Məhkəmə qərarları › İş №2(103)-52/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-52/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-52/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı «Pakistan Milli Bankı»nın Bakı Filialının nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsindən cavabdeh X6tərəfindən verilmiş apellyasiya şikayətnə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «Pakistan Milli Bankı»nın Bakı Filialı cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, «Pakistan Milli Bankı»nın Bakı Filialı ilə X6 arasında bağlanmış 12 oktyabr 2012-ci il tarixli 255 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 39328 manat 71 qəpik əsas borcun, 22392 manat 10 qəpik faiz borcunun, cəmi 61720 manat 81 qəpik borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15 kv/m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə (9 saylı mağaza) yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Pakistan Milli Bankı»nm Bakı Filialı ilə borcalan X7 arasında bağlanmış 12 oktyabr 2012-ci il tarixli 255 saylı kredit müqaviləsinə əsasən X4 illik 17% dərəcəsi olmaqla 36 ay müddətinə 53000 (əlli üç min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq “Pakistan Milli Bankının” Bakı Filialı ilə X7 arasıda bağlanmış 24 fevral 2010-cu il tarixli 35 saylı ipoteka müqaviləsinə əsasən X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan, ha torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15.0 kv.m ümumi, 15 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (9 saylı mağaza) Banka ipotekaya qoyulmuş və bu barədə X7 ilə Bank arasında 24 fevral 2010-cu il tarixli 35 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair 12 oktyabr 2012-ci il tarixli notarial qaydada razılaşma imzalanmışdır (qeyd olunan xüsusi mülkiyyətin yüklülüyünə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarış alınmışdır). X7 bu günədək sözügedən kreditin əsas məbləğindən 14620 (on dörd min altı yüz iyirmi) manat 46 qəpik, faiz məbləğindən 19156 (on doqquz min yüz əlli altı) manat 69 qəpik, cəmi 33777 (otuz üç min yeddi yüz yetmiş yeddi) manat 15 qəpik məbləğində qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən X4 müraciətlər edilmiş, lakin X7 verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 12 oktyabr 2012-ci il tarixli 255 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə - 39791,13 manat, faiz borcu üzrə - 21214,20 manat, cəmi 61005,33 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat Cavabdeh2, X7 və İlyasov Kamran Nəcməddin oğlundan müştərək qaydada «Pakistan Milli Bankı»nın Bakı filialının xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15 kv/m əsas sahədən ibarət qeyriyaşayış sahəsinə (9 saylı mağaza) açıq hərrac yolu ilə satılmaqla ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaiti hesabına 12 oktyabr 2012-ci il tarixli 255 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə - 39791,13 manat, faiz borcu üzrə - 21214,20 manat, cəmi 61005,33 manat və 30 manat dövlət rüsumuna görə, ümumilikdə 61035,33 manatın iddiaçı «Pakistan Milli Bankı»nın Bakı filialının xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh X4 qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manatın cavabdehlərdən alınıb dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X6 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması ilə qətnamə qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi il tarixli qətnaməsi ləğv edilməlidir. Cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «Pakistan Milli Bankı»nın Bakı Filialının nümayəndəsi X8 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “Pakistan Milli Bankının” Bakı Filialı ilə X7 arasında bağlanmış 12 oktyabr 2012-ci il tarixli 255 saylı kredit müqaviləsinə əsasən, X4 illik 17% dərəcəsi olmaqla 36 ay müddətinə 53000 (əlli üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olanX7 ilə Bank arasında 24 fevral 2010-cu il tarixli, 35 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair 12 oktyabr 2012-ci il tarixli notarial qaydada razılaşmaya əsasən, hazırki razılaşma ilə ipoteka saxlayan və ipoteka qoyan razılığa gəlirlər ki, tərəflər arasında bağlanmış 24 fevral 2010-cu il tarixli 35 saylı ipoteka müqaviləsinin müddəti “Pakistan Milli Bankının”Bakı filialı ilə X7 arasında bağlanmış 12 oktyabr 2012-ci il tarixli 255 saylı kredit müqaviləsi üzrə öhdəliklərin X7 tərəfindən tam icra olunması tarixinə qədər uzadılmışdır. İş materiallarında olan “Pakistan Milli Bankının” Bakı Filialı ilə Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış 12 oktyabr 2012-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Borclu bank qarşısında oz öhdəliklərini lazımi qaydada icra etmədiyi təqdirdə, zaminlər bütün mənsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan “Pakistan Milli Bankının” Bakı filialının 10 dekabr 2015-ci il tarixli arayışından müəyyən olunur ki, X2 12 oktyabr 2012-ci il tarixli 255 saylı kredit müqaviləsi üzrə 10 dekabr 2015-ci il tarixinə əsas məbləğ üzrə - 39328,71, faiz 2392,10 manat, cəmi, 61720 (altmış bir min yeddi yüz iyirmi) manat 81 qəpik məbləğində borcu vardır. İş materiallarında olan “Pakistan Milli Bankının” Bakı filialı tərəfindən X4 ünvanlanmış 30 sentyabr 2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu tez bir zamanda banka ödəməsi, əks təqdirdə məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan «Pakistan Milli Bankı»nın Bakı filialı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 30 sentyabr 2015-ci il tarixli ərizədən görünür ki, «Pakistan Milli Bankı»nın xeyrinə ipoteka ilə yüklü olan və X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan - ha torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə (9 saylı mağaza) «ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş»in qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 mart 2008-ci il tarixli MH seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan - ha torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15,0 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (9 saylı mağaza) tam mülkiyyət hüququ üzrə X13yib oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 45 №-li reyestr kitabının 4245 nömrəli vərəqində ********** №si ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 noyabr 2012-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan - ha torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15,0 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (9 saylı mağaza) «Pakistan Milli Bankı»nın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə 45 №-li reyestr kitabının 4245 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan «Pakistan Milli Bankı»nın Bakı filialının müvafiq surətdə qəbzlərinin surətindən görünür ki, X7 tərəfindən «Pakistan Milli Bankı»nın Bakı filialı 16 avqust 2013-cü il tarixdə 1500 manat, 31 iyul 2013-cü il tarixdə 400 manat, 12 oktyabr 2012-ci il tarixdə 31395,46 manat, 28 iyun 2013-cü il tarixdə 2500 manat, 22 noyabr 2012ci il tarixdə 700,00 manat, 05 sentyabr 2013-cü il tarixdə 10000 manat, 06 mart 2013-cü il tarixdə 2400 manat, 04 fevral 2013-cü il tarixdə 1000 manat, 10 yanvar 2013-cü il tarixdə 1500 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2017-ci il tarixli 25953 №li məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, X7 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2012-ci il tarixli 255 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə X2 xx.xx.2016-cı il tarixədək banka olan borcu 61005,33 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə, əsas borc üzrə - 39791,13 manat, faiz borcu üzrə - 21214,20 manat müəyyən edilmişdir. İş materiallarında olan X7 ilə «Pakistan Milli Bankı»nın Bakı filialı arasında xx.xx.2012-ci il tarixli 255 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də tədqiqatla X4 cərimə hesablanmır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə кollegiyası qeyd edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsin əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş borcun məbləği işin faktiki hallarına uyğun olmuşdur. Qeyd olunanlarla yanaşı kollegiya hesab edir ki, iddia tələbinin - tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15 kv/m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə (9 saylı mağaza) yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması ilə bağlı hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. Həmin qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. İşin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış kredit, habelə ipoteka müqavilələrinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələblərinə görə məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda həmin əmlaklar məcburi olaraq qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan cavabdeh X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15 kv/m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin (9 saylı mağaza) hazırda real bazar qiymətinin hansı məbləğdə təşkil etməsini müəyyən olunması üçün hər hansı tədbir görməmişdir. Hazırki icraat üzrə ipoteka predmetinin real bazar qiymətinin hansı məbləğdə təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə rəyinin alınması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2018 saylı, 05 mart 2018-ci il tarixli qərardadı qəbul edilmişdir. Qeyd olunan qərardad əsasında Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən qiymətləndirilmə keçirilmiş və 06 aprel 2018-ci il tarixli MB 11/310 saylı rəyi ilə X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15 kv/m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin (9 saylı mağaza) hazırda real bazar qiymətinin 88000 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətlərindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya şikayətlərinin kredit borcu məbləğinin düzgün hesablanmamasından ibarət dəlilinə münasibətdə məhkəmə kollegiya qeyd edir ki, bu dəlillər əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh borcun məbləğinin reallığı əks etdirməməsini qeyd etsə də buna dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2017-ci il tarixli 25953 №li məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, X7 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2012-ci il tarixli 255 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə X2 xx.xx.2016-cı il tarixədək banka olan borcu 61005,33 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə, əsas borc üzrə - 39791,13 manat, faiz borcu üzrə - 21214,20 manat müəyyən edilmişdir. İş materiallarında olan X7 ilə «Pakistan Milli Bankı»nın Bakı filialı arasında xx.xx.2012-ci il tarixli 255 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ipoteka predmetinin ilkin satış qiymətinin 88000 manat təşkil etməsi müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İpoteka predmeti olan cavabdeh X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 887-ci məhəllədə istifadə olunan torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində, 15,0 kv.m ümumi, 15 kv/m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin (9 saylı mağaza) ilkin satış qiyməti 88000 manat müəyyən edilsin. Qiymətləndiricinin xidmət haqqı olan 150 (yüz əlli manat) manat pul vəsaiti cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1müştərək qaydada alınaraq "xxxx" MMC-nin, H/h № AZ34AZEG********************,VÖEN **********, benefisiar (alan) bank: "xxxx" ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ 75NABZ********************, SWİFT BİK AZEGAZ 22 hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar