Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5204/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman oğlunun katibliyi ilə İddiaçının nümayəndə-vəkili Vəkil, Cavabdeh X1 nümayəndə-vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-92/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin e-2(006)-92/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçınun cavabdehlər X4 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Qeyd edilən qətnamədən İddiaçı və cavabdeh X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdeh X1 apellyasiya şikayətinə etiraz edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndə-vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək qətnamənin ləğv olunmasını və mübahisənin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, qətnamənin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Nəsimi Rayon Məhkəməsinin e-2(006)-92/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişindən görünür ki, tərəflər hazırkı tərəfdaşlıq sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin (sonradan – “Yaşayış kompleksi”) tikintisində iştirak haqqında öz niyyətlərini təsdiq edirlər. Layihədə X3 50%, İddiaçınun 25%, X5 25% payları müəyyən edilmişdir. Payların rəsmiləşdirilməsi “Y-Group Construction” YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1.225.000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Müqavilədə göstərilmişdir ki, tikintinin başa çatmasının, binanın istismara verilməsinin ümumi müddəti tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq nəzərdə tutulmuşdur. Tərəf 1 - Cavabdeh2 sakinlərin köçürülməsi, zəruri layihə - smeta və icazə sənədlərinin, mühəndis obyektlərinin (xarici şəbəkələrin) birləşdirilməsinə dair Texniki Şərtlərin alınması, tikinti işlərinin təşkili və idarə edilməsi, kompleksin istismara verilməsi və qəbul komissiyasına təhvil verilməsi, tikintinin maliyyələşdirilməsi üzrə öhdəlikləri öz üzərinə götürür. xx.xx.2018-ci il tarixli X6 görünür ki, İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə “YGroup construction” YS kooperativi şirkətində 25% məbləğində payın İddiaçı Şərafəddin oğlu ilə affilə edilmiş şirkətə rəsmiləşdirilməsi anından qüvvəyə minir, bu da notarial təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə təsdiq edilir. xx.xx.2018-ci il tarixli faizsiz borc müqaviləsinə 1 saylı Əlavə olan borcalanın qəbzindən görünür ki, Cavabdeh2 İddiaçı Şərafəddin oğlundan ******* manat məbləğində borc almışdır. Bundan başqa iddia ərizəsindən və qeyd olunan müqavilələrdən görünür ki, 23 may 2018-ci il tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi ilə həmin tərəflər arasında payların rəsmiləşdirilməsi “Y-Group Construction” YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Tərəflər arasında 23 may 2018-ci il tarixində bağlanmış həmin Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsinə uyğun olaraq, 25% nominallı səhmlərin satın alınması 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində yazılı formada borc müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilmişdir. Daha sonra, xx.xx.2018-ci il tarixli X6 görünür ki, İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə “YGroup construction” YS kooperativi şirkətində 25% məbləğində payın İddiaçı Şərafəddin oğlu ilə affilə edilmiş şirkətə rəsmiləşdirilməsi anından qüvvəyə minir, bu da notarial təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə təsdiq edilir. Həmçinin “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlara dair”elektron portaldan çıxarışlardan görünür ki, iddiaçı və cavabdeh X8 fərdi sahibkar statusuna malik şəxslərdir. Beləliklə, baxılan işdə tərəflərin subyektiv tərkibinin statusları, eyni zamanda tələbin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması aydın olur Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Kollegiya hesab edir ki, mübahisə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə görə isə şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəmələrinin mülki və kommersiya kollegiyalarının həmin məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası sadalanan hüquq normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, apellyatorların apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin mübahisələndirilmiş qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 387.2.1, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçınun və cavabdeh X1 apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri e-2(006)-92/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5204/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5204/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver