Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5205/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi ) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi eyni zamanda vəkili X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(001)-6050/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə "xxxx" firması arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək müddəti müqavilə ilə "xxxx" firmasında satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür.
2. 20.03.2020-ci il tarixli 03 saylı əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
3. Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, marketlərdən aldığı məbləği kassaya təhvil verməməklə MMC-yə 15.312,49 manat ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı xx.xx.2020-ci il tarixədək tam olaraq qaytarmağı öz öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 15.312,49 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən MMC-də satış təmsilçisi kimi işə başlamış, vəzifəsi tabeliyində olan marketlərə sifariş götürmək, sifarişin gəlməsinə nəzarət etmək, müştəridə olan pulu müştəridən götürüb firmanın kassasına təhvil vermək olmuşdur. Lakin cavabdeh marketlərdən aldığı pul vəsaitini MMC-nin kassasına təvil verməmiş, nəticədə MMC-yə 15.312.49 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, həmin pul vəsaitini şəxsi ehtiyacları üçün istifadə etdiyini etiraf edib, həmin pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürsə də həmin pulu qaytarmamışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(001)- 6050/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə kifayət qədər vaxtın verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh işə götürən "xxxx" MMC qarşısında maddi məsuliyyət daşıması müvafiq sənədlərində əks olunmuşdur. Belə ki, Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən Maddi məsul şəxsin təqsiri(qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191, 194, 199 və 202-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının tələbində olan bu qeydi (15.312,49 manat pul vəsaitini cavabdeh şəxsi ehtiyacları üçün istifadə etməsi barədə yazılı ərizəsi) birbaşa ona təzyiq nəticəsində yazdırılmışdır, Şirkətdə 5-6 əməkdaş üzərinə hücum çəkərək qeyd edilən ərizəni yazmayacağı təqdirdə ona xəsarət yetirəcəkləri ilə hədələyərək həmin ərizənin yazılmasına nail olmuşlar, 15 312,49 manat onlara ziyan vurduğunu iddia edən iddiaçı qeyd edilən hala dair sübutlarını məhkəməyə təqdim etsin. Bundan əlavə cavabdeh 15.312,49 manat pulun deyil, 7000 min manat borcun olmasını etiraf etmişdir. Həmin borcun da 3500 manat hissəsini ödəmişdir, yerdə qalan hissə isə son ayın əmək haqqısı, son haqq hesabı, kartdan adına çıxarılmış, ona təqdim edilməyən pullarla əvəzləşdirmişlər. Sadəcə iddiaçı tərəfindən təzyiq nəticəsində yuxarıda adı çəkilmiş ərizə ona yazdırdılmış, o, 15.312,49 manat pulu məcbur qalaraq etiraf etmişdir. İddiaçı onun adına olan maaş kartını sifariş versə də, tərəfindən həmin kart istifadə olunmamışdır, ümumiyyətlə ona təqdim edilməmişdir, çünki maaş kartı iddiaçı tərəfindən öz mülahizələri istiqamətində istifadə olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı onun iştirakı təmin edilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi eyni zamanda vəkili X2 apellyasiya şikayətinin əsassız olmasını bildərərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə əlavə sübutları təqdim etmək istəyir, eyni zamanda səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Cavabdeh istinad etdiyi hallar barədə sübut təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür.
16. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).-1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
18. 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
19. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
20. 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
21. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
22. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
27. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.
29. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
30. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, marketlərdən aldığı məbləği kassaya təhvil verməməklə MMC-yə 15.312,49 manat ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı xx.xx.2020-ci il tarixədək tam olaraq qaytarmağı öz öhdəsinə götürmüşdür.
31. Həmçinin Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən Maddi məsul şəxsin təqsiri(qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır.
32. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müəyyən edilmiş vaxtadək vurulmuş maddi ziyanı qaytarmaqdan yayınmışdır.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 15.312,49 manat (on beş min üç yüz on iki manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilməlidir.
34. Cavabdehin apellyasiya şikayətinin - pul vəsaitinin qaytarılması barədə dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı borcun 7000 manat olması, həmin borcun da 3500 manat hissəsini ödəməsi, yerdə qalan hissənin isə son ayın əmək haqqısı, son haqq hesabı, kartdan adına çıxarılmış, ona təqdim edilməyən pullarla əvəzləşdirməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan cavabdehin kartından çıxarışdan 2664 manat vəsaitin məxaric olması görünsə də həmin vəsaitin iddiaçıya ödənilməsi işin faktiki halları ilə müəyyən edilməmişdir.
35. Göründüyü kimi cavabdehin qeyd edilən dəlilləri əsassız olmuşdur.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
37. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozduğundan apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(001)- 6050/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 15.312,49 manat (on beş min üç yüz on iki manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Rəşad Həsənov