Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5223/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3954/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 19 aprel 2007-ci il təvəllüdlü Mahmudova Dunay Mahir qızının, 28 fevral 2009cu il təvəllüdlü Mahmudov Atilla Mahir oğlunun və 15 oktyabr 2010-cu il təvəllüdlü Mahmudov Altay Mahir oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 2/1 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi əsasında cavabdehin aylıq qazancının 2/1 hissəsi miqdarında alimentin məbləği 210-220 manat aliment ödəyir. Cavabdeh məhkəmənin müəyyən etdiyi aliment məbləğindən başqa heç bir məbləğdə ödəniş etmir. Hal-hazırkı vaxtadək birgə nikahdan olan uşaqlarnın təlabatları artdığından, o, təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin aylıq qazancı və digər gəlirləri mövcud olduğundan ondan tutulacaq alimentin məbləği artırılaraq, hər ay hər uşağa sabit pul məbləğində 175 manat aliment tutulması müəyyən edilməlidir. Hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 aprel 2007-ci il təvəllüdlü Mahmudova Dunay Mahir qızının, 28 fevral 2009-cu il təvəllüdlü Mahmudov Atilla Mahir oğlunun və 15 oktyabr 2010-cu il təvəllüdlü Mahmudov Altay Mahir oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində aliment olmaqla cəmi 525 manat aliment tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)- 2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 aprel 2007-ci il təvəllüdlü Mahmudova Dunay Mahir qızının, 28 fevral 2009-cu il təvəllüdlü Mahmudov Atilla Mahir oğlunun və 15 oktyabr 2010-cu il təvəllüdlü Mahmudov Altay Mahir oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində aliment olmaqla cəmi 525 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3954/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli 2(007)- 2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh 19 aprel 2007-ci il təvəllüdlü Mahmudova Dunay Mahir qızının, 28 fevral 2009-cu il təvəllüdlü Mahmudov Atilla Mahir oğlunun, 15 oktyabr 2010-cu il təvəlüdlü Mahmudov Altay Mahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasə, Ailə Məcəlləsinin 75.1, 78.1, 112.1-ci maddələrinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və alimentin artırılması barədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məhkəmə iclası barədə heç bir məlumat verilməmişdir. Bu Qətnamənin varlığı haqda İcra və Probasiya şöbəsində ona məlumat vermişlər. Məhkəmə iclaslarında iştirak etsəydi gəlirləri barədə dəqiq məlumat verərdi. Məhkəmə qətnaməsində qeyd edib ki, cavabdehin rəsmi iş yeri yoxdur. Bildirir ki, pandemiya ilə əlaqədar bir çox iş yerləri bağlanmışdır. Lakin pandemiyadan sonra yenidən işləmək üçün müraciət etmişdir. Artıq yenidən işə düzəlib və faktiki olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. Aylıq maaşı 350 manatdır. Əlavə də heç bir qazancı yoxdur. Həmçinin yenidən ailə qurmuşdur. Ailədə də ondan başqa kimsə işləmir. Hər gün səhər işə gedir, axşam da 8 də işdən gəlir. Heç bir biznesi yoxdur, heç bir mülkiyyəti də yoxdur. 220 manat da əmək haqqının 70 faizi idi. Pandemiyya dövründə də, iş yeri bağlandı, borc alıb ödəmişdir. Həmin borcları belə ödəyə bilmir. Hörmətli məhkəmə, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilib. Amma heç bir qanunda yazılmayıb ki, bu minimumu yalnız valideyinlərdən biri olan ata yaxud ana ödəməlidir. Yəni hər iki valideyin bu pulu ödəməlidir. Bu halda hər bir valideyinə 262 manat pul düşür valideyinlərdən. Yəni azyaşlı uşaqların hər biri üçün nəzərdə tutulan 175 manatı tək o ödəməli deyil, anası ilə tam bərabər ödəməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
11. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
12. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi
13. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə cavabdeh mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 2(007)-3954/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Aylıq qazancı 350 manatdır. Əlavə də heç bir qazancı yoxdur. Həmçinin yenidən ailə qurmuşdur. Ailədə də ondan başqa kimsə işləmir. Məhkəmə tərəfindən alimentin tutulması əsassız olmuşdur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdeh 350 manat məvacib aldığını və bundan başqa gəlirinin olmadığını qeyd etmişdir. Cavabdehin qeyd etdiyi hallar qəbul edilsə belə, sonuncunun uşağının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
26. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
27. Belə ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
28. Bu baxımdan, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını, cavabdehin maddi vəziyyətini də nəzərə almaqla olmasını əsas götürərək hər ay hər uşağa 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qanuni və əsaslı olmuşdur.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 2(007)-3954/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.