Məhkəmə qərarları › İş №2(103)-521/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-521/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-521/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizin və zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(011)-4519/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə notariusun icra qeydinə əsasən tutulmalı olan pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə bağlıdır. Bakı şəhəri 6 saylı notariat kontorunun notariusunun xx.xx.2014-cü il tarixli icra qeydinə (cild 1, iş v. 58, arxa səhifə) görə, xx.xx.2012-ci il tarixli borc müqaviləsinə əsasən, cavabdehdən (borcludan) iddiaçının (tələbkarın) xeyrinə 300.000 (üç yüz min) manat pul tutulmalıdır. İcra qeydinin verildiyi tarixdən 9 il 9 ay sonra – xx.xx.2024-cü ildə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. 2.İcra qeydinə əsasən tutulmalı olan 300.000 manat pulun 289.680 manatı qaytarılmayıb. Belə ki, iddiaçı apellyasiya icraatı zamanı izahatında bildirib ki, cavabdeh icra qeydinə əsasən tutulmalı olan 300.000 manat pulun 10.320 (on min üç yüz iyirmi) manatını 2017-ci ilin ortalarında qaytarıb, qalan hissəsini isə qaytarmayıb. İddiaçı 300.000 manat puldan 10.320 manatın qaytarıldığını etiraf etdiyinə, cavabdeh isə 10.320 manatdan artıq pul qaytardığını təsdiq edən sübut təqdim etmədiyinə görə, ödənilməmiş qalan məbləğ 289.680 manat (300.000 manat – 10.320 manat = 289.680 manat) təşkil edir. İddiaçının tələbi 3.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, icra qeydinə əsasən tutulmalı olan pul məbləğinin ödənilməsinin 8 il ərzində gecikdirilməsinə görə cavabdehdən göstərilən məbləğdə pul tutulsun: 1) 8 il üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faiz kimi 186.000 manat; 2) 8 il ərzində inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalmasına görə zərərin əvəzi kimi 350.400 manat. 4.İddiaçı 186.000 manat və 350.400 manat məbləğində pulu 300.000 manat borcun qalan hissəsinin - 289.680 manatın 8 il ərzində qaytarılmasının gecikdirilməsinə görə tələb edir, habelə “8 il” deyildikdə notariusun icra qeydinin verildiyi xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddəti nəzərdə tutur. Belə ki, iddiaçı apellyasiya icraatı zamanı göstərilən məzmunda izahat verib. Birinci instansiya məhkəməsində icraat 5.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. 6.Qətnamədə birinci tələbin təmin edilməməsi onunla əsaslandırılıb ki, cavabdehin iddiaçının pulundan faydalanması sübut olunmur, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitindən faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 7.Qətnamədə ikinci tələbin təmin edilməməsi onunla əsaslandırılıb ki, həmin tələb notariusun icra qeydinə əsaslanır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, indeksasiya yalnız məhkəmə qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinə münasibətdə həyata keçirilə bilər. Apellyasiya intansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 9.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 10.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.İddiaçının iki tələbi olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Birinci tələb barədə 12.Bu tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 13.İddiaçı bank uçot dərəcəsinə əsasən hesablanmış faiz kimi 186.000 manat tələb etsə də, faizin məbləği bundan çoxdur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 9/3018 nömrəli ekspert rəyinə görə, 289.680 manat borcun 8 il ərzində, yəni xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixi (iddiaçının istinad etdiyi 8 illik müddətin son günü) üçün müəyyən etdiyi bank uçot dərəcəsinə əsasən hesablanmış faizin məbləği 191.365,83 manat təşkil edir. 14.Həmin tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin göstərişi təşkil edir: “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər”. 15.Bu maddənin tətbiqi üçün puldan faydalanma sübut olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına görə, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 16.Lakin cavabdehin iddiaçının pulundan faydalanadığı sübut olunmur. Ona görə də birinci instansiya həmin tələbi təmin etməməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İkinci tələb barədə 17.Bu tələbə aid hissədə qətnamə ləğv edilməli və tələb qismən təmin olunmalıdır. 18.İddiaçı 289.680 manat məbləğində pulun 8 il ərzində, yəni notariusun icra qeydinin verildiyi xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddətdə inflyasiya nəticəsində alıcılıq qabiliyyətinin azalmasına görə zərərin əvəzi kimi 350.400 manat tələb etsə də, zərərin məbləği 213.494,16 manat təşkil edir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3018 nömrəli ekspert rəyinə görə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında olan məlumatlarda 2022-ci ilin iyul ayında 2014-cü ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 173,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsinin 73,7 faiz artması müəyyənləşdirilmişdir. 289.680 manat məbləğində pulun qaytarılmasının 8 il ərzində, yəni xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi haqqında rəsmi məlumatına əsasən xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddətdə baş vermiş inflyasiya (pulun alıcılıq qabiliyyətinin azalması) nəticəsində hesablanmış cari dəyəri (ekvivalenti) 503.174,16 manat təşkil edir. Ekspert rəyində göstərilən 503.174,16 manatdan icrası gecikdirilmiş 289.680 manat çıxıldıqda qalan məbləğ 213.494,16 manat təşkil edir. 19.Həmin tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarı təşkil edir. Bu qərarda qeyd olunub: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin, 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir”. Bundan başqa, Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd olunub ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 20.Beləliklə, zərərin əvəzi kimi 213.494,16 manat tutulmalıdır. 21.İddiaya etiraz edən cavabdeh tərəfin iki dəlili var: birinci, eyni məbləğin ödənilməsinin gecikdirilməsinə görə pul tutulması barədə iddiaçının tələbi bundan əvvəl başqa mülki iş üzrə qəbul olunmuş qətnamə ilə rədd olunub; ikinci, ekspertiza təyin edilərkən borcun ödənilmiş hissəsinin məbləği məhkəmə tərəfindən düzgün qeyd olunmayıb. 22.Cavabdehin birinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, həqiqətən də iddiaçı bundan əvvəl başqa mülki işdə cavabdehə qarşı iddia vermiş, həmin işdə də eyni pulun qaytarılmasının gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Bu iddia Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-16/2019 nömrəli qətnaməsi ilə təmin edilməyib (cild 1, iş v. 80). Hazırkı iddia eyni əsas üzrə ikinci iddia hesab olunmur. Çünki, əvvəlki mülki işdə maddi zərər tələbi inflyasiya ilə əsaslandırılmayıb, tələb onunla əsaslandırılıb ki, iddiaçı pulu cavabdehə verərkən 1 ABŞ dolları 0,78 manata bərabər idi, hazırda isə 1,73 manata bərabərdir. Hazırkı tələb isə inflyasiya ilə əsaslandırılıb. 23.Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, apellyasiya icraatı zamanı xx.xx.2025-ci ildə keçirilmiş iclasda (sonuncu iclasda) cavabdehin nümayəndəsi məhkəməyə məktub - Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xx/xx-29399 nömrəli məktubu təqdim etmişdir. Həmin məktuba görə, icra sənədi üzrə borcludan tələbkarın xeyrinə 11.537 manat tutulub. Cavabdehin nümayəndəsi bu məktuba istinad edərək hesab edir ki, ekspertin qarşısında məhkəmə tərəfindən yanlış sual qoyulub, yəni borcun 10.320 manat hissəsinin ödənildiyi qeyd olunub, bunun nəticəsində isə ekspert səhv rəy verib. Bu dəlil əsassızdır. Birinci, həmin məktubun tarixi (xx.xx.2025) ekspertiza təyin edilməsi barədə qərardadın tarixindən (xx.xx.2025) sonraya aiddir. İkinci, həmin məktub ekspert rəyinin verildiyi xx.xx.2025-ci ildən 45 gün sonra - xx.xx.2025-ci ildə məhkəməyə təqdim olunub. Üçüncü, ekspertiza təyin edilməsi barədə qərardadda hesablama dövrünün sonu xx.xx.2022-ci il kimi qeyd olunub, cavabdehin nümayəndəsinin təqdim etdiyi məktubun tarixi isə 2 il 10 ay sonraya - xx.xx.2025-ci il tarixinə aiddir və həmin məktubda borcun hansı tarixdə ödənildiyi qeyd olunmayıb. Ona görə də hesab olunur ki, borclu (cavabdeh) hesablama dövrünün sonna - xx.xx.2022-ci ilədək borcun 10.320 manat hissəsini ödəyib, qalan məbləğ 289.680 manat (300.000 manat – 10.320 manat = 289.680 manat) təşkil etdiyinə görə, ekspertiza həmin məbləğə əsasən keçirilib. 24.İddianın qiyməti 536.400 manat (186.000 manat + 350.400 manat) təşkil edir. İddiaçı iddia ərizəsinin verilməsinə görə 826,40 manat, apellyasiya şikayətinin verilməsinə görə 413,20 manat, cəmi 1.239,6 manat dövlət rüsumu ödəyib. İddia tələbinin 213.494,16 manatlıq hissəsi, yəni 39,8 faizi təmin edildiyinə görə, dövlət rüsumunun 39,8 faizi, yəni 493,36 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4519/2024 nömrəli qətnaməsi qismən - inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalmasına görə zərərin əvəzi kimi 350.400 manat tutulması barədə tələbin təmin edilməməsinə aid hissədə ləğv olunsun. Həmin tələb qismən təmin olunsun. 289.680 manat məbləğində pulun 8 il ərzində, yəni xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, baş vermiş inflyasiya nəticəsində vurulmuş zərərin əvəzi kimi 213.494,16 (iki yüz on üç min dörd yüz doxsan dörd tam yüzdə on altı) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Həmin tələbin qalan hissəsi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 493,36 (dörd yüz doxsan üç tam yüzdə otuz altı) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə-mühasibat ekspertizasının xərci olan 200 (iki yüz) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar