Məhkəmə qərarları › İş №2(103)-5203/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5203/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5203/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər:borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya akt əsasında 11.484,01 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı 11.484,01 manat məbləğində həmin borcun cavabdehdən tutulmasını tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş akt üzrə yaranmış 10.320,48 manat məbləğində zərər, 1039,45 manat debitor borc və 124.08 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 11.484,01 manat məbləğində zərərin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2469/23 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin edilmiş, Cavabdeh 1020.85 manat debitor borcu, 367.2 manat akt üzrə borc, 33.89 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə cavabdehə məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi xx.xx.2021 qeyd edilmiş olduğu halda ******* saylı aktın tərtib edilmiş olduğu tarixin xx.xx.2021-ci olması, 2021-ci ilin noyabr ayında tərtib edilmiş akta dair fotoşəklin olmaması aktların düzgülüyünə şübhə yaratmış olduğundan iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimənin tutulması hissəsində təmin edilə bilməz.

6. Məhkəmə xx.xx.2023-cü il tarixli ******* saylı akta münasibətdə cavabdehə hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh 2022-ci ilin sonu 2023-cü ilin əvvəlində təbii qaza özbaşına qoşulmaqla iddiaçıya ziyan vurmuşdur. Lakin məhkəmə xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə iddiaçı tərəfindən hesablanmış borcun şişirdilmiş olması qənatinə gələrək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün hesablanmalıdır. 3060 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 367.20 manat edir. Bunları nəzərə alaraq məhkəmə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 367.20 manat həcmində təmin etmişdir. Bundan başqa məhkəmə iddia tələbinin 1039.45 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qeyd edilən borcun yaranma əsasları cavabdehə məxsus saldo ilə qismən sübut edildiyindən iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş saldodan görünür ki, abonentin yalnız 2021-ci ilin sonu üçün 392.6 manat , 2022-ci ilin sonu üçün 678.40 manat qaz sərfiyyatına görə, yeni tarifə keçidlə bağlı 2021-ci ilin sonu üçün 19.7 manat, 2022-ci ilin sonu üçün 27.85 manat olmaqla, cəmi 1118,55 manat borcu mövcuddur. 2022-ci il üçün cəmi 97.70 manat ödənilmişdir. Beləliklə, cavabdehin debitor borc olaraq 1020.85 manat (1118.55- 97.7=1020.85) borc hesablanmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1096, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazın talaması, eyni zamanda da sayğaca müdaxilə edilməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir (iş materiallarında vardır). Bundan əlavə təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməsini cavabdeh özü də məhkəmə iclasında etiraf etmiş və bu fakt qətnamədə də öz əksini tapmışdır.

10. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

17. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

18. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13.8-1).

23. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. Lakin işdən göründüyü kimi, cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən iddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsini xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında tərtib edilmiş tələbnamə ilə tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar