Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5207/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2217/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) keçmiş baldızı, yəni arvadının bacısıdır. İddiaçı Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə müraciət edərək, cavabdehin ona olan borcunu qaytarmamasından şikayət etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2.000 manat məbləğində cari borcun, iddia ərizəsinin tərtib edilməsi üçün 70 manat məbləğində pulun, 41 manat məbləğində dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 300 manat pulun, cəmi 2.411 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir neçə il bundan öncə Cavabdeh 3.500 manat məbləğində pul vəsaitini borc vermişdir. Cavabdeh təxminən 1 il bundan əvvəl onun təkidləri nəticəsində yalnız sözügedən borc məbləğinin bir hissəsini, yəni 1.500 manat məbləği ona hissə-hissə ödəmişdir. Lakin cavabdeh qalıq borc məbləğini qaytaracağını vəd etsə də, bu günədək öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. O, cavabdehi qanunsuz əməllərinə görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə şikayət etmiş, lakin bölmə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin iş araşdırılan zaman cavabdeh hüquq mühafizə orqanında ona 2.000 manat pul vəsaiti borcu olduğunu özü etiraf etmişdir. Onun öz ifadəsi ilə ona 2.000 manat məbləğində pul vəsaitini verməsi təsdiq olunur və sübut qismində çıxış edir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 2217/2024 saylı qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir (hakim X8).
5. Məhkəmə, şahid ifadələri ilə birlikdə mülki işə qiymət verərək, işin hallarını nəzərə alıb hesab etmişdir ki, iddiaçının tələbi heç bir sübuta söykənmir, sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehin ona borclu olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilmişdir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri bir-biri ilə ziddiyyət təşkil etməklə, bir-birini tamamlamadığından məhkəmə şahid ifadələrini iddiaçının tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7 İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmədə yalan danışır, cavabdeh ona borcu olduğu halda borcunu etiraf etməmiş və məsuliyyətdən yayınmağa çalışmışdır. Lakin cavabdehin yalanını məhkəmə iclasında dindirilən şahidlər ifşa etmişlər. Şahidlərin ifadəsində heç bir ziddiyyətli məqam yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, 3.500 manat borc məbləğini öz evində bacısına əlbəəl vermiş, hazırki iş üzrə cavabdeh də həmin vaxt bacısının yanında onun evində olmuşdur. Borc məbləğindən 1.500 manat hissəsi də onun bacısı tərəfindən qaytarılmışdır. Bacısı həmin məbləği ona qaytararkən, qalan məbləğin də cavabdeh tərəfindən qaytarılmalı olduğunu ona bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatda iddiaçıdan hər hansı məbləğdə borc almadığını və qaytarılması barədə vəd vermədiyini, ümumiyyətlə bu məqsədlə onun evinə arvadı ilə birlikdə getmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə qohumdur, biri-birinin evinə gediş-gəlişləri var. Onun iddiaçıya borcu var idi. İddiaçı ona zəng edərək, bacısının ondan borc istədiyini bildirmiş və ondan borcun qaytarılmasını xahiş etmişdir. İddiaçının bildirdiyi gün, o, iddiaçının evinə getmiş və cavabdehin də ailəsi ilə birlikdə iddiaçının evində olduğunu görmüşdür. O, 3.500 manat pulu iddiaçıya qaytarmış, iddiaçı da pulu sayaraq, cavabdehin arvadına vermişdir.
13. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə ailəvi tanışlıqları var. İddiaçı 7-8 ay əvvəl ona zəng edərək, cavabdehdən polis orqanlarına şikayət etdiyini bildirmiş və cavabdehin evini polis əməkdaşlarına göstərməyi xahiş etmişdir. O da axşam saat 10-11 radələrində polis əməkdaşları ilə cavabdehin evinə getmişdir. Cavabdeh qapını açanda polis əməkdaşı ona şikayətlə bağlı məlumat vermişdir. Həmin vaxt evdən cavabdehin arvadının “camatın pulunu qaytar, sənə görə qapımıza polis gəlir” məzmunda səsini eşitmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; əvvəlki redaksiyada 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; əvvəlki redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri, habelə şahidlərin ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı onunla cavabdeh arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlərin yarandığını və həmin münasibətlər çərçivəsində cavabdehə 3.500 manat məbləğində pulu borc verdiyini, bu məbləğin 1.500 manat hissəsinin hissə-hissə qaytarılmasına baxmayaraq, 2.000 manat hissəsinin bugünədək qaytarılmadığını iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, aralarında belə bir münasibətlərin yaranmadığını və iddiaçıdan hər hansı məbləğdə pulu borc almadığını və qaytarmadığını bildirir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
22. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
23. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
24. Bu baxımdan iddiaçı keçmiş qayını olan cavabdehə 3.500 manat məbləğində pulu borc verməsini və həmin məbləğdən 1.500 manat hissəsinin ona hissə-hissə qaytarılmasını sübut etməli idi. İddiaçı bu halın təsdiqi kimi yalnız şahid ifadələrinə istinad edir. Lakin apellyasiya şikayəti üzrə işə baxılan zaman məhkəməyə verdiyi izahatında iddiaçı 3.500 manat məbləğində pulu borc olaraq əlbəəl məhz bacısına verdiyini, həmin pulun 1.500 manat hissəsinin də ona məhz bacısı tərəfindən qaytarıldığını, hazırki cavabdehin də bacısının keçmiş əri olduğunu və pulu bacısına verərkən cavabdehin də onun bacısının yanında olduğunu bildirir. X3 birinci instansiya məhkəməsində iddiaçının 3.500 manat pulu cavabdeh və onun arvadına verdiyini, apellyasiya instansiya məhkəməsində isə cavabdehin arvadına verdiyini bildirmişdir.
25. Qeyd edilənlər öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının iddia etdiyi məbləğ borc qismində verilmişdirsə və buna uyğun olaraq da borc münasibətləri yaranmışdırsa da, həmin münasibətlər iddiaçı ilə onun bacısı, yəni cavabdehin arvadı arasında yaranmışdır. Cavabdehin həmin məbləğin verilməsi zamanı onların yanında olması (halbuki, bu halın özü sübuta yetmir. Belə ki, X3 cavabdehin iddiaçının evinə arvadı ilə birlikdə gəldiyini, iddiaçının borcu onlara (sonradan isə cavabdehin arvadına) verdiyini bildirdiyi halda, şahid X7 cavabdehin iddiaçıdan borc almaq üçün tək gəldiyini və iddiaçının pulu məhz cavabdehə verdiyini bildirir.) onu da bu münasibətlərin tərəfi etmir və borc məbləğinin qaytarılması üçün onun öhdəliyini yaratmış olmur.
26. Bununla bağlı misal kimi, ayrı-ayrı şəxslərlə bank təşkilatları arasında yaranmış kredit münasibətlərinə istinadən qeyd etmək olar ki, bankdan kredit götürən şəxslərin də bu barədə müqavilə imzalamaq üçün ailə üzvləri, o cümlədən əri (arvadı) ilə gəlməsi istisna deyil. Lakin bu hal kredit müqaviləsi üzrə yaranmış borcun həmin müqaviləni imzalayan ərlə (arvadla) birlikdə gələn arvaddan (ərdən) tələb etmək üçün əsas deyil. Nəzərə alınmalıdır ki, bu münasibətlərdə cavabdehin zamin qismində çıxış etməsi də müəyyən edilmir. Halbuki, zaminlik münasibətlərinin yaranması üçün tərəflər arasında (iddiaçı ilə cavabdeh) yazılı müqavilənin bağlanması tələb edilir.
27. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahidlərin biri-birinə ziddiyyətli ifadələrindən də cavabdehin iddiaçıya borcunun olması deyil, ümumiyyətlə ondan borc almaması qənaətinə gəlmək olur. Belə ki, 24-cü bənddə göstərilənlərlə yanaşı şahid ifadələrinə münasibətdə o da qeyd edilməlidir ki, X3 iddiaçının onun xalası nəvəsi olduğunu bildirir, lakin eyni statuslu qohumu olan iddiaçının bacısının adını xatırlamadığını söyləyir. X6 cavabdehə iddiaçıya olan borcunun qaytarılmasını dəfələrlə dediyini bildirir, lakin cavabdehin iddiaçıya 1.500 manat ödəməsi, 2.000 manat borcunun qalması barədə məlumatın ona iddiaçı tərəfindən verildiyini qeyd edir. Halbuki, dəfələrlə aparılmış söhbətlərin hər hansı birində cavabdehin hansı borcu və hansı hissələrlə qaytaracağı barədə vəd verməsi ilə bağlı məlumat verilmir. Polis əməkdaşları ilə cavabdehin evinə getdiyini bildirən şahid X10 isə polis əməkdaşının cavabdehə 1.500-2.000 manat borcunun olduğunu söylədikdən sonra sonuncunun bu borcu təsdiq etdiyini qeyd etmişdir. Halbuki, 1.500 manatdan 2.000 manat arasında 500 manat fərq var. Nəticə etibarı ilə cavabdehin hansı məbləği təsdiq etdiyi qeyri-müəyyən qalır. Eyni zamanda, bu şahid birinci instansiya məhkəməsində polis əməkdaşları ilə birlikdə cavabdehin evinə gedən zaman qapıya cavabdehin, həyat yoldaşının və oğlunun çıxdığını, apellyasiya instansiya məhkəməsində isə qapını cavabdehin açdığını, arvadının səsinin isə evdən gəldiyini söyləmişdir. Maraqlısı ondan ibarətdir ki, polis orqanlarına şikayət etməkdən əvvəl iddiaçının bu məsələ ilə cavabdehin özünə və ya bacısına müraciət etməsi, bununla bağlı iddiaçının onların hər hansı biri ilə yazışmasının olması müəyyən edilmir. Bütün bu halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirməməkdə haqlı olmuşdur. Belə ki, şahid ifadələri natamam, ziddiyyətli olmaqla yanaşı, nəinki işin halları, o cümlədən iddiaçının öz izahatı ilə də uzlaşmır.
28. İddiaçının bacısı ilə bağlı söylədiyi fikirlər də (bacısının iddia edilən məbləğin 1.500 manat hissəsini qaytararkən qalan məbləğin də cavabdeh tərəfindən qaytarılmalı olduğunu bildirməsi) hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bununla belə, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlərin yarandığı öz təsdiqini tapmır. Bu baxımdan cavabdehin iddia üzrə tələb edilən məbləğin ödənilməsi öhdəliyi yaranmamışdır. Hüquqi nəticə etibarı ilə hazırki iş üzrə cavabdeh qismində müəyyən edilmiş şəxs ümumiyyətlə irəli sürülmüş iddiaya cavab verməli olan şəxs deyil. İddiaçıya real olaraq 2.000 manat məbləğində borc yaranmışdırsa da, cavabdehin deyil, bacısının borcu yaranmışdır. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2217/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
30. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2217/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.