarının təmin edilməsi ilə bağlı valideyn öhdəlikləri üzrə vəzifə bərabərliyi baxımından sübutetmə yükü tərəflərin üzərinə düşür.

27. Məhkəmə hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşağın artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur.

28. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin aylıq gəlirinin aşağı olması, iddiaçının isə işləməsi barədə dəlili cavabdehin övladlarını əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaqdan, övladlarının əlavə xərclərində iştirak etməkdən azad etmir, bu cavabdehin bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. h) apellyasiya baxışının nəticəsi

29. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin qətnamənin dəlilləri əsaslıdır.

30. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

31. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

33. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə iddianın qiyməti ((470 - 250) x 12 =) 2.640 manat təşkil edir.

34. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ

İddiaçı apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiası təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi (iş № 2(001)-1878/2023) ilə 21 may 2008-ci il təvəllüdlü Rövşən və 25 oktyabr 2010-cu il təvəllüdlü Hakanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulan sabit pul məbləğində alimentin miqdarı artırılsın və hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi isə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Bu qaydada aliment Cavabdeh İddiaçı xeyrinə 24 sentyabr 2024-cü il tarixdən tutulsun. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar