Məhkəmə qərarları › İş №2(103)-5221/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5221/2023

06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5221/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İş № 2(103)-5221/2023 Açar sözlər: (pul tələbi, əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh Binə südçülük sovxozu ərazisində 400 kv.m. torpaq sahəsi almış və buna görə cavabdehə 11300 manat pul vermiş, lakin cavabdeh torpaq sahəsini əksik verdiyinə görə, həmçinin cavabdehin torpaq sahəsi üçün iddiaçı tərəfindən çəkilmiş hasarı sökməsi və darvazanı oğurlaması səbəbindən ona zərər dəydiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə mərhum X7 ilə birlikdə onun adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisindən Cavabdeh ev tikmək üçün 400 kvadrat metr torpaq sahəsi almışlar. Cavabdeh 800 kvadrat metrlik həyətinin yarısında özü ev tikib yaşamış, 400 kvadrat metrini isə onlara satmışdır. Bununla bağlı onlardan əvvəl 11200,0 manat, sonra isə əlavə olaraq 110,0 manat, cəmi 11300,0 manat pul almışdır. Bu barədə onlara yazılı sənəd vermişdir. Mərhum əri torpaq sahəsini alarkən Bakı şəhəri, Enzees qəsəbəsində yaşayan X5 da orada iştirak etmişdir, (tel; ***-***-**-**). Əri torpaq sahəsini alarkən aldıqları həyətdəki dəmir darvaza ilə birlikdə almışlar və Cavabdeh torpaq sahəsi ilə öz torpaq sahələrinin arasında mişar daşı ilə hasar çəkib həyətləri ayırmışlar. X1 iştirakı ilə hasar çəkmək üçün əlavə 1500,0 manat xərc çəkmişlər. X7 19 iyul 2021-ci ildə vəfat etmişdir. Təqribən 3 ay sonra o, X2 demişdir ki, ev tikməyə imkanı çatmaz, torpaq sahəmi sataq. X5 torpaq sahəsini satmağa cəhd göstərsə də, Cavabdeh buna mane olmuşdur. Bu barədə Xəzər rayonu 3-cü polis bölməsinə də İsayeva Gülabatın məlumat vermişdir. O, Cavabdeh ilə əlaqə yaratmış və cavabdeh ona demişdir ki, torpaq sahəsini özü alar, iki ay vaxt istəmişdir. Vaxt bitəndən sonra bu bir də oğlu Hüseynin toyu ilə bağlı vaxt istədi. Bu vaxt da bitdi. Artıq 2022-ci ilin avqust ayının 17-də torpaq sahəsini özü satmaq qərarına gəlmişdir. O, aldığı torpağın həyətinə girəndə hasarın söküldüyünü görmüşdür. O, bu barədə Xəzər rayonu 3-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Avqust ayının 19-da İsayeva Gülabatın ona darvazanın orada olmadığını dedi. xx.xx.2022-ci il tarixində torpaq sahəsinə getmişdir, darvazanın orada olmadığını görmüşdür. O, 102 xidmətinə zəng vurmuşdur. Təqribən 20-25 dəqiqədən sonra Xəzər rayon Polis İdarəsi 3-cü polis şöbəsinin polisləri hadisə yerinə gəlib baxış keçirib və foto şəkillər çəkdilər (telefonla), onu şöbəyə aparıb ərizə və izahatını almışlar. xx.xx.2022-ci ildə torpaq sahəsinə baxış keçirərkən Cavabdeh oğlu Hüseynə məxsus **-FV-*** seriyalı maşın onun həyətindədir. O, Hüseyni çağırmış, anası Sədaqət, bacısı qapıdan çıxdılar. Əvvəl salam vermiş sonra isə bu gündən sonra maşını həyətində saxlamamağını demişdir. Hüseyn evə keçdikdən sonra anası Sədaqət nalayiq sözlərlə onu təhqir etmişdir. Torpaq sahəsinə baxış keçirərkən görmüşdür ki, cavabdeh ona məxsus torpağından 100 kvadrat metr öz torpağına qatıb. Onlar aldıqları torpağa görə bələdiyyəyə vergi də ödəyirlər, (sənədi iddia ərizəsinə əlavə edir). Cavabdeh onun mülki hüququnu pozmuşdur. 4.İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində göstərilənləri və əlavə olaraq bildirmişdir ki, maddi ziyan dedikdə xx.xx.2021-ci ildə 400 kv.metr torpaq sahəsini 11200 manat, əlavə 110 manat, hasar çəkmək üçün 1500 manat, cəmi 12710,0 manat xərc çəkmişlər. Etibarnamədə 400 kv. metr torpaq sahəsi olmağına baxmayaraq faktiki 315 kv. metr torpaq sahəsini onlara ayırmışdır. 85 kv. metr az. Etibarnamədə onlara məxsus olan 400 kv.metr torpaq sahəsini 2022-ci ilin noyabr ayında 11500 manata satmışlar. 85 kv.metr torpaq sahəsi isə Cavabdeh yaşadığı evin həyətindədir. O, Cavabdeh törətdiyi əməli əsassız varlanma kimi başa düşür. Mənəvi ziyan dedikdə xx.xx.2022-ci ildə hasarın söküldüyünü, xx.xx.2022-ci ildə dəmir darvazanın oğurlandığını görəndə keçirtdiyi sarsıntılar nəticəsində onda yaranmış qorxu, yuxu pozğunluğu, təziqinin yüksək dərəcədə artması, ürək döyüntüsünün çoxalması, aylarla özünə gəlməməyinə səbəb oldu. O, Lənkəran rayon Mərkəzi xəstəxanasına getmiş, müayinələrdən keçib ambulator şəraitdə müalicələr almışdır. Müainələrin surətini iddia ərizəsinə qoşmuşdur. O, 85 kv. metr torpaq sahəsini az verdiyinə görə 5800 manat, hasarın sökülməyi, dəmir darvazanın oğurlanması və səhhətində yaratdığı problemlərə görə 200 manat, cəmi 6000 manat tələb edir və Cavabdeh ona qarşı məhkəməyə verdiyi etiraz ərizəsini əsassız hesab edir. Heç bir sübut və faktları olmadığına görə. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat və dövlət rüsumu 80 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçının iddia tələbində qeyd etdiyi Abşeron rayonu, Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 saylı əmrdən çıxarışa əsasən torpaq sahəsindən 0.04 ha hissəsini İddiaçı 13 yanvar 2021-ci il tarixli etibarnamə əsasında X10 tərəfindən etibar edilmişdir. Lakin torpaq sahəsinin qeyri-rəsmi alğı-satqısı barədə iddiaçının əri Nurəddinlə aralarında olan razılaşmaya əsasən torpaq sahəsinin ayrılması nəzərdə tutulan hissəsində olan su quyusunun və dəmir darvazanın gələcəkdə ona məxsus torpaq sahəsinə aid hissəsində ona məxsus torpaq sahəsinə qoyulması barədə razılaşma əldə olunmuşdur. Lakin iddiaçı ərinin vəfatından sonra torpaq sahəsinin ona aid hissəsində qalan su quyusuna və darvazaya iddia eləməyə başlamış və bu səbəbdən əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbində qeyd olunan darvaza onun tərəfindən qoyulmuş və iddiaçı tərəfindən həmin darvazanın alınmasına və quraşdırılmasına hər hansı vəsait sərf edilməmişdir. Onun tərəfindən iddiaçıya hər hansı məbləğdə maddi və mənəvi ziyan vurulmamışdır. Hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Çünki, iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən, hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı "vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilə bilməz. 6.Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində göstərmişdir ki, iddiaçı onun qohumudur. Sədaqətin oğlu marketdə idi, dedi ki, su quyusu və darvaza ilə birlikdə torpaq satırlar. O, demişdirki, şəklini çək at qohuma göstərəcəm. Onlar razılaşmışlar. İddiaçının mərhum həyat yoldaşı Nurəddin pul göndərmiş, aralarında razılaşmışlar. Hasar çəkilmiş, usta gəlmişdir. Onlar beh verəndə müqavilə imzalamışlar. O da orada iştirak edib. 7.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Məmmədli Emin) iddia tələbi təmin edilməmişdir. 8.Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 (səlahiyyətlərini ötürdüyü Cavabdeh vasitəsilə) Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışa əsasən Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən 0.04 ha torpaq sahəsinə aid sənədlər toplamağı, müvafiq idarə və təşkilatın razılığını almağı, sənədləri ƏMDK yanında DƏDRX-nin ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarışı, AZ.DTXK-dan kadastr planı almağı və gələcəkdə üzərində sərəncamverməyi, tikinti tikməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyi İddiaçı etibar etmişdir. 9.İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 (səlahiyyətlərini ötürdüyü İddiaçı vasitəsilə) Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışa əsasən Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən 0.0317 ha torpaq sahəsinə aid sənədlər toplamağı, müvafiq idarə və təşkilatın razılığını almağı, sənədləri ƏMDK yanında DƏDRX-nin ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarışı, AZ. DTXK-dan kadastr planı almağı və gələcəkdə üzərində sərəncamverməyi, tikinti tikməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyi cavadova Ruhiyyə Çapar qızına etibar etmişdir. 10.İş materiallarında olan Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışın surətindən görünür ki, X8 0.08 ha torpaq sahəsi ayrılmışdır. 11.İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, ki İddiaçı Abşeron rayonu Xırdalan qəsəbəsi yeni yaşayış massivində darvazanın oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 12.İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda özünə məxsus evdə qeydiyyatsız yaşayır. 13.İş materiallarında olan tədiyyə bildirişinin surətindən görünür ki, İddiaçı tərəfindən Binə bələdiyyəsinə torpaq vergisi ödənilmişdir. 14.İş materiallarında olan sadə əl yazısı ilə xx.xx.2020-ci il tarixli “Müqavilə”də qeyd edilmişdir ki, Cavabdeh Abşeron Binə qəsəbəsində yerləşən yaşadığı həyətyanı sahəsindən 4 sot torpağı İddiaçı Əhməd qızına 11200 AZN satır. xx.xx.2020 tarixində 400 AZN beh alır. Həmin vərəqə əlavə olaraq “satdığım torpağın pulundan yenə 10000,0 manat aldım, qalan 800,0 manatı 2021-ci ilin sonuna verəcəklər. 15.Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən Binə südçülük sovxozu ərazisində 400 kv.m. torpaq sahəsi almış, lakin torpaq sahəsi 85 kv.m. əskik verildiyinə görə ona 5800,0 manat maddi zərər dəymişdir. Həmçinin, həmin torpaq sahəsində cavabdeh tərəfindən hasarın sökülməsi, darvazanın oğurlanması səhhətində problemlər yaratmaqla ona 200,0 manat mənəvi zərər dəymişdir. O, iddiasının əsası kimi cavabdehlə aralarında yazılı şəkildə tərtib edilmiş, özündə beh verilməsi və sonradan digər ödənişlərin həyata keçirilməsini əks etdirən sənədi göstərmişdir. 16.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmamış, tərəflər arasında sadə yazılı formada bağlanmış torpaq sahəsinin verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial qaydada bağlanmadığından etibarsızdır. 17.İşin hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 18.Buna görə də məhkəmə hesab etmişdir ki, torpaq sahəsi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadığından, həmçinin tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada alğı-satqı müqaviləsi bağlanmadığından, iddiaçının torpaq sahəsinin əskik verilməsinə, həmin torpaq sahəsində cavabdeh tərəfindən hasarın sökülməsi, darvazanın oğurlanmasına görə cavabdehdən pul tələb etməyə hüquqi əsası yoxdur. Odur ki, iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia həm də ona görə təmin edilməməlidir ki, iddiaçı öz tələbini əsaslandırarkən mülki qanunvericiliyin deliktə dair normalarına istinad etmiş, işin məhkəmə tərəfindən araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulmasına dair dəlillər öz təsdiqini tapmamışdır. 19.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. 20.Məhkəmə iddia tələbinin 200,0 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın tələbinin bu hissəsi törəmə hüquq münasibəti olub, cavabdehin alğı-satqı müqaviləsi üzrə iddiaçıya torpaq sahəsini razılaşdırılmış qaydada və ölçüdə verməməsi ilə əlaqədar maddi ziyanın ödənilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbləri həmin hissələrdə təmin edilməməli olduğundan, iddia tələbinin göstərilən hissələri də təmin edilməməlidir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646, 647, 491.1, 491.2, 139.1, 139.3, 146.2, 1096.1, 21.2: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və İddiaçı Cavabdeh qarşı 6000 (altı min ) manat məbləğində iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389, 646, 647, 491,139,146,1096-cı maddələri məhkəmə tərəfindən tətbiq edilməli olmadığı halda tətbiq edilmiş, həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməyibdir. Azərbaycan Respublikası MPM -nin 14.2 və 14.1 -ci mamaddələri məhkəmə tərəfindən tətbiq edilərkən 14 .2-ci maddə daha üstün mövqedə 14.1-ci maddə isə sanki unudulmuşdur. Məhkəmə hər bir halda tərəflərə öz hüquqlarını həyata keçirmək üçün kömək etməyə borcludur. Məhkəmə tərəflərin izahatlarına, şahid ifadələrinə daha çox üstünlük verərək yazılı sübutları, yanlış qiymətləndirmiş, cavabdehin iddiaçıya vermiş olduğu etibarnaməni və bu etibarnaməni verərkən pul almasını, alınan pula görə qəbz imzalamasını qiymətləndirmədən saxlamışıdır. Məhkəmə iddiaçının 6000 min manat məbləğində iddia ərizəsini təmin etmədən saxlarkən, tərəflərin, birinin alıcı, o birinin satıcı olmasına dair mövcud sübutları qiymətləndirmədən saxlamışdır. Məhkəmə İddiaçı Cavabdeh mərhum əri vasitəsi ilə tarpağın alğı-satqısı üçün 11300,0 manat pul verməsini qəbul etsədə ona 85 kv metr az torpaq sahəsi az verməsini,bundan başqa 100 kv metr torpaq sahəsini cavabdehin öz torpaq sahəsinə qatmasını göstərsə də bunun əvəzində 6000 manat zərərin əvəzinin iddiaçıya verilməsindən imtina etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İzahatlarında qeyd etdilər ki, onların tələbi pul tələbidir. İddiaçı 85 kv.m torpağa görə 4000 manat, darvazaya görə 1000 manat, hasara görə 800 manat, mənəvi zərərə görə 200 manat tələb edir. 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, o, iddiaçıya 4 sot torpaq sahəsini 11300 manata satıb. Lakin torpaq sahəsinin qeyri-rəsmi alğı-satqısı barədə iddiaçının əri Nurəddinlə aralarında olan razılaşmaya əsasən torpaq sahəsinin ayrılması nəzərdə tutulan hissəsində olan su quyusunun və dəmir darvazanın gələcəkdə ona məxsus torpaq sahəsinə aid hissəsində ona məxsus torpaq sahəsinə qoyulması barədə razılaşma əldə olunmuşdur. Lakin iddiaçı ərinin vəfatından sonra torpaq sahəsinin ona aid hissəsində qalan su quyusuna və darvazaya iddia eləməyə başlamış və bu səbəbdən əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. O, tezliklə iddiaçıya qarşı su quyusu və darvaza ilə bağlı tələb irəli sürəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 28.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 30.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 32.Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 33.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 34.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 35.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 36.Maddə1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 37.Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 38.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacibhalların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlıxüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” 40.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqitəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci iltarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntıkeçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurundamüəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onunsağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərinödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvizərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindənməhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzarnüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraqməhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarətyetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 43.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 44.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. 48.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh Binə südçülük sovxozu ərazisində 400 kv.m. torpaq sahəsini sadə əl yazısı olan müqavilə və etibarnamə əsasında 11300 manat pul ödəməklə əldə etmişdir. İddiaçı torpaq sahəsinin 85 kv.m az olduğunu qeyd edərək, ondan artıq alınmış pulunu tələb edir. Həmçinin maddi zərər olaraq darvazanın oğurlanması, hasarın sökülməsi ilə bağlı və mənəvi zərərə görə pul tələb edir. 49.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində torpaq sahəsinin ona az verilməsi ilə bağlı əsassız varlanmaya istinad etsə də, məhkəmə bu hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, torpaq sahəsi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadığından, həmçinin tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada alğı-satqı müqaviləsi bağlanmadığından, iddiaçının torpaq sahəsinin əskik verilməsinə, həmin torpaq sahəsində cavabdeh tərəfindən hasarın sökülməsi, darvazanın oğurlanmasına görə cavabdehdən pul tələb etməyə hüquqi əsası yoxdur. Həmçinin iddia ona görə təmin edilməməlidir ki, iddiaçı öz tələbini əsaslandırarkən mülki qanunvericiliyin deliktlə bağlı normalarına istinad etmişdir. 50.Kollegiya hesab edir ki, məhkəmə torpaq sahəsinin müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmaması, alğı-satqı müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmaması üzrə işin faktiki hallarını düzgün müəyyən etsə də, iddia tələbini qeyd olunan əsaslara görə rədd edərkən maddi və prosessual hüququ normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 51.Belə ki, mülki qanunverciliklə mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi əsassız varlanma institutu təsbit olunmuşdur. (Mülki Məcəllə, maddə 14.2.7) Əsassız varlanma institusunun mahiyyəti ondan ibarətdir ki, şəxs hər hansı hüquqi əsas-qanuni və ya müqavilə əsası olmadan başqa şəxsin vəsaiti hesabına maddi nemətlərə malik olur. 52.Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsində əsassən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (MM. Maddə 1091.2) 53.İş materiallarında olan sadə əl yazısı ilə xx.xx.2020-ci il tarixli “Müqavilə”də qeyd edilmişdir ki, Cavabdeh Abşeron Binə qəsəbəsində yerləşən yaşadığı həyətyanı sahəsindən 4 sot torpağı İddiaçı Əhməd qızına 11200 AZN satır. xx.xx.2020 tarixində 400 AZN beh alır. Həmin vərəqə əlavə olaraq “satdığım torpağın pulundan yenə 10000,0 manat aldım, qalan 800,0 manatı 2021-ci ilin sonuna verəcəklər. 54.Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh Seydidova Sədaqət etiraf etmişdir ki, o, mübahisələndirilən 4 sot torpaq sahəsinə görə iddiaçıdan 11300 manat məbləğində pul almışdır. 55.Kollegiya tərəflərin və mütəxəsisin iştirakları ilə mübahisəli torpaq sahəsinə yerli baxış keçirmişdir. “X4” MMC-nin 26 sentyabr 2023-cü il tarixli, 126 saylı mütəxəssis rəyinə əsasən- rəyin tədqiqat hissəsində qeyd olunanlar, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və “Google Earth” proqramının xx.xx.2023-cü ilin ortofoto (aerokosmik çəkiliş) görüntüləri nəzərə alınaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən mübahisəli torpaq sahəsinin 315,0 kv.m təşkil etdiyi müəyyən olunur. -Mübahisəli torpaq sahəsinin müvafiq etibarnamədə 400,0 kv.m kimi göstərildiyini və naturada həmin torpaq sahəsinin 315,0 kv.m təşkil etdiyi nəzərə alaraq, çatışmayan sahənin 85,0 kv olduğu müəyyən edilir. -Müvafiq etibarnaməyə əsasən torpaq sahəsinin 11300,0 manata satıldığını və çatışmayan sahənin 85,0 kv.m olduğu nəzərə alınaraq çatışmaya sahənin dəyəri 2401,0 (iki min dörd yüz bir) manat məbləğində müəyyən edilir. 56.Kollegiya hesab edir ki, torpaq sahəsi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadığından, həmçinin tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada alğı-satqı müqaviləsi bağlanmadığına görə, cavabdeh iddiaçıdan 85 kv.m torpaq sahəsinə görə 2401 manat məbləğində pul almaqla əsassız olaraq varlanmışdır. Buna görə də, kollegiya hesab edir ki, iddiaçı 85 kv.m torpaq sahəsinə görə cavabdehdən əsassız varlanmadan irəli gələrək pul tələb etməkdə haqlı olmuşdur. 57.Kollegiya hesab edir ki, 85 kv.m torpaq sahəsi ilə bağlı hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 4201 manat məbləğində pul tutulmalıdır. 58.Məhkəmə kollegiyası iddia tələbinin mübahisələndirilən torpaq sahəsində cavabdeh tərəfindən hasarın sökülməsi və darvazanın oğurlanmasına görə cavabdehdən tələb edilən pul məbləği ilə bağlı qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə mötəbər sübutlarla öz təsdiqini tapmadığından təmin edilməməlidir. 59.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 60.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. 61.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 62.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 63.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 64.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 65.Həmçinin kollegiya bunların iddiaçının səhhətində yaratdığı problemlərə görə mənəvi zərərə görə 200 manat tələb hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. 66.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 67.Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 200 manat mənəvi zərərin tutulması hissəsində tələb təmin edilməməlidir. 68.Beləliklə, məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2401,0 (iki min dörd yüz bir) manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməlidir. 69.Kollegiya həmçinin hesab edir ki, mütəxəssis rəyinin alınmasına görə ödənilməli olan 300 manatın 180 manatı İddiaçı, 120 manatı isə Cavabdeh tutularaq “X4” MMC-nin hesabına (VÖEN/Tax İD: **********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, KOD: 513489, M/h: AZ80NABZ********************, SWİFT: BRESAZ22) köçürülməlidir. 70.Kollegiya qeyd edir ki, iddianın təmin edilməyən hissəsi 3599 manat olduğundan, həmin hissədə iddiaçı, təmin edilən hissəsi 2401 manat olduğundan həmin hissədən cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən kassasiya şikayəti verilə bilməz. 71.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2401,0 (iki min dörd yüz bir) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin alınmasına görə ödənilməli olan 300 (üç yüz) manatın 180 (yüz səksən) manatı İddiaçı, 120 (yüz iyirmi) manatı isə Cavabdeh tutularaq “X4” MMC-nin hesabına (VÖEN/Tax İD: **********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, KOD: 513489, M/h: AZ80NABZ********************, SWİFT: BRESAZ22) köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar