Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5211/2024 30.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-5078/2015 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 009CASA150350006 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 10.679,64 ABŞ dolları əsas, 834,50 ABŞ dolları faiz, 1.110,56 ABŞ dolları penya, cəmi 12.624,70 ABŞ dolları pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-5078/2015 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 009CASA150350006 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10.679,64 ABŞ dolları əsas, 834,50 ABŞ dolları faiz, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 11.714,14 ABŞ dolları borcun alınacaq gündə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla və 27,60 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və kredit müqaviləsi üzrə yaranmış real borcu müəyyən etməklə iddianın qismən təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-5078/2015 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)- 5078/2015 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh X4 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad maddi və prossesual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. O, mülki iş üzrə xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli məhkəmə baxış iclaslarında iştirak etməmiş və qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində 2006-cı ildən yaşamadığı üçün məhkəmə iclasları və yekun məhkəmə aktından məlumatlı olmamışdır. O, həmin ərəfədə əvvəllər işlədiyi "xxxx" MMC-nin göndərişi əsasında Respublikanın qərb bölgəsində ezamiyyətdə olmuş və bu günə kimi borcun hissə-hissə ödənişi ilə bağlı onunla bank arasında hər hansı yazılı və şifahi razılaşma olmamışdır. Məhkəmə onun Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndinə qeydiyyatda olduğunu müəyyən etsə də, qətnaməni qəbul etmədiyini və ümumiyyətlə 2006-cı ildən qeydiyyatda olduğu ünvanda yaşamadığını müəyyən etmədən səhv nəticəyə gəlib apellyasiya şikayətini geri qaytarmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-5078/2015 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2015-ci il tarixdə verilmişdir. Həmin iş üzrə xx.xx.2015ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdeh X4 şəxsən iştirak etmiş, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəni imza etməklə qəbul etmiş və iddia ərizəsinə münasibət bildirərək, iddianı etiraf etdiyini bildirmişdir. Bu cavabdeh xx.xx.2015-ci il tarixli məhkəmə iclasında da iştirak etmiş və ona məlumat verilməklə işə baxılması xx.xx.2015-ci il tarixə təxirə salınmış və həmin tarixdə də iş üzrə qətnamə çıxarılmışdır. Bununla belə, bu cavabdeh nəinki iddia barədə məlumatlı olmuş, hətta birinci instansiya məhkəməsindəki icraatda şəxsən iştirak edərək, iddianı etiraf etmişdir ki, bu da birmənalı şəkildə onun tələb edilən borc məbləği barədə həm məlumatlı olmasını, həm də bu məbləğdə borcunun olmasını qəbul etməsini təsdiq edir. Bu baxımdan onun iş üzrə qətnamə çıxarılan xx.xx.2015-ci il tarixli məhkəmə iclasında iştirak etməməsi, habelə qeydiyyatda olduğu ünvana göndərilən qətnaməni hər hansı, o cümlədən bu ünvanda yaşamaması səbəbindən rəsmi əldə edə bilməməsi qətnamə barədə məlumatlı olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, ödənişlərin həyata keçirilmədiyi və iddianı etiraf etdiyi bir halda nəticə onun üçün tam aşkar idi. Cavabdehin sonrakı yaxın dövrdə, o cümlədən 2015-ci ilin sonu, 2016-cı ildə işin nəticəsi ilə maraqlanması və bu əsasla məhkəməyə müraciət etməməsi də məhz onun nəticələr barədə məlumatlı olmasına dəlalət edir. Bu hal iddiaçının Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2016-cı il və xx.xx.2017-cı il tarixli məktubları ilə də öz təsdiqini tapır. Belə ki, iddiaçı ilk məktubla borclularla aralarında razılığın olduğunu bildirərək, icra sənədinin məhkəməyə qaytarılmasını, növbəti məktubda isə razılaşmanın şərtlərinin pozulması səbəbindən icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Hamılıqla qəbul olunan bir haldır ki, qətnamə barədə məlumatlı olmayan şəxsin onun icrası ilə bağlı hər hansı formada razılığa gəlməsi mümkün deyil. Yuxarıda göstərilənlərin qarşılığında müraciəti əsasında həmin qətnamənin ona xx.xx.2024-cü il tarixdə təqdim edilməsi (cavabdeh bu tarixi şikayətində göstərir, halbuki bu barədə ərizədə qətnaməni xx.xx.2024-cü il tarixdə qəbul etdiyini qeyd etmiş və imzalamışdır) apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməməsi anlamına gəlmir və müddətinin axımının həmin tarixdən hesablanması üçün əsas yaratmır. Bununla belə, məlumatlı olmasına baxmayaraq, cavabdeh müəyyən edilmiş müddətlərə riayət etməmiş və qətnamə çıxarılan tarixdən təxminən 9 il sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bununla da apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bu halın mövcudluğu da şikayətin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(007)-5078/2015 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-5078/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5211/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5211/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver