Məhkəmə qərarları › İş №2(103)-5198/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5198/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5198/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı ona (iddiaçıya) məxsus “X3 S” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız vəziyyətə düşməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 50.404 manat, avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə mütəxəssislərə çəkilmiş xərcin əvəzi olaraq 500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 243 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh, “Mitsubishi Pajero” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və cavabdehin idarə etdiyi avtomobil iddiaçıya məxsus “X3 S” markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə zamanı iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. Qeyd edilən yol-nəqliyyat hadisəsi polis orqanları tərəfindən araşdırılmış və nəticədə cavabdeh həmin hadisənin törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi baş verdikdən sonra iddiaçıya məxsus avtomobilə mütəxəssislər tərəfindən baxış keçirmiş və müəyyən olunmuşdur ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün ümumilikdə 55.404 manat məbləğində vəsait tələb edilir. İddiaçıya məxsus avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilməsi üçün iddiaçı 500 manat xərc çəkmişdir. İddiaçıya dəymiş zərərin bir hissəsi, yəni 5.000 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Dəymiş maddi zərərin qalan hissəsinin, yəni 50.404 manat məbləğində pulun ödənilməsi ilə bağlı iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh iddiaçının tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 243 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 35.460 manat, avtomobilə baxış keçirilib dəymiş zərərin müəyyən edilməsi üçün iddiaçının çəkdiyi xərcin 50 manat hissəsinin iddiaçının özünə, qalan hissəsinin cavabdehə aid edilməsini, bunun üçün cavabdehdən iddiaçının xeyrinə 450 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin iddiaçının özünə, qalan hissəsinin cavabdehə aid edilməsini, bunun üçün cavabdehdən iddiaçının xeyrinə 213 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 100 manatın ödənilməsi məqsədi ilə iddiaçıdan 30 manat, cavabdehdən isə 70 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh etibarnamə əsasında “Mitsubishi Pajero” markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş, cavabdehin idarə etdiyi avtomobil iddiaçıya məxsus “X3 S” markalı avtomobil ilə toqquşmuş, bunun nəticəsində iddiaçıya məxsus avtomobil zədələnərək istismara yarasız vəziyyətə düşmüşdür. Cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı, "xxxx" MMC tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli “qüsur aktına” istinad edərək bildirir ki, ona dəymiş zərər 55.407 manat məbləğindədir. Həmin zərərdən 5.000 manat sığorta şirkəti tərəfindən ona ödənildiyi üçün qalan 50.407 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli, 9/1610-8/650 №-li rəyində göstərilir ki, iddiaçıya dəymiş və ödənilməmiş qalan zərər 35.460 manat məbləğindədir. Odur ki, iddia qismən təmin edilməli və iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 35.460 manat məbləğində pul tutulmalıdır. İddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün çəkdiyi xərclərin bir qismi iddiaçının özünə aid edilməlidir. Buna görə də, avtomobilə baxış keçirilib dəymiş zərərin müəyyən edilməsi üçün iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 450 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 213 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi hesabata görə 100 manat təşkil edir. İddia qismən təmin edildiyi üçün ekspertiza xərcinin 30 manat hissəsi iddiaçıdan, 70 manat hissəsi isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydə iddiaçıya məxsus avtomobilin hansı hissələrinə zərər vurulması cavablandırılmamışdır. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim olunmuş “Qüsur aktında” iddiaçıya məxsus avtomobilin təmirə zərurət yaranan ehtiyat hissələri və onların dəyəri öz əksini tapsa da, həmin hissələrin məhz cavabdehin törətdiyi yol-nəqliyyat zamanı zədələnməsi barədə heç nə göstərilməmişdir. İşdə bununla bağlı ümumiyyətlə hər hansı sübut yoxdur. Qeyd edilənlər cavabdehin iddiaçıya qarşı delikt törətməsini şübhə altına alır. Təmirə ehtiyacı olan ehtiyat hissələrinin yol-nəqliyyat hadisəsindən əvvəl də zədələnməsi ehtimalı vardır. Həmin halın araşdırılması ilə bağlı cavabdeh tərəf ekspertizanın təyin olunması barədə vəsatət versə də, Rayon Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, vəsatəti təmin etməmiş və iş üzrə iddianın qismən də olsa təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. Cavabdeh, işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş və bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

8. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının həddi barədə məlumat

10. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə Rayon Məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan məlum olur ki, cavabdeh də iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir, o, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

11. Məhkəmə bildirir ki, (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.2023-cü il tarixdə cavabdeh, “Mitsubishi Pajero” markalı **- SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və cavabdehin idarə etdiyi avtomobil iddiaçıya məxsus “X3 S” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə zamanı iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. Qeyd edilən yol-nəqliyyat hadisəsi Bakı Şəhər DYPİ YNH tərəfindən araşdırılmış, cavabdeh həmin hadisənin törədilməsində təqsirli bilinmiş və Bakı Şəhər DYPİ YNH tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunmuşdur.

15. Qeyd edilən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra "xxxx" MMC-nin mütəxəssisləri iddiaçıya məxsus avtomobilə baxış keçirmiş və müəyyən etmişlər ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün ümumilikdə 55.407 manat məbləğində vəsait tələb edilir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə “Qüsur aktı” verilmişdir.

16. İşdə olan sənədlərdən görünür ki, qiymətləndirmə xidmətinin həyata keçirilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 500 manat ödənilmişdir. İddiaçının bildirdiklərindən isə məlum olur ki, hadisə ilə əlaqədar sığorta şirkəti tərəfindən ona 5.000 manat ödənilmişdir.

17. İddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1610-8/650 saylı rəyini almışdır.

18. Məhkəmə Ekspertizası Mərkəzinin həmin rəydən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Qüsur aktındakı” məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus 2013-cü il buraxılışlı “Aston Martin” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 55.407 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 53.337 manat; təmir-bərpa işlərinin qiyməti – 2.070 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 10 il (2013-2023) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 35.460,0 manat müəyyən edilir /53.337,00 – 4% /-9 dəfə. “Qüsur aktındakı” məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus həmin avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 37.530 manat müəyyən edilir. Respublikada şəhərində yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 2013-ci il buraxlışlı “Aston Martin" markalı “Rapide S” modelli avtomobilin normal vəziyyətdə 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140.000,0 manat müəyyən olunur.

19. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh tərəf həmin rəylə razılaşmadığını bildirir və bunu onunla əsaslandırır ki, yuxarıda qeyd edilən MMC-nin verdiyi “Qüsur aktında” qeyd olunan təmirə ehtiyacı olan ehtiyyat hissələrinin məhz xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşməsi iş materialları ilə təsdiq olunmur. Həmin ehtiyat hissələrin məlum yol-nəqliyyat hadisəsindən əvvəl də zədələnməsi istisna edilmir.

20. Bununla bağlı Məhkəmə qeyd edir və iş materialları ilə təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdə “Aston Martin” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil idiaçının idarəçiliyində olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Başqa sözlə yolnəqdiyyat hadisəsi baş vediyi məqamda həmin avtomobil istismara yararlı vəziyyətdə olmuşdur. Qeyd olunan hadisədən sonra "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən avtomobilə baxış keçirilmiş və baxışın nəticəsi olaraq “Qüsur aktı” tərtib olunmuşdur. Qüsur aktında hadisə nəticəsində zədələnmiş ehtiyyat hissələrin adı, onların yararlı vəziyyətə gətirilməsi üçün dəyəri müəyyən edilmişdir. İddiaçıya məxsus avtomobil təmir olunduğuna görə, Məhkəmə Ekspertizası Mərkəzi MMC-nin verdiyi “Qüsur aktına” əsaslanaraq iş üzrə rəy vermişdir.

21. “Qüsur aktında” qeyd olunan və təmir-bərpa işləri tələb olunan ehtiyyat hissələrin xx.xx.2023-cü il tarixdən əvvəl də zədələnməsi ehtimalının olduğunu iddia edən cavabdeh, bu dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Çünki MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Bu baxımdan Məhkəmə hesab edir ki, işdə olan qüsur aktında və ekspert rəyində adları göstərilən ehtiyat hissələri cavabdehin təqsiri üzündən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zədələnmişlər.

23. Bundan başqa Məhkəmə nəzərə alır ki, cavabdeh tərəf "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli “Qüsur aktında” və Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərilənləri, o cümlədən iddiaçıya məxsus avtomobilin yaralı vəziyyətə gətirilməsi üçün zəruri olan məbləği mübahisələndirməmiş, aktı və rəyi şübhə altına ala biləcək sübutları (məsələn: avtomobillərin təmiri sahəsində fəaliyyət göstərən hər hansı başqa şirkətin mütəxəssislərinin verdiyi qiymətləndirmə hesabatını və s.) məhkəmələrə təqdim etməmişdir.

24. Buna görə də Məhkəmə iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli rəyin əsaslılığını şübhə altına ala biləcək hər hansı xüsusatın olmadığını nəzərə alaraq rəyi etibarlı sübut kimi qəbul edir və rəyə əsasən müəyyən edir ki, iddiaçıya dəymiş və ödənilməmiş qalan zərər 35.460 manat məbləğindədir.

25. Odur ki Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyə əsasən müəyyən etməkdə və həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməkdə haqlı olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

26. Bununla da Müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilləri əsassızdır.

27. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qeyd etmişdir ki, avtomobilə baxış keçirilib dəymiş zərərin müəyyən edilməsi üçün iddiaçının çəkdiyi xərcin 50 manat hissəsi iddiaçının özünə, qalan hissəsi cavabdehə aid edilsin, bunun üçün cavabdehdən iddiaçının xeyrinə 450 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi iddiaçının özünə, qalan hissəsi cavabdehə aid edilsin, bunun üçün cavabdehdən iddiaçının xeyrinə 213 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 100 manatın ödənilməsi məqsədi ilə iddiaçıdan 30 manat, cavabdehdən isə 70 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin.

28. Məhkəmə, MPM-in 107, 115 və 119-cu maddələrinin tələblərinə əsaslanaraq Rayon Məhkəməsinin qeyd edilən bur nəticəsi ilə də razılaşır.

29. Belə ki, MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Ekspertlərə və mütəxəssislərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). g) apellyasiya baxışının nəticəsi

30. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

34. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən iddiaçı apellyasiya şikayəti vermədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

35. Cavabdehin verdiyi apellyasiya şikayəti işə təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2024-cü il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar