Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5200/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-5200/2022 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 20 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı1 İKB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönləndirilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-936/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı1 İKB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönləndirilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında 26 may 2008-ci il tarixli kredit müqaviləsi bağlanmış və bu müavilə ilə iddiaçıya illik 22 faiz olmaqla 36 ay müddətinə 15500 manat məbləğində minik avtomobilinin alınması məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesablanşma hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü maddəsinə əsasən kreditin təyinatı 2008-ci il buraxılışlı Toyot-Yaris markalı, 90CL032 dövlət qeydiyyat nişanlı, qara rəngli minik avtomobilinin alınması olmuşdur. Müqavilənin 1.4-cü maddəsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, müqaviləyə əsasən tərəflərinrazılığı ilə 15500 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüquqi ilə məxsus olan Toyota-Yaris markalı minik avtomobilidir. Kredit müqaviləsinə əsasən, cavabdeh hər ay sabit məbləğdə olmaqla 592 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən riayət edilməmişdir. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən kredit və kredit üzrə faizlər ödəmə qrafikinə əsasən vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka vaxtında ödənilməmiş məbləğə görə gündəlik 0.5% həcmində cərimə ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən, ipoteka qoyan əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və qanunvericiliklə və müqavilədə nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan tələblərin ödənilməsini məhkəmə qərarına əsasən ipoteka predmetinə yönəldir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-936/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1və Cavabdeh2 müştərək qaydada 9800 manat əsas borc, 8781 manat faiz borcu, 1000 manat cərimə, ödənilmiş 20 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: R.D.Əhmədov). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddiaçının möveyini əsas tutmaqla və heç bir araşdırma aparmadan kifayətlənmişdir. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bi sübut təqdim etməmişdir. Məhkəməyə müraciət edilənədək xeyli məbləğdə ödənişlər etmişdir. Lakin, həmin ödənişlər nəzərə alınmamışdır. İşə baxan məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Məhkəmə avtomobilin ilkin satış qiyməti hissəsində subyektiv nəticəyə gəlmişdir. Halbuki, bu məbləğ hazırki real bazar qiymətindən xeyli aşağıdır. 2010-cu ildə avtomobil bank tərəfindən alınaraq başqa şəxsə satılmışdır. Lakin, avtomobilin təhvil alınması barədə rəsmi sənəd verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi O.Məhərrəmov və üçüncü şəxs Ş.Hüseynova apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
16. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Nikoyl İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, sonuncu bankdan xx.xx.2008-ci ildə 15500 manat kredit almış, həmin krediti xx.xx.2011-ci ilə kimi qaytarmaq barədə öhdəlik götürmüş, kreditin təminatı olaraq özünə məxsus olan Toyota Yaris markalı 90CL032 dövlət qeydiyyat nişanlı avtomobili banka ipoteka ilə yüklü etmiş, Cavabdeh2 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcalan öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
21. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş müqaviləyə əsasən xx.xx.2012-ci il tarixinə 9800 manat əsas, 8781 manat faiz, 5800 manat cərimə borcu vardır.
22. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Cavabdeh1 "xxxx" ASC-dən xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 15500 manat məbləğində kredit götürmüşdür.
23. Bank tərəfindən müqavilə üzrə 15500 manatın cavabdehə verilməsi öhdəliyi yerinə yetirildiyi halda, cavabdeh tərəfindən həmin məbləğin 36 aya qaytarılmasından ibarət öhdəliyi yerinə yetirilməmişdir. Bununla da, Cavabdeh1 həm mülki qanunverciliyin, həm də tərəflər arasında olan müqavilənin şərtlərini pozmuşdur.
24. Buna görə, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir.
25. Lakin, cavabdeh apellyasiya şikayətində həm Bank tərəfindən müqavilə üzrə bankın öhdəliklərini yerinə yetirmədiyini, həm də cavabdeh tərəfindən edilən ödənişlərin nəzərə alınmamasını qeyd etmişdir.
26. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Bankın öhdəliyi müqavilə üzrə nəzərdə tutulmuş 15500 manat borc məbləğini cavabdehə verməkdir. Lakin, cavabdeh həm bank tərəfindən borc məbləğinin cavadehə verilməsindən ibarət müqavilə öhdəliyinin yerinə yetirilməməsini, həm də cavabdeh tərəfindən ödənilmiş borcların nəzərə alınmamasını qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, bank tərəfindən cavabdehə təqdim edilməmiş borcların cavabdeh tərəfindən ödənilməsinin iddia edilməsi anlaşılan deyildir və əslində cavabdehin apellyasiya şikayətinin bu dəlili Bankın öz öhdəliyini icra etməsini təsdiq edir.
27. Beləliklə kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, hazırda borc məbləği mübahisələndirilir, həmin məbləğin müəyyən edilməsi isə xüsusi bilik tələb edir. Bu səbəbdən də kollegiya cavabdehin də apellyasiya şikayətində mühasibatlıq ekspertizası keçiriməsinə dair dəlilini də nəzərə almaqla xx.xx.2022-ci il tarixi qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
28. Ekspert qarşısında İddiaçı1 İKB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)260 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixinə (müqavilənin müddətinin bitdiyi tarix) əsas borc, faiz borcu (ödənilmiş məbləğlər də nəzərə alınmaqla) və müqavilənin müddətinin bitdiyi, yəni - xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla cərimə məbləği nə qədər (olmalıdır) təşkil edir – sualı qoyulmuşdur.
29. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, əsas borc 11.770.78 manat, faiz borcu 2328.00 manat müəyyən edilmişdir.
30. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən, həmin rəy borc məbləğinin müəyyən edilməsində əsas götürülməlidir.
31. Apellyasiya şikayətinin cavabdeh tərəfindən verilməsini nəzərə alaraq kollegiya qeyd edir ki, ekspert rəyində müəyyən edilən əsas borc üzrə məbləğ iddia tələbində iddia edilən məbləğdən daha artıq olduğundan əsas borc məbləğinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır.
32. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Kollegiya faiz və cərimə borcuna dair hissədə qeyd edir ki, birinci instansiya məhkəməsi faiz borcunu müəyyən edərkən yalnız iddia tələbində qeyd edilən məbləği əsas götürmüş, ekspert rəyi və ya başqa hər hansı sübutla həmin məbləğdə borcun olmasını əsaslandırmamışdır. Lakin, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təyin edilmiş ekspert rəyinə əsasən faiz borcu 2328 manat müəyyən edildiyindən, kollegiya rəydə müəyyən edilən məbləği əsas götürməyi zəruri sayır.
34. Kollegiya cərimə borcuna münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində 5800 manat cərimə borcunun olmasını iddia edir. Kollegiya hesab edir ki, həmin cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əsasən azaldılaraq 600 manat müəyyən edilməsi ədalətli hesab edilməlidir.
35. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Borcun ipoeka predmetinə yönəldilməsinə dair hissədə kollegiya qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığından ləğv edilməlidir.
37. Birinci instansiya məhkəməsi tərəfindən borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi zamanı həmin avtomobilin cavabdehin mülkiyyətində olub-olmaması araşdırılmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman xx.xx.2022-ci il tarixində Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq sistemdən çıxarış və nəqliyyatın alqı-satqısına dair müqavilə məhkəməyə göndərilmişdir.
38. Sistemdən çıxarışdan görünür ki, 90CL032 dövlət qeydiyyat nişanlı, Toyota Yaris markalı minik avtomobili xx.xx.2010-cu il tarixində qeydiyyatdan çıxmışdır. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi qəbul edildiyi zaman həmin avtomobil cavabdehin mülkiyyətində deyil, iş üzrə tərəf olmayan başqa bir şəxsin mülkiyyətində olmuşdur. Buna baxmayaraq, məhkəmə ipoteka predmeti kimi tutmanı cavabdehin mülkiyyəti kimi həmin avtomobilə yönəltmişdir. Bundan sonra həmin avtomobil bir neçə şəxsə satılmış və həmin avtomobil hazırda X1 mülkiyyətindədir.
39. Məhkəmə kollegiyası iclası zamanı iddiaçı Bank avtomobilin satışına rəsmi icazə vermədiyini bildirmiş, cavabdeh isə avtomobili Bankın icazəsi əsasında satdığını bildirmişdir. Tərəflər avtomobilin satışına icazə verilməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5200/2022 saylı, 20 dekabr 2022-ci il tarixli xüsusi qərardadı ilə, ipoteka predmeti olan 2008-ci il buraxılışlı Toyot-Yaris markalı, 90CL032 dövlət qeydiyyat nişanlı, qara rəngli minik avtomobilinin Cavabdeh1 mülkiyyətindən çıxmasında cinayətinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün prokurora məlumat verilməsi qərara alınmışdır.
41. Kollegiya qeyd edilənlərə əsasən vurğulayır ki, ipoteka predmeti olan avtomobil hazırda cavabdehin deyil, X1 mülkiyyətində olduğundan və sonuncu hazırki iş üzrə cavabdeh olmadığından tutma həmin avtomobilə yönəldilə bilməz.
42. Beləliklə, sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı2 ASC-nin xeyrinə 9800 manat əsas, 2328 manat faiz, 600 manat məbləğində cərimə məbləği tutulmalı, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia tələbi rədd edilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
45. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
46. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-936/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı2 ASC-nin xeyrinə 9800 (doqquz min səkkiz yüz) manat əsas, 2328 (iki min üçn yüz iyirmi səkkiz) manat faiz borcu, 600 (altı yüz) manat məbləğində dəbbə pulu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev