Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5220/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 609/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Lexus LX500D” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023cü il tarixdən İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə (bundan sonra cavabdeh) məxsus “Otokar Kent LF12M” CNG markalı, **- JL-*** dövlət qeydiyyat nişanlı avtobusla iddiaçıya məxsus avtomobil toqquşmuşdur (arxadan vurulmuşdur). "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən “Lexus LX500D” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 11.215 manat müəyyən edilmişdir. “X3” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən “Lexus LX500D” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 11.215 manatdır. Dəymiş zərər nəticəsində avtomobilin dəyərinin təqribi orta bazar qiymətlərinə uyğun olaraq 198.000 manat məbləğində olduğu və avtomobilin 22.000 manat məbləğində dəyər itirdiyi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən “Lexus LX500D” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin orta bazar qiymətlərinə uyğun olaraq 190.800 manat olduğu, bununla da avtomobilin 21.200 manat məbləğində dəyər itirdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 6.000 manat, nəqliyyat vasitəsinin zərəri nəticəsində dəyərdən düşməsinə görə 25.000 manat, 2.000 manat mənəvi ziyanın və tərəfindən ödənilmiş 190 manat dövlət rüsumu olmaqla, 33.190 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-ci il tarixdə 253.300 manata “Lexus LX500D” markalı avtomobil almışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMCyə məxsus “Otokar Kent LF12M” CNG markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtobus ilə ona məxsus avtomobil toqquşmuş və onun avtomobilinə ciddi zərər dəymişdir. Bundan sonra avtomobil zəmanətdə olduğu üçün "xxxx" MMC-də dəymiş ziyan qiymətləndirilmiş və qiymətləndirmə aktına əsasən avtomobilə dəymiş zərər 11.215 manat hesablanmışdır. Sığorta şirkəti həmin məbləğdən 5.000 manat ödəniş etmişdir. Həmçinin qəza nəticəsində avtomobil ən azı 15 faiz dəyər itirmişdir. Bu səbəbdən də o, dəymiş zərərin qalan hissəsini və həmin itirilmiş dəyərin də cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa bu müddət ərzində keçirdiyi həyəcan və stresə görə 2.000 manat mənəvi ziyan tələb edir.
4. Cavabdeh MMC iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır, qeyd edilən məbləğ şişirdilərək yazılmışdır. Həmçinin avtomobilin dəyərinin 15 faiz itirilməsi ilə bağlı tələb üzrə hər hansı bir meyar mövcud olmadığından iddianın rədd edilməlidir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 609/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən “Lexus LX500D” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 6.000 manat, avtomobilə dəymiş zərər nəticəsində dəyərinin itirilməsinə görə 22.000 manat və 174 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X2)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək iddia tələbinin maddi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqa zidd əməli törətmiş ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi hər hansı sübutla müəyyən edilmir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halıdır və buna görə vurulmuş ziyan iddiaçıya ödənilməli vurulmuş ziyanın həcminə münasibətdə iddia tələbi təmin edilməlidir.
7. Məhkəmə iddia tələbinin avtomobilin itirilmiş dəyərinin ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iş materiallarına olan mütəxəssis rəyinə əsasən dəymiş zərər nəticəsində avtomobilin dəyərinin təqribi orta bazar qiymətlərinə uyğun olaraq 198.000 manat məbləğində olduğu və avtomobilin 22.000 manat məbləğində dəyər itirdiyi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehdən avtomobilin itirilmiş dəyərinə görə 22.000 manat tutulmalıdır.
8. Məhkəmə iddia tələbinin mənəvi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun 174 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096- 1097-ci, 1008-ci, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.3.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli qətnamədən və iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən baş vermiş qəzada avtomobilə dəymiş zərər nəticəsində itirilmiş real dəyər düzgün müəyyən edilməmişdir. Belə ki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Lakin xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə-yol nəqliyyat və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının aparılması və rəy verilməsi mümkün olmamışdır. Məhkəmə qətnaməsində avtomobilin qəza nəticəsində 22.000 manat məbləğində dəyər itirdiyi əsas götürülmüşdür. Lakin bu nəticə obyektiv meyarlar olmadan, subyektiv qiymətləndirməyə əsaslanmışdır. “X3” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi kommersiya əsaslı və məhkəmə ekspertizası deyil. Bu səbəbdən hüquqi qüvvəsi məhduddur. Avtomobilin dəyərinin 22.000 manat həcmində azaldığını sübut edən heç bir hüquqi meyar və ya bazar real araşdırması təqdim olunmamışdır. Belə tələb yalnız sığorta hüququ çərçivəsində və ya konkret qiymətləndirici orqanların sertifikatlı aktları əsasında sübut edilə bilər. Avtomobilin bazar dəyərinin müəyyən olunması üçün açıq bazar təhlili, müqayisəli analiz aparılmamış, yalnız mütəxəssis rəyi qəbul edilmişdir. Məhkəmənin yalnız “X3” MMC-nin xx.xx.2025-ci il tarixli rəyini əsas götürməsi əsassızdır. Belə ki qanunda ekspert qismində fəaliyyət göstərmək üçün ekspertin istədiyi ixtisas üzrə ən azı 10 il işləməyi tələb olunur, lakin “X3” MMC-nin rəyindən məlum olur ki, iş üzrə rəy verən mütəxəssis 2019-cu ildən bu fəaliyyəti həyata keçirir. Bundan əlavə məlum olduğu kimi, “X3” MMC Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü deyil. Yəni onun qiymətləndirici kimi rəy vermək hüququ yoxdur. Bütün bunlarla sübut olunur ki, “X3” MMC-dən təqdim olunan sənəd rəy kimi dəyərləndirilə bilməzdi. “Dəyərdən düşmə” kompensasiya xarakterli zərərdir və onun təyin edilməsi üçün konkret qiymətləndirici orqanların lisenziyalı ekspertizası, müqayisəli bazar təhlili (nəzərdən keçirilmiş digər oxşar avtomobillərin satış qiymətləri) və məhkəmə tərəfindən təkrar və ya müstəqil ekspertiza aparılması zəruri idi. "xxxx" MMC və “X3” MMC tərəfindən aparılmış qiymətləndirməyə əsasən avtomobilə 11.215 manat həcmində zərər dəymişdir. Məhkəmə sübutlara qiymət verərkən subyektiv və birtərəfli mövqedən çıxış etmişdir. Məhkəmə avtomobilin dəyərdən düşməsini yalnız “X3” MMC-nin xx.xx.2025-ci il tarixli rəyi əsasında müəyyən etmişdir. Bu rəy məhkəmə ekspertizası deyildir və obyektiv, müstəqil qiymətləndirmə əsasında yox, yalnız iddiaçının təqdim etdiyi əhəmiyyətsiz bir sənəddir. İddiaçının avtomobili 2023-cü ilin iyul ayında (xx.xx.2023) 253.300 manata alınıb, qəza 2024-cü ilin iyulunda (xx.xx.2024) baş verib, yəni avtomobil hadisə zamanı cəmi 11 ay istismar olunmuşdur və zəmanət müddətindədir. Bu cür yeni və yüksək qiymətli avtomobillər, əgər struktur zədəsi yoxdursa və zavod hissələri ilə təmir olunubsa, bazarda bu qədər dəyər itirmir. Hətta bəzi hallarda heç dəyər itirmir. Təmir olunmuş avtomobillərin bazar dəyərinin azalması yalnız qeyri-rəsmi və zəmanətsiz təmir edilibsə və ya avtomobilin texniki və istismar keyfiyyətləri dəyişibsə, baş verə bilər. İddiaçı isə avtomobilin rəsmi "xxxx" servisdə təmir olunduğunu təsdiqləyir. Bu halda bazarda belə avtomobillərə mütləq dəyər itkisi deyil, yalnız nisbi dəyər fərqi ola bilər ki, bu da 22.000 manat deyil. Mütəxəssis rəyində istifadə olunan qiymətləndirmə metodları zərərin həqiqi bazar dəyərini əks etdirmir. Məsələn, qiymətləndirmə zamanı bazar araşdırması aparılmayıb, əvəzlənən əşyanın real qiymətinə uyğun olmayan göstəricilər əsas götürülüb. Maddi ziyanın məbləği və dəyəri barədə təqdim olunan sənədlər natamam və ziddiyyətlidir, tələb olunan məbləğ həddən artıq artırılmışdır. Əvvəlki satış dəyəri ilə cari bazar qiyməti fərqli ola bilər. İddiaçı avtomobili 253.300 manata alıb, ekspertiza isə hazırda bazar qiymətini 198.000 manat göstərib. Bu fərqin avtomobilin təbii amortizasiyası (ilkin istismar, illik dəyər düşməsi), vergi və sənəd xərcləri daxil olub-olmaması nəzərə alınmadan birbaşa “dəyər itkisi” kimi təqdim olunması qeyri-qanunidir. Lakin iddiaçı tərəfindən bu sübut məhkəməyə təqdim edilməmişdir. İrəli sürülən tələblər əsassızdır və zərər məbləği həddindən artıq şişirdilmişdir.
13. Bundan sonra Cavabdeh MMC ərizə təqdim edərək bildirmişdir ki, "Otokar" markalı, 99JL101 dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman sözügedən nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən istifadə və idarə olunmuşdur. Bu səbəbdən, Cavabdeh MMC dəymiş zərərlə bağlı hər hansı məsuliyyət daşımır. Göstərilənləri nəzərə alaraq, iddianın əsl cavabdehə yönəldilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh MMC isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Eyni zamanda, qeyd edilmişdir ki, qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, qətnamə ilə iddia qismən təmin edildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməklə iddianın həmin hissədə tam və ya qismən rədd edilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəllilərinə istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən “Lexus LX500D” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Həmin avtomobilin buraxılış ili 2023-cü ildir, 3 il müddətinə və ya 100.000 km (hansı şərt daha tez baş versə, zəmanət o halın baş verməsi ilə sonlanır) zəmanət talonuna malikdir. xx.xx.2024-cü il tarixli yolnəqliyyat hadisəsinin "xxxx" MMC-nin qanuni sahibliyində olan “Otokar Kent LF12M” CNG markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün təqsiri nəticəsində baş verməsi işin mübahisə edilməyən halıdır.
24. Hazırki iş üzrə iddiaçı yoxlanılan hissədə avtomobilin 2023-cü il buraxılışlı olmasına, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə dəyər itkisinə məruz qalmasına istinad edərək avtomobilin dəyərdən düşməsinə görə 25.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh isə avtomobilin 11 ay istismar olunmasına, istehsalçının rəsmi distributeri tərəfindən təmir edilməsinə, dəyər itirmə anlayışının zavod buraxılışı olmayan ehtiyat hissələri ilə təmir edilmə zamanı mümkün olmasına, hazırki işdə bu halın müşahidə edilməməsinə, mütəxəssis rəyini tərtib edən müəssisənin Qiymətləndiricilər Palatasının üzvü olmamasına, mütəxəssisin 10 ildən az qiymətləndirici kimi təcrübəsi olmasına istinad edərək mütəxəssis rəyinin mötəbər hesab edilməyərək iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyinin mötəbərliyi ilə bağlı olduğunu nəzərə alaraq, hazırki icraat çərçivəsində avtomobilin itirilmiş dəyərinin məbləği ilə bağlı qiymətləndirmə təşkil etmiş və bunun nəticəsi olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən “Lexus LX500D” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin orta bazar qiymətlərinə uyğun olaraq 190.800 manat olduğu, avtomobilin 21.200 manat məbləğində dəyər itirdiyi müəyyən edilmişdir.
26. Bununla belə, göründüyü kimi cavabdehin mötəbərliyini mübahisələndirdiyi mütəxəssis rəyi ilə müəyyən edilmiş qiymətlə hazırki qiymətləndirmə rəyi üzrə avtomobilin dəyər itkisi kimi müəyyən edilmiş məbləğ arasında cəmi 800 manat fərq vardır. Digər tərəfdən, cavabdeh “X3” MMC-nin Qiymətləndiricilər Palatasının üzvü olmaması qeyd edilsə də, həmin müəssisə Azərbaycan Qiymətləndiricilər Palatasında üzv olan qiymətləndirici təşkilatların siyahısında mövcuddur.
27. Məhkəmə kollegiyası əvvəlki icraat çərçivəsində avtomobilin dəyər itkisi kimi müəyyən edilmiş məbləğlə hazırki icraat çərçivəsində müəyyən edilmiş məbləğ arasında əhəmiyyətli fərqin olmamasını (cəmi 800 manat), cavabdehin əvvəlki mütəxəssis rəyinin mötəbərləri ilə bağlı istinad etdiyi halların öz təsdiqini tapmamasını, habelə cavabdehin irəli sürdüyü mövqeyə uyğun hər hansı sübut, o cümlədən dəyər itkisinin daha az olması və ya ümumiyyətlə olmamasını təsdiq edən mütəxəssis rəyi təqdim etməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin bu qəbildən olan dəlilləri əsassızdır və təmin edilə bilməz. Hər bir halda nəzərə alınmalıdır ki, hər iki mütəxəssis rəyi ilə avtomobilin 21.000-22.000 manat məbləğində dəyər itirməsi öz təsdiqini tapır ki, mütəxəssis rəyləri arasında cüzi fərqin olması, onların biri-birindən (2025-ci ilin aprel və 2025-ci ilin dekabr ayları) 8 ay müddət fərqi ilə tərtib edilməsi də nəzərə alınmaqla, hazırki halda qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Hər bir halda, əsas məqsəd nəticə etibarı ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətin real olub-olmamasını müəyyən etməkdən ibarət olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş rəydə göstərilən qiymət məbləğ etibarı ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətin əsaslı olması qənaətinə gəlməyə əsas verir. Məhz ümumi məbləğ baxımından rəylərlə müəyyən edilmiş fərqin cuzi olması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyən edilmiş qiymətin əsas götürülməsi zərurətini aradan qaldırmış olur.
28. Məhkəmə kollegiyası cavabdehin avtobusun mülkiyyətçisi olmaması, icarə müqaviləsinə əsasən avtobusun cəmiyyətin istifadəsində olması və bu baxımdan hadisə ilə bağlı hər hansı məsuliyyət daşımaması və iddiaya cavab verməli olmaması barədə dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh cəmiyyət xx.xx.2021-ci il tarixdən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış kabinetə sahibdir. Hazırki mülki işlə bağlı da həmin elektron sistem vasitəsilə keçirilən məhkəmə iclasları barədə məlumatlandırılmış, hətta elektron kabineti vasitəsilə məhkəməyə vəsatət və iddiaya qarşı etiraz ünvanlamış, apellyasiya şikayətini də bu qaydada məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq, cavabdeh ümumiyyətlə, o cümlədən apellyasiya şikayətində bu mövqedən çıxış etməmiş, hazırki ərizədə qaldırdığı məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Yalnız hazırki icraat çərçivəsində bu mövqedən çıxış etmişdir ki, bu da mülki prosessual qanunvericiliyin tələbləri baxımından qəbul edilə bilməz. Digər tərəfdən o hal da qeyd edilməlidir ki, həmin avtobusun təqdim edilmiş müqaviləyə uyğun olaraq icarə əsası ilə cavabdehin istifadə və sahibliyində olması da onun qanuni sahib olması baxımından hər hansı fərqli hüquqi nəticə yaratmış olmur, o cümlədən cavabdehin hazırki iddia tələbinə cavab verməli şəxs olmasını aradan qaldırmır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 6.000 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı hesab edir və bu nəticə ilə də razılaşır.
30. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilmiş qiymətləndirmə işinin dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, həmin cəmiyyətə ödənilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-609/2025 saylı qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilmiş qiymətləndirmə işinin dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.