Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5223/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-2/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə 15446,45 manat əsas, 5705,91 manat faiz, 110,55 manat cərimə olmaqla ümumilikdə 21262,91 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 fevral 2015-ci il tarixli ********* №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 20%-lə 48 ay müddətinə 17900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Vadimiroviç ilə 03 fevral 2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 12 oktyabr 2015-ci il tarixdə tərəflər arasında əlavə saziş bağlanaraq, kreditin qalıq məbləği 16084,08 ABŞ dolları müəyyən edilməklə, kreditin müddəti 60 ay müddətinə uzadılmışdır. 25 yanvar 2017-ci ildə 03.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı əlavə saziş bağlanaraq keditin şərtləri dəyişdirilmişdir. Dəyişikliyin məzmununa əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc üzrə qalığı (konvertasiya edilməklə (1 USD=1.40 AZN) 17442,88 manat təşkil edir, bu əlavə saziş qüvvəyə minənədək hesablanmış 2638.95 SD faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Restruktruzasiya edilmiş kreditin müddəti 25.05.2021-ci il tarixinədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 iyun 2018-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 15446,45 manat əsas, 5705.91 manat faiz, 110,55 manat məbləğində cərimə olmaqla ümumilikdə 21262,91 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Pirallahı Rayon Məhkəməsinin 2(094)-2/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15446,45 manat məbləğində əsas borc, 5705,91 manat məbləğində faiz borcu, 110,55 manat məbləğində cərimə borcu, cəmi 21262,91 manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7081/2020 saylı 21.09.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılmasını üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1932/2021 saylı 16.03.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7081/2020 saylı 21.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarda göstərilmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 ölməsi səbəbindən onun vərəsəlik işinin açılıb-açılmadığını müəyyən etmək məqsədi ilə sorğular verilmiş, lakin Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılmasının aşkar olunmadığı qeyd edilmişdir. Bu isə onun hüquq varisinin olmadığı və ya hüquq varisinin müəyyən edilmədiyi anlamına gəlmir. İş materiallarından görünür ki, Cavabdeh1 X1 adlı arvadı və X5 adlı oğlu vardır. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi bununla bağlı araşdırma aparmamış, apellyasiya kollegiyası da birinci instansiya məhkəməsinin qənaətini təkrarlamaqla qənaətini əsaslandırmağa çalışmışdır. Apellyasiya baxışı zamanı X1 və X5 mərhum X2 prosessual hüquq varisi kimi iş üzrə cəlb edilmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəl;k qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.” Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 48 ay müddətinə, illik 20 % dərəcəsi ilə 17900 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2015-ci il tarixli 1 saylı əlavə sazişindən görünür ki, 03.02.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 16.084,08 ABŞ dolları təşkil edir. Kreditin müddəti 60 ay illik faiz dərəcəsi 40%, aylıq isə 3.33% təyin edilmişdir. İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh2 arasında bağlanmış 12 oktyabr 2015-ci il tarixli 1 saylı əlavə sazişindən görünür ki, 03.02.2015-ci il tarixli zaminlik müqaviləsinin şərtləri dəyişdirilmiş, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 168084,08 ABŞ dolları təşkil edir. Kreditin müddəti 60 ay illik faiz dərəcəsi 40%, aylıq isə 3.33% təyin edilmişdir. İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli 1 saylı əlavə sazişindən görünür ki, 03.02.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalığı konvertasiya edilməklə 17442,88 manat təşkil edir. Kreditin müddəti 25.05.2021-ci il tarixədək illik faiz dərəcəsi 20% olmalqa uzadılmışdır. İddiaçı ASC-nin “İçəri şəhəri” filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli 1 saylı əlavə sazişindən görünür ki, 03.02.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalığı konversiya edilməklə 17442,88 manat təşkil edir. Kreditin müddəti 25.05.2021-ci il tarixədək illik faiz dərəcəsi 20% olmalqa uzadılmışdır. Borclu Cavabdeh1 07.04.2019-cu il tarixdə ağciyər-ürək çatışmamazlığından olmüş vərəsələri müəyyən edilməmişdir. Ədliyya Nazirliyinin Notariat İdarəsi tərəfindən verilmiş 05/1035-11 nömrəli, 07.03.2020-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, kredit götürən Cavabdeh1 öldüyündən onun bağladığı müqavilə üzrə öhdəliklərim tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti zamin Cavabdeh2 daşıyır və kreditora olan borcu o ödəməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qətnamə ilkin olaraq prosessual qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh1 07.04.2019-cu il tarixdə birinci instansiya məhkəməsində məhkəmə mübahisəsi davam etdiyi zamanda ölmüşdür. Birinci instansiya məhkəməsi 23.07.2019-cu il tarixli qərardadı ilə hüquq varisi müəyyən edilənədək iş üzrə icraatı dayandırmış, Ədliyyə Nazirliyinin 03.03.2020-ci il tarixli məktubuna istinad edərək, 11.03.2020-ci il tarixdə iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul etmişdir. Halbuki, həmin məktubda Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılmasının aşkar olunmadığı qeyd edilmişdir. Bu isə Cavabdeh1 hüquq varisinin olmadığı və ya hüquq varisinin müəyyən edilmədiyi anlamına gəlmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və qərardadı ləğv edilir. Belə olan halda isə, qətnamə tamamilə ləğv edilməli və iddia ərizəsinə yenidən hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Kollegiya qeyd edirki, Azərbaycan Respublikası Mülki məcəlləsinin Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Həmin Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, həmin Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göründüyü kimi, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Kollegiya tərəfindən iş materialları araşdırılarkən X1 və X5 mərhum X2 vərəsələri olmaları, ondan qalmış miras əmlakının qəbul edilməsi müəyyən edilməmiş və bu hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 07.03.2020-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Kollegiya hesab edir ki, X1 və X5 Cavabdeh1ə aid aktivləri qəbul etmədiklərindən, ona aid olan passivlər də qəbul edilməmiş sayılır. Belə olan halda, iddia tələbi X1 və X4 aid təmin edilə bilməz, borca görə məsuliyyəti zamin Cavabdeh2 daşıyır və kreditora olan borcu o ödəməlidir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2021-ci il tarixli 9/4483 saylı ekspert rəyinə əsasən, Y.G.Viktoroviçin 20.06.2018-ci il tarixinə (maliyyə arayışı verilən tarixə) 15757,02 manat əsas, 2758.92 manat faiz; 09.06.2020-ci il tarixinə (qətnamə qəbul edilən tarixə) 15757.02 manat əsas, 8965.43 manat faiz borcu təşkil edir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Lakin, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından əsas və faiz borcunun məbləği ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun iddia tələbində göstərilən həddə müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən Banka ödənilməmiş əsas borcunun məbləği 15446.45 manat, faiz məbləği 5705.91 manat və cərimə borcu 110.55 manat təşkil edir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat məbləğində pul da Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-2/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddia tələbi mərhum X2 prosessual hüquq varisləri X1 və X4 aid hissədə rədd edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15446.45 manat məbləğində əsas borc, 5705.91 manat məbləğində faiz borcu, 110.55 manat məbləğində cərimə borcu, cəmi 21262.91 manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5223/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5223/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver