Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5224/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7202 manat avtomobilə dəymiş zərər, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6560 manat məbləğində dəymiş ziyanın, “Avto Azərbaycan Serviz Mərkəzin”dən qüsur aktının alınması üçün ödənilmiş 50 manat və 92 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
3. Məhkəmənin həmin qətnaməsindən elektron kabinet vasitəsilə Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalsandırılmışdır ki, o, məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixdə almışdır.
4. Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 - prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.
5. Həmin qərardaddan Cavabdeh2 tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və prosessual müddətin bərbası haqqında məsələyə yenidən baxılması üçün baxılması üçün iş materialları Pirallahı Rayon Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, ərizəni təmin etməyən rayon məhkəməsi həmin mövqeyini qətnamənin Cavabdeh2 xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada verilməsi və onun tərəfindən prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə əsaslandırmışdır.
10. Cavabdeh2 şikayətində qeyd edir ki, o, Sumqayıt şəhərində 2021-ci ildən yaşayır və rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ona rəsmən verilməmişdir və məhkəməyə göndərilən xəbərnamə -bildirişdəki imza ona aid deyildir. O, şikayətində zərurət olduğu halda xəbərnamə bildirişin üzərində olan imzanın məhkəmə xətuşnaslıq ekspertizasının keçirilməsi ilə imzanın ona aid olub -olmadığının müəyyən olunmasına hazırdır, o qətnaməni xx.xx.2023 cü ildə almışdır.
11. Rayon məhkəməsi tərəfindən Cavabdeh2 şikayətinə baxılarkən şikayətin qeyd etdiyi həmin dəlillənə hər hansı münasibət bildirilməmişdir.
12. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpasına dair ərizəyə baxılarkən Cavabdeh2 şikayətində qeyd etdiyi həmin dəlillər yoxlanılmadığından, şikayət təmin edilərək qərardad ləğv edilməli, müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Pirallahı Rayon Məhkəməsinə göndərilməlidir.
14. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır.
15. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217ci maddəsində də nəzərdə tutulmuşdur.(Maddə 217.3)
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş materialları Pirallahı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov