Məhkəmə qərarları › İş №2(103)-522/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-522/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-522/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “vurulmuş ziyanın ödənilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-3851/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdehin faktiki sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, binəqədi şossesi ünvanında yerləşən fərdi yaşayış evinə qazın verilməsi və alqı-satqısı ilə bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, **********00077 nömrə ilə abonent kodu verilməklə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Birliyin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin evinə baxış keçirilən zaman sayğacsız təbii qazdan istifadə aşkar edilmiş, bu barədə ******* nömrəli AKT tərtib edilmişdir. Həmin AKT cavabdeh tərəfindən imzalanmamışdır və AKT-ın ona təqdim edilməsi müəyyən edilmir. Həmin aktın əsasında cavabdehə dəymiş ziyanın həcmi olaraq 22896 kub.m sərfiyyat hesablanmış və bunun dəyəri olaraq 2747.52 manat abonentin saldosuna borc kimi yazılmışdır.Bundan əlavə iddiaçı tərəfindən qeyri-müəyyən tarixdə sayğacsız qeyri-qanuni xəttin ləğv olunması barədə AKT tərtib edilmiş və həmin AKT-da cavabdehə təqdim edilməmişdir. Analoji olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixlərdə cavabdehin sayğacsız qazdan istifadə faktları aşkar edilərək aktlaşdırılmışdır. Müvafiq olaraq 362.88 manat, 267.84 manat, 362.88 manat, 362.88 manat məbləğ borc kimi abonentin hesabına yazılmışdır. Cavabdeh 5 ay ərzində sayğacsız qaz xətdindən istifadə etdiyini qəbul edir və bunu onunla əsaslandırır ki, onun müraciətindən sonra yeni tikilmiş evinə qaz xətti çəkilsə də, 2023-cü ilin may ayınadək sayğac quraşdırılmadığından və qış aylarında havaların soyuq olduğuna görə uşaqların xəstələnməməsi üçün bu addımı atmışdır. Bununla belə yazılan borcun məbləğini yüksək hesab edir və bildirir ki, o heç sayğac quraşdırıldıqdan sonra bir il ərzində aktda göstərilən məbləğdə qaz sərf etməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavаbdеh Cavabdeh tərəfindən iddiаçı İddiaçınə vurulmuş 4075 manat məbləğində zərərin və 62.65 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4137.65 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2023-cü il tarixində 139923 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00077 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş:1) xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2747,52 manat; 2) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; 3) - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 267,84 manat; 4) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; 5) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat. Debitor borcu məhkəmə icraatı zamanı tam ödənilmiş, aktlardan isə abonent tərəfindən 29 manat ödənildiyindən tələb həmin hissədə azaldılmışdır.

4. Cavabdeh iddiaya yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, aktların tərtib edilməsindən xəbəri olmamışdır. Hər dəfə Azəriqazın işçilərini görəndə qaz sayğacının quraşdırılmasını xahiş etmiş və onlar da yaxın vaxtlar da quraşdıracaqlarını bildirmişlər.2023-cü ilin may ayında sayğac quraşdırıldı və ailəsi ilə evə köçərək yaşamağa başlamışlar. Buna qədər evdə təmir işləri gedirdi və az-az orada tək qalırdı. Azəriqazın tələb etdiyi məbləğ absurddur və heç 5 aya bu qədər qazdan istifadə etmək mümkün deyil. Hazırda evə qaz sayğacı quraşdırılıb və o bir il ərzində 330 manat qazdan istifadə etmişdir. Bu səbəbdən də cərimə məbləği ilə razı deyil deyildir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)- 178/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş zərərin əvəzi qismində 229.08 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. (hakim X9)

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı abonentin yaşadığı ünvana 2022-ci ilin dekabr ayından qaz xətti çəksə də, xx.xx.2023-cü il tarixədək qaz sayğacı quraşdırmamışdır. İddiaçı tərəf bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. Cavabdeh isə qaz sayğacının quraşdırıldığı vaxtadək 5 ay ərzində sayğacsız qazdan istifadə etmişdir. Göründüyü kimi cavabdeh hüquqa zidd hərəkət etmiş və sayğacdan kənar qazdan istifadə edərək iddiaçıya maddi zərər vurmuşdur. Bununla belə məhkəmə hesab edir ki, hesablanan məbləğ “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun qaz paylayıcısına vurulmuş zərərin hesablanması qaydasına uyğun olmamışdır. Halbuki, abonent qaz sayğacı quraşdırıldıqdan sonra müvafiq ilin müvafiq ayları üzrə cəmi 258.08 manat qaz sərfiyyatı etmişdir. Belə ki, abonent 2023-cü ilin dekabrında 60.6 manat, 2024-cü ilin yanvar ayında 64.44 manat, fevral ayında 63.12 manat, mart ayında 45.12 manat, aprel ayında isə 24.8 manat məbləğində qazdan istifadə etmişdir. 20. Odur ki, abonentin sayğacdan kənar qazdan istifadə etdiyi müddət, ilin mövsümü, müvafiq dövrün orta gündəlik qaz sərfi və eyni zamanda ödənilən 29 manat nəzərə alınaraq iddiaçıya vurulan zərərin həcmi müəyyən edilməlidir. Bu isə cəmi 229.08(60.6+64.4+63.12+45.12+24.8-29) manat təşkil edir və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X6nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının (xx.xx.2023-cü il tarixli dəyişikliyədək) 4.9-cu, 6.5-ci bəndinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərlə) 13-cü maddəsinin 8-1-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktını tanımış, lakin həmin faktla bağlı tərtib edilmiş akt üzrə Paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə Paylayıcının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümyəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinizin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbimizin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 18. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)

15. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununu: Maddə 13 (8-ci bənd). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə paylayıcısı vurulmuş zərərin ödənilməsini müəyyən edildikdə istehlakçıdan qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1-ci bəndinə əsasən paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X6»: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətinin əsaslandırılmasında birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş ziyanın məbləği hissəsində dəyişdirilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı abonentin yaşadığı ünvana 2022-ci ilin dekabr ayından qaz xətti çəksə də, xx.xx.2023-cü il tarixədək qaz sayğacı quraşdırmamışdır. İddiaçı tərəf bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. Cavabdeh isə qaz sayğacının quraşdırıldığı vaxtadək 5 ay ərzində sayğacsız qazdan istifadə etmişdir. Göründüyü kimi, cavabdeh hüquqa zidd hərəkət etmiş və sayğacdan kənar qazdan istifadə edərək iddiaçıya maddi zərər vurmuşdur.

24. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, vurulan ziyanın məbləğini müəyyən etmək üçün mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması barədə qərara gəlinmiş və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.

25. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 21 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, abonentin qazdan qanunsuz istifadə etməsi nəzərə alınarsa, qazpaylayıcıya dəyən zərərin məbləği 2022 il ərzində 778 manat, 2023-cü il üzrə 1156 manat müəyyən edilə bilər.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlərə dair hesablanmış 1934 manat məbləğində borc əsaslı olmuşdur.

27. Belə ki, mülki işdə olan sübutlarla cavabdeh tərəfindən qeyd olunan ünvanda qaz xəttindən qeyri-qanuni şəkildə istifadə etməsi müəyyən edilmişdir.

28. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə işin faktiki hallarına düzgün qiymət verməməmiş və 2022-ci il və 2023-cü il üzrə də tərtib edilmiş aktlara dair hesablanmış borcun məbləğini müəyyən edərkən düzgün olmayan nəticəyə gəlmişdir.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB-nin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-3851/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi vurulan ziyanın məbləği hissəsində dəyişdirilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-3851/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi vurulan zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək vurulmuş zərərin əvəzi qismində 1934 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar