Məhkəmə qərarları › İş №2(103)-5209/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5209/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5209/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), qızının katibliyi, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-5/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2476 M nömrəli Kredit müqaviləsinə əsasən kredit verən Bank cavabdehə 48 ay müddətinə illik 20% ödənilməsi şərtilə 23.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan KİA Optima markalı avtomobilin alınması məqsədi ilə istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2015-ci il tarixli, 2476M nömrəli kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən müqavilənin 3.6-cı bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, o, kredit verənə 3.4-cü bənd ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir.

3. Eyni tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, bu müqavilə ilə ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 3-cü maddəsində göstərilən əmlakının, yəni Kia Optima markalı avtomobilin ipoteka ilə yüklü edilməsini və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2-ci maddəsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə, habelə 5.1-ci bəndi ilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

4. AC seriyalı, 479986 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 90SE032 qeydiyyat nişanlı, Kia Optima markalı avtomobilin sahibi Cavabdeh1dur.

5. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

6. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, onun tərəfindən kredit müqaviləsi üzrə kreditin və fazilərin qaytarılması gecikdirilir və nəticədə, xx.xx.2016-cı il tarixə olan hesablamalara görə onun 2.788,26 ABŞ dolları məbləğində gecikdirilmiş əsas borcu və 3.039,62 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu vardır. 3 iş günü müddətində Banka olan borcların ödənilməsi tələb edilmişdir.

7. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh1 müqavilə şərtlərini pozaraq, aylıq ödəmələri ödəniş cədvəlinə uyğun etmədiyinə görə xx.xx.2016-cı il tarixinə Banka 3193,90 ABŞ dolları məbləğində gecikdirilmiş əsas borcu və 3039,62 ABŞ dolları məbləğində faiz borcu vardır. Əlavə olaraq, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı-nin “Yasamal” filialı qarşısında yaranmış öhdəliyinin yerinə yetirilməsi üçün Cavabdeh2 subsidiar məsuliyyət daşıyır. Odur ki, Banka olan borcların ödənilməsinin təmin edilməsi xahiş edilmişdir.

8. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2016-cı il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdən görünür ki, İddiaçı-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2476M nömrəli “kredit müqaviləsi”nə əsasən sonuncuya KİA Optima markalı avtomaşını almaq üçün 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla 23.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borc alan tərəfindən yaranan öhdəlik lazımınca, müqavilə şərtlərinə uyğun yerinə yetirilməmişdir və nəticədə, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddətdə hər ay bərabər hissələrlə geri qaytarılır. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən sonrakı 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin bugünə xx.xx.2015-ci il tarixli, 2476M nömrəli kredit müqaviləsinə əsasən 3193,90 ABŞ dolları məbləğində gecikdirilmiş əsas borcu, 3039,62 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, ümumilikdə 23483,31 ABŞ dolları məbləğində məbləğində kredit borcu təşkil edir. Qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2015-ci il tarixli, 2476M nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə tələbin Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinin xx.xx.2015-ci il tarixli, AA seriyalı, 132961 nömrəli “Girov müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnaməsinə əsasən İddiaçı-nin Yasamal filialının hesabına ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan Kia Optima markalı avtomaşına yönəldilərək, həmin avtomaşının açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı-yə ödənilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəkdir.

9. İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanan 14 dekabr 2016-cı il tarixli məktubdan görünür ki, Bank tərəfindən ipoteka qoyana xx.xx.2016-cı il tarixli yazılı bildiriş göndərilməklə, məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xəbərdarlıq edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir.

10. xx.xx.2015-ci il tarixli məxaric qəbzindən görünür ki, Bank tərəfindən Cavabdeh1 23.000 ABŞ dolları məbləğində pul verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-129/2020 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun banka ləğvedici təyin edilməsi və s. qərara alınmışdır.

12. Bankın xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 2476M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 20.443,69 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 3.034,83 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə 4,79 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 4.842,20 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 28.325,51 ABŞ dollarıdır.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 2476M N:li «Kredit müqaviləsi»nə əsasən, cavabdehə yalnız “KİA OPTİMA” minik markalı avtomobilin (qeydiyyat nömrəsi: **-SE-***, tip: sedan, buraxılış ili 2013, rəngi: qara; ban nömrəsi: KNAGN412BD5419172) alınması üçün 48 ay müddətinə, 23.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan avtomobil cavabdehin bankla bağladığı xx.xx.2015-ci il tarixli, 2476M N:li «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən həmin ipoteka müqaviləsi qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və həmin orqan tərəfindən AA seriyalı, 132961 №-li «Çıxarış» verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4. bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 20% ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin «Kredit alan» üçün açılan ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca 3.4. bəndi ilə müəyyən olunan faizlər iki misli miqdarında hesablanacaqdır. Qeyd olunan «Kredit müqaviləsi»nin 5.3. bəndinə əsasən, «Kredit alan» tərəfindən ödənişlər ödəniş cədvəlinə əsasən 20 gün müddətinə gecikdirilərsə, bu zaman bank tərəfindən çəkilmiş xərclərin ödənilməsi üçün «Kredit alan» 200 AZN məbləğində cərimə ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka olan əsas borcu 20.444 ABŞ dolları, faiz borcu 3.040 ABŞ dolları, ümumilikdə 23.484 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2476 M N:li «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə “Zaminlik” müqavilələri bağlanmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 2476 M N:li «Kredit müqaviləsi»nə vaxtından əvvəl xitam verilməsi, cavabdehlər İddiaçı arasında bağlanmış Cavabdeh1 və Cavabdeh2 20.444 ABŞ dolları əsas borc, 3.040 ABŞ dolları faiz borcu, ümumilikdə 23.484 ABŞ dolları kredit borcunun, «Kredit müqaviləsi»nin 5.3. bəndinə əsasən 200 manat məbləğində cərimənin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 17 manat notariat xərclərinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus “KİA OPTİMA” minik markalı avtomobilə (qeydiyyat nömrəsi: **-SE-***, tip:sedan, buraxılış ili 2013, rəngi: qara; ban nömrəsi: KNAGN412BD5419172) yönəldilərək, avtomaşının açıq hərracdan satılması və həmin avtomaşının satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

15. Cavabdeh2 “iddia müddətinin tətbiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında münasibətlər 2015-ci ildə bağlanmış kredit, ipoteka, zaminlik müqavilələrinə əsasən yaranmışdır. Həmin müqavilələr 4 il müddətinə bağlanmışdır. İddiaçı 2018-ci ildə məhkəmədə iddia qaldırmasına baxmayaraq, həmin vaxt iddiası baxılmamış saxlanılmışdır. Daha sonra isə iddiaçı öz iddiası ilə nə az, nə çox, üstündən düz 5 ildən artıq vaxt keçdikdən sonra maraqlanmağa başlamışdır. Bu müddət ərzində isə hər hansı bir hərəkət olmamışdır. Düzdür, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, bu illər ərzində iddiaçının susması açıq-aşkar onun iddia müddətini ötürməsi anlamına gəlir. Ona görə də iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək qərarına gəlmişdir. Odur ki, iddia müddətinin ötürülməsi səbəbindən iddia müddətini tətbiq edərək, iddia ərizəsindən imtina barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

16. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20.443,69 ABŞ dolları əsas, 3.034,83 ABŞ dolları müqavilə müddətinin bitdiyi tarixə hesablanmış faiz, 4,79 ABŞ dolları cərimə, 4.842,20 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmış hesablanmış faiz borcu, ümumilikdə 28.325,51 ABŞ dolları kredit borcu, iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 234,47 manat məbləğində dövlət rüsumunun və 17 manat notariat xərclərinin tutulub iddiaçı ləğv prosesində olan İddiaçı-nin xeyrinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus “KİA OPTİMA” minik markalı avtomobilə (qeydiyyat nömrəsi: **-SE-***, tip:sedan, buraxılış ili 2013, rəngi: qara; ban nömrəsi: KNAGN412BD5419172) yönəldilərək, avtomaşının açıq hərracdan satılması və həmin avtomaşının satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2641/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.

18. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/981 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir.

19. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/5102-9/5064 nömrəli ekspert rəyində əsasən, məhkəməmühasibat ekspertizası üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2476M saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 20.443,82 ABŞ dolları, faiz borcu üzrə 14.782,67 ABŞ dolları, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablamaqla əsas borc üzrə 20.443,82 ABŞ dolları, faiz borcu üzrə 14.782,67 ABŞ dolları, faiz borcu 5% ilə 4.841,21 ABŞ dolları, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablamaqla əsas borc üzrə 20.443,82 ABŞ dolları, faiz borcu üzrə 14.782,67 ABŞ dolları, faiz borcu 5% ilə 5.326,75 ABŞ dolları. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Respublikada yerləşən avtobazarlarda, yerli internet saytlarında mövcud olan qiymətlərdən, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda göstərilən 01 ədəd 2013-cü il buraxılışlı mühərrik həcmi 2400 sm3, Kia optima markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin, 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 19.700 manat, likvid dəyəri təxminən 17.730 manat (19.700,00-10%) müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

20. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 5/2025 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 2476M nömrəli «Kredit müqaviləsi»nə əsasən 20.443,69 ABŞ dolları əsas borc, 3.034,83 ABŞ dolları faiz borcu, 4,79 ABŞ dolları cərimə borcu, 4.842,20 ABŞ dolları illik 5%-lə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 28.325,51 ABŞ dolları kredit borcunun (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və iş üzrə ödənilmiş 234,47 manat məbləğində dövlət rüsumunun və 17 manat məbləğində notariat xərcinin iddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan “Kia Optima” minik markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 17.730 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin kredit borcuna yönəldilməsi, iddia tələbinin qalan hissələrdə və digər Cavabdeh2 münasibətdə təmin edilməməsi, iş üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 127 manatın iddiaçı LPO İddiaçı tərəfindən (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsilə), iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 2476M nömrəli kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas, faiz və cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə cavabdehdən tutulmalı olan əsas, faiz və cərimə borcunun məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab etmişdir ki, ekspert rəyində qeyd edilən məbləğlər iddia tələbini aşdığı üçün iddia tələbindən kənara çıxmamaqla iddia tələb edilən həddə təmin edilməlidir.

23. Məhkəmə tələbin digər Cavabdeh2 aid hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin hissədə tələb öz təsdiqini tapmadığından əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, işin araşdırılması mərhələsində təyin edilən məhkəmə xətşünaslıq ekspertizasının rəyi əsasında müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Odur ki, məhkəmə sözügedən xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-4/981 nömrəli ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli və xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə əsas borclu Cavabdeh1 öhdəliyi üzrə məsuliyyəti öz üzərinə götürən şəxs Cavabdeh2 olmadığından iddia tələbi ona münasibətdə təmin edilə bilməz.

24. Daha sonra məhkəmə iddia tələbinin ödəmənin ipoteka predmetinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etmişdir:

25. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 bağlanmış kredit müqaviləsi əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan “Kia Optima” minik markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddia tələbi qeyd edilən hissələrdə əsaslı hesab edilməklə təmin edilməli, tələb Cavabdeh1 məxsus olan “Kia Optima” minik markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil ilkin satış qiyməti 17.730 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti kredit borcuna yönəldilməlidir.

26. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir.

27. Məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

28. Daha sonra məhkəmə ödənilmiş dövlət rüsumu və notariat xərcinin tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edildiyi üçün iş üzrə ödənilmiş 234,47 manat məbləğində dövlət rüsumu və 17 manat məbləğində notariat xərci cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.

29. Daha sonra məhkəmə Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin cavabdehə münasibətdə əsassız hesab edilməklə rədd edilmişdir. Odur ki, hal-hazırda Cavabdeh2 tərəfindən verilən sözügedən ərizəyə də məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 296.1, 317.1, 319.1, 385.1, 442, 445.7, 448.1, 739.1, 739.2-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü, 34-cü, 39.3.3-cü maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

31. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi normaları düzgün tətbiq olunmadığı üçün ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa ləğv edilməlidir. Zaminlik müqaviləsinin saxta olmağından görsənir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2476M nömrəli kredit müqaviləsi də saxta tərtib olunmuşdur. Cavabdeh1 Nəsimi Rayon Məhkəməsində iştirak edə bilmədiyi üçün “iddia müddətinin tətbiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. Lakin AR Mülki Məcələsinin 373-cü madəsinin tələbinə əsasən iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında münasibətlər 2015-ci ildə bağlanmış kredit, ipoteka, zaminlik müqavilələrinə əsasən yaranmışdır. Həmin müqavilələr 4 il müddətinə bağlanmışdır. İddiaçı 2018-ci ildə məhkəmədə iddia qaldırmasına baxmayaraq, həmin vaxt iddiası baxılmamış saxlanılmışdır. Daha sonra isə iddiaçı öz iddiası ilə nə az, nə çox, üstündən düz 5 ildən artıq vaxt keçdikdən sonra maraqlanmağa başlamışdır. Bu müddət ərzində isə hər hansı bir hərəkət olmamışdır. Düzdür, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, bu illər ərzində iddiaçının susması açıq-aşkar onun iddia müddətini ötürməsi anlamına gəlir. Ona görə də iddia müddətinin tətbiq edilməsi barədə apellyasiyya instansiyasinda ərizə vermək qərarına gəlmişdir. Hesab edir ki, iddia müddətinin ötürülməsi səbəbindən iddia müddətini tətbiq edərək, iddia ərizəsindən imtina barəsində qərar qəbul etməliydi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci iltarixli, 2476M nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə kredit verən kreditalana 48 ay müddəti bağlanmişdir. İddiaçı Açıq SəhmdarCəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2476M nömrəli kredit müqaviləsin xx.xx.2019 cu ildə bitmişdir. Məhkəməyə son müraciət tarixi xx.xx.2022 ci ildir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2476M nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu ildə bitmişdir, İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixinə kimi məhkəməyə müraciət etməli idi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə 2024-cü ildə məhkəməyə müraciət etmişdir.

33. Cavabdeh1 nümayəndəsi və vəkili həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmış və iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apelyasiya şikayətini və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə edərək onların məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh icra şöbəsində qətnamədən məlumatlı olmuşdur. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh1 krediti ödəyə bilmədiyinə görə 2018-ci ildə avtomobili banka təhvil vermişdir. Bankla bununla bağlı razılıq olmuş, akt tərtib edilmişdir. Avtomobil hazırda Ağcəbədi rayonundadır, taksi kimi istifadə olunur. Avtomobilə görə cərimələr tədbiq ediləndə Cavabdeh1 avtomobilin sahibi ilə əlaqə saxlayaraq iradını bildirib. Etibarnamlər verilsə də, cavabdeh həmin şəxsləri tanımır. Zamini bank çağırıb aldadaraq ona krediti ödətdirib.

36. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, avtomobili X1 almış, etibarnaməni də ona Elşad vermişdir. Həmin şəxs onun oğlunun sinif yoldaşı olmuşdur. Ona 8.100 dollar pul vermişdir. Sonra banka 1 il 5 ay pul ödəmişdir. Oğlunu aldadıblar. O, digər Cavabdeh1 tanımır.

37. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa görə Cavabdeh1 qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi illik 5%-lə hesablanmış faiz borcunun məbləği hissəsində dəyişdirilməli, habelə qətnamə notariat xərcinin cavabdehdən tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

44. İşdən görünür ki, iddiaçı bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin müqavilə üzrə borcalanın öhdəlikləri tam icra edilməmişdir.

45. Hazırda Cavabdeh1 apelyasiya şikayəti verərək iddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddətinin ötürüldüyünü bildirmişdir.

46. Kollegiya ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o halda verilə və ərizə o halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin, sözügedən ərizə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

47. İşdən görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlərin ona çatdırılması barədə sənədlər iş materiallarında mövcud olmasa da, iş üzrə məhkəmə tərəfindən Cavabdeh1 sms bildiriş vasitəsilə məlumat verilməsi müəyyən edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, həmin telefon nömrələri Cavabdeh1 məxsusdur.

48. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmuş, onun məhkəmə iclaslarında iştirak etmək və iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etmək imkanı olmuşdur.

49. İşdən o da görünür ki, iddiaçı hələ kredit müqaviləsinin müddəti bitməmişdən öncə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, daha sonra onun iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılsa da, sonradan bununla bağlı qərardad məhkəmənin özü tərəfindən ləğv edilmiş və işə baxılması davam edilərək hazırda mübahisələndirilən qətnamə qəbul edilmişdir.

50. Cavabdeh məhkəmə kollegiyasının iclasında ipoteka predmetinin 2018-ci ildə banka təqdim edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçı xx.xx.2018-ci il tarixində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin başqa şəxs tərəfindən icra olunacağı barədə iddiaçı ilə razılıq əldə olunduğu barədə də məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir.

51. Mülki qanunvericiliyin tələblərinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

52. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğləri ilə bağlı düzgün nəticəyə gəlsə də, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu ilə bağlı ekspert rəyini nəzərə almamış, rəyə əsasən həmin məbləğ 4.841,21 ABŞ dolları müəyyən edilsə də, məhkəmə sözügedən faiz borcunu 4.842,20 ABŞ dolları həcmində təmin etmişdir. Kollegiya ekspert rəyinin mötəbərliyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan illik 5%-lə hesablanmış faiz borcunun məbləği 4841,21 ABŞ dolları müəyyən edilməlidir.

53. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı notariat xərci ilə bağlı 17 manat məbləğində vəsait tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır.

54. Bu səbəbdən kollegiya hesab edir ki, qətnamə notariat xərcinin cavabdehdən tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan məbləğin ipoteka predmetinə yönəldilməsi, onun ilkin satış qiymətinin müəyyən etməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin kredit borcuna yönəldilməsi barədə birinci instanisya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-5/2025 nömrəli qətnaməsi illik 5%-lə hesablanmış faiz borcunun məbləği ilə bağlı hissədə dəyişdirilsin, həmin məbləğ 4841,21 ABŞ dolları müəyyən edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-5/2025 nömrəli qətnaməsi notariat xərci ilə bağlı hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğin cavabdehi özünə aid ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar