Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5214/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(006)-1950/2022 saylı qətnaməsindən İddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Xətai Rayon Məhkəməsinin 2(011)-429/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh İddiaçı qarşı kreditin və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiasının təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesabı müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5811/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin edilmiş, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesab müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia həmin hissədə də təmin edilməmiş, qalan hissədə qətnamə "xxxx" KB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-7105/17 saylı qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2017-ci il tarixli, 2(103)- 5811/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, müraciətində qeyd olunan məsələ ilə bağlı müvafiq aaraşdırma aparılması üçün tərəflərdən banka sorğu məktubu göndərilmişdir. Həmin sorğu ilə əlaqədar bank tərəfindən təqdim edilmiş zəruri sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-7105/2017 saylı qərarına əsasən İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli. 2(103)-5811/2017 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və sözügedən qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Müraciətində mübahisələndirilən hissə ilə əlaqədar nəzərinə çatdırırlar ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)- 5811/2017 saylı qətnaməsində qarşılıqlı iddialar üzrə mülki işə baxılmış və bankın apellyasiya şikayəti qismən təmin edilərək kredit və bank hesabı müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə banka münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, müraciətində sözügedən məsələ ilə əlaqədar məhkəmə qərarı mövcud olduğundan tərəflərdən hər hansı münasibətin bildirilməsi mümkün olmamışdır. Odur ki, sözügedən məsələlərə məhkəmə orqanları tərəfindən hüquqi qiymət verildiyindən banka arasında yaranmış narazılığı məhkəmə müstəvisində mübahisələndirə bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə onun barəsində X1 kredit reyestrində aparılmış qeydlərin silinməsinə (çıxarılmasına) dair qətnamə qəbul edilməsi xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X2 arasında 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, kredit məbləği Fikrət Əliyevə verilmiş, kredit müqaviləsinin təminatı kimi onunla zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər borclu tərəfindən vaxtlı vaxtında ödənilmiş, lakin xx.xx.2015-ci il tarixdə borclu Fikrət Əliyev vəfat etmişdir. Onun vəfatından sonra dərhal banka məlumat verilmiş və bununla da mərhum Fikrət Əliyevlə bank arasında olan 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə və kredit münasibətlərinə xx.xx.2015-ci il tarixdən xitam verilmişdir. Daha sonra "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, guya iddiaçı ilə bank arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və bankın xeyrinə 2988,47 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-429/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiaçıya qarşı iddiası təmin edilməmiş, "xxxx" KB ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5811/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra "xxxx" KB ASC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-7105/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, qanuni qüvvəsini almış məhkəmə qərarlarına baxmayaraq, Azərbaycan Respublikasının X1 Kredit Reyestrində (MKR) olan qeydə görə guya iddiaçının banka borcunun olması qeyd edilmişdir. Belə ki, bu yaxınlarda o, kredit almaq məqsədi ilə bankların birinə müraciət etmiş və oradan digər banklar qarşısında öhdəliyinin olubolmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) sorğu edilmiş və müəyyən edilmişdir ki, MKRdə olan məlumata görə guya iddiaçının "xxxx" KB ASC qarşısında öhdəliyi qalmışdır. O, rəsmi qaydada cavabdeh təşkilata müraciət edərək "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə xitam verildiyindən, həmin müqavilə əsasında X1 Kredit Reyestrində aparılmış qeydlərin silinməsini xahiş etmişdir. Cavabdeh təşkilat özünün xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, yaranmış problemi məhkəmə müstəvisində mübahisələndirə bilər. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının "xxxx" KB ASC qarşısında heç bir borc və öhdəliyi yoxdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(006)- 1950/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümü zaminliyin xitamına səbəb deyil, Mülki Məcəllənin 477-ci - zaminliyə xitam verilməsi maddəsi genişləndirici maddə olmamaqla konkretdir və qanunvericilikdə nəzərdə tutulmuş 10 (on) illik ( MM 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il keçdikdən sonra qüvvəsini itirir. ) müddət isə bitməmişdir. 22. Göründüyü kimi İddiaçı Banka olan borcun olmamasını iddia etsə də, iş materiallarından görünür ki, iddiaçının Bank qarşısında öhdəliyi hələdə mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1 və digər maddələrə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəmə tərəfindən İddiaçı Manaf oğlunun bugünkü günə banka borcunun olub-olmaması araşdırılmamışdır. Belə ki, İddiaçı qarşı məhkəmədə pulun tutulması ilə bağlı iddia qaldırılmış, lakin bankın iddiası təmin olunmamışdır. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı «Unibank KB» АSC qarşısında heç bir borc və öhdəliyi yoxdur. İddiaçı Bank qarşısında öhdəliyinin yaranması üçün borclu öhdəliyi icra etməməli və ya lazımınca icra etməməlidir. Borclu ölən günə qədər, yəni sağ olduğu vaxtda öhdəliyini lazımı qaydada icra etmişdir. Lakin borclu öldüyündən onun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi mübahisə mövzusu ola bilməz ki, bu halda isə İddiaçı Bank qarşısında məsuliyyəti yaranmamışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı bank qarşısında öhdəliyi yaranmadığıdan və şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən borc İddiaçı tələb oluna bilməz.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, təqdim etdiyi kredit bürosundan çıxarışda iddiaçının zamin olduğu öhdəlik kimi cavabdeh bankdan götürülmüş kredit göstərilmişdir. Lakin həmin çıxarışdan da göründüyü kimi kreditin müqavilə üzrə bitmə tarixi xx.xx.2017-ci il tarix olmuşdur. Sonradan isə cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı tələbi olmamışdır.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 17.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
21. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.(maddə 470.2).
23. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
28. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlməmişdir.
29. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X2 arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi iddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə borclu Fikrət Əliyev xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı kreditin və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddia qismən təmin olunmuş, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesabı müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin edilmiş, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesab müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia həmin hissədə də təmin edilməmiş, qalan hissədə qətnamə "xxxx" KB ASCyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqdim edilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı zamin olduğu öhdəliklər sırasında "xxxx" KB ASC-dən götürülmüş 7500 manat kredit üzrə hazırki dövrə olan borc 2998,47 manat təşkil edir və həmin müqavilə üzrə və kreditin verilmə tarixi xx.xx.2013-cü il tarix, kreditin müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci il tarix göstərilmişdir. 30.Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; "xxxx" KB ASC ilə X2 arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və İddiaçı həmin kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlamışdır. Kredit müqaviləsi 48 ay müddətinə bağlanmaqla xx.xx.2017-ci il tarixə qədər qüvvəsində olmuşdur və müddət bitdikdən sonra iddia müddətinin axımı başlanmışdır. 31.Buna qədər isə tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, "xxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı kreditin və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi, İddiaçı və X3 "xxxx" KB ASC-yə qarşı kredit müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası son nəticədə rədd edilmişdir. 32.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.3-cü maddələrinin mənasına görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 33.Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 34.Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 35.Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 36.Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 528-ci maddəsinə görə isə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 37.Beləliklə, “Zaminlik müqaviləsində” zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır, lakin həmin vaxtdan etibarən, eləcə də yuxarıda göstərilən iş üzrə qəbul edilmiş qətnamələrdən sonra cavabdeh zaminə qarşı borcun ödənilməsini hər hansı formada tələb etməmişdir. 38.Bununla da zaminliyə xitam verildiyindən zamin iddiaçı, cavabdeh bank qarşısında məsuliyyət daşımır.
39. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehin hazırki vaxtadək iddiaçının banka borclu olduğunu iddia etdiyi borclarını tələb etməməklə (öhdəliyin icra edilməsini tələb etmək hüququ), davranışı hüquqdan sui-istifadə olmaqla iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməkdədir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. 40.Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 41.Kollegiya qeyd edir ki, cavabdeh bankın kredit müqavilələri üzrə iddia müddəti bitənədək iddiaçının öhdəliklərini yerinə yerirməsi üçün məhkəməyə müraciət etmək hüququ olmuş və o bu hüququndan istifadə etməmişdir. 42.Belə olan halda Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına borc olduğunun görünməsi onun gələcəkdə ehtiyaclarını ödəmək üçün hər hansı bir bankdan kredit götürmək hüququnu məhdudlaşdırır. 43.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli və "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı barəsində X1 kredit reyestrində aparılmış qeydlər silinməlidir. 44.Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 45.Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(006)-1950/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı barəsində X1 kredit reyestrində aparılmış qeydlər silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Elnur Həsənov