Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5226/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.Səfərli Üzeyir Eldar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 26,222.77 manat əsas, 6,872.23 manat faiz, 23,827.38 manat dəbbə pulu olmaqla, cəmi 56,922.38 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, **-RU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 27 ay müddətinə illik 19 % ödəmək şərtilə 48.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, 10-RU006 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 26,222.27 manat əsas, 6,872.23 manat faiz, 23,827.38 manat dəbbə pulu olmaqla, cəmi 56,922.38 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, 18 sentyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 manat iddiaçı "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2- (006)-222/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekpertizası keçirilmişdir. Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(006)-2697/2018 saylı qərardadı ilə iş üzrə ilkin məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2018-ci il tarixli, 15490 saylı ekspert rəyində qeyd olunmuşdur ki, maliyyə arayışı məlumatları və 28 yanvar 2014-cü il tarixli 003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) "xxxx" ASC-yə 6.821,44 manat artıq ödənişinin olması müəyyən edilmişdir. Bundan sonra iddiaçının vəsatəti əsasında Məhkəmənin 10 yanvar 2019-cu il tarixli, 2(006)-222/2019 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. AR ƏN-nin 7860 saylı, 25 iyul 2019-cu il tarixli ekspert rəyinə əsasən iş üzrə Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) "xxxx" ASC-yə 6821,44 manat məbləğində artıq ödənişin olması müəyyən edilmişdir. Halbuki ekspertiza mərkəzinin rəyləri ilə müəyyən edilmiş qiymət cavabdehin banka hal-hazırda olan borcu barəsində reallığı əks etdirmir və düzgün hesablanmamışdır. Hər iki ekspert rəyində (05 oktyabr 2018-ci il tarixli, 15490 saylı və 25 iyul 2019-cu il tarixli, 7860 saylı) cavabdehin 04.02.2014-cü il tarixində 21000 manat məbləğində ödənişi qeyd olunmuşdur. Lakin, mülki iş materiallında olan və məhkəməyə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan hesabdan çıxarış və maliyyə arayışında, müqavilə üzrə bütün ödənişlər nəzərə alınmaqla, həmin ödəniş real olmadığından göstərilməmişdir. Həmçinin ekspert rəyində cavabdehin banka ümumilikdə 59.074 manat məbləğ ödənilməsi göstərilmişdir, amma məhkəməyə təqdim olunan hesabdan çıxarışa nəzər saldıqda kredit müqaviləsi üzrə ümumi ödəniş 36.489.11 manat təşkil etmişdir. Məhkəmə zamanı cavabdeh 21.000 manat ödənişin olmasını təsdiqləməsinə baxmayaraq heç bir ödəniş qəbzi təqdim etməmişdir. Cavabdeh tərəfin ödəniş qəbzinin məhkəməyə təqdim edə bilməməsinin məhz həmin ödənişin həyata keçməməsi ilə bağlı olduğunu müəyyən etmək üçün xüsusi biliyə və təcübəyə malik olmaq lazım deyil. Digər tərəfdən iddiaçı məhkəmədən mülki iş üzrə təyin olunmuş ekspertin məhkəməyə dəvət olunmasını, qarşı tərəfin qeyd etdiyi kimi ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim etməsini tələb etsə də, məhkəmə hərəkətsizlik etmiş və nəticədə iddiaçının tələb etmə hüququnu məhdudlaşdırmışdır. Birinci səhifəsində 25 iyul 2019-cu il tarixli 7860 saylı qeyd olunan ekspert rəyi digər səhifələri ilə uyğun deyil. Belə ki, ekspert rəyinin növbəti səhifələri 05 oktyabr 2018-ci il tarixli 15490 saylı qeyd olunmaqla bundan əvvəlki (yəni birinci) ekspert rəyi ilə eynidir. Sadəcə sonuncu səhifədə (möhür olan) ekspert Sevil Həşimova qeyd olunmuşdur. Cavabdeh 28 yanvar 2014-cü il tarixində bank tərəfindən ayrılmış 48.000 manat məbləğində kredit götüməsinə baxmayaraq, məhkəmənin də əsaslandığı ekspert rəyinə əsasən, cəmi 7 gün sonra yəni 04.02.2014-cü il tarixində 21.000 manat ödəniş etmişdir. İddiaçının şifahi və yazılı vəsatətinə (təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair) və yuxarıda qeyd edilənlərə baxmayaraq məhkəmə vəsatətləri rədd etmiş, eksperti məhkəməyə dəvət etməmiş və mübahisələndirilən ödənişi araşdırmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1(81)-1541/20160 qərarı ilə "xxxx" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Qərar dərhal icraya yönəldilib. Qərara əsasən bugünə kimi "xxxx" ASC-nin ləğv prosesi' davam edir. Belə ki, əmanətçilərin əmanətlərinin qaytarılması, kreditorlarının tələblərinin yerinə yetirilməsi və digər tədbirlərlə əlaqəli xərclər ödənilməlidir. "xxxx" ASC-nin bu öhdəlikləri yerinə yetirilməsi birinci növbədə dövlətin maraqlarının təminatıdır. Buna baxmayaraq, məhkəmələr Bankın mənafeyini diqqətə almamış, faktiki vəziyyəti gözardı edərək, tamamilə yalnış, qeyri-obyektiv qərar qəbul etmişdir. Yerinə yetirilməli olan öhdəliyin məhkəmələr tərəfindən bu şəkildə gözardı edilməsi isə, bankın real vəziyyətini çətinləşdirir. Nəzərə alsaq ki, "xxxx" ASC ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi var, bu halda bankı borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum eləmək qeyri obyektiv və qərəzlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2(103)- 3354/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(006)- 222/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2(103)-3354/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-655/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı iddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2(103)-3354/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.Səfərli Üzeyir Eldar oğlu apellyasiya şikayətini müdafiə edərək, sununcu (üçüncü) ekspert rəyi ilə qismən razı olduğunu və apellyasiya şikayətini təmin edilməklə iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə kollegiyasının sonuncu iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından apelyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 28.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 26,222.77 manat əsas, 401,73 manat faiz borcu və 1300 manat dəbbə pulu olmaqla cəmi 27924,5 manat pul tutulmalı, tutma Cavabdeh məxsus “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, **-RU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan borcverən "xxxx" ASC ("xxxx" ASC) ilə borcalan Cavabdeh arasında bağlanmış 28.01.2014-cü il tarixli 003 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana avtomobil alınması məqsədi ilə illik 19 faiz hesablanmaqla 27 ay müddətinə 48.000 manat məbləğində kredit verilmiş, məxaric orderinə əsasən Cavabdeh 30.01.2014-cü ildə "xxxx" ASC-dən 47760 manat məbləğində vəsait götürmüşdür. İş materiallarında olan ipotekasaxlayan "xxxx" ASC ("xxxx" ASC) ilə ipotekaqoyan Cavabdeh arasında bağlanmış 28.01.2014-cü il tarixli 002 nömrəli ipoteka müqaviləsinə əsasən 28.01.2014-cü il tarixli 003 nömrəli kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus “CADİLLAC ESCALADE” minik markalı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, həmin bildiriş 01.12.2017ci ildə DİN-in BDYPİ-də qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2018-ci il tarixli, 15490 saylı ekspert rəyindən görünür ki, maliyyə arayışı məlumatları və 28 yanvar 2014-cü il tarixli 003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) "xxxx" ASC –nə 6821,44 manat məbləğində artıq ödənişin olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2019-cu il tarixli, 7860 saylı ekspert rəyindən görünür ki, maliyyə arayışı məlumatları və 28 yanvar 2014-cü il tarixli 003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) "xxxx" ASC-nə 6821,44 manat məbləğində artıq ödənişin olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, iddianı rədd edən birinci instansiya məhkəməsi və həmin qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi mövqelərini onunla əsaslandırmışlar ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə cavabdehin iddiaçı qarşısında icra olunmamış öhdəliklərinin olmaması müəyyən edilmişdir. Lakin məhkəmələrin istinad etdikləri həmin rəylərdə gəlinən nəticələr özü özlüyündə ziddiyyətlidir. İlk olaraq qeyd olunmalıdır ki, hər iki rəyin nəticə hissəsində maliyyə arayışı məlumatlarına və kredit müqaviləsinin şərtlərinə istinad olunur. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında (habelə cavabdehin hesabından çıxarışda) rəyin tədqiqat hissəsində istinad olunan kredit müqaviləsi üzrə 04 fevral 2014-cü il tarixdə 21000 manat ödənilməsinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Rəylərin tədqiqat hissəsi nəzərdən keçirilərkən isə müəyyən olunur ki, ekspertlər həmçinin iş materiallarında olan ödəniş qəbzlərinin surətlərinə istinad etmişlər. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi, həqiqətən iş materiallarında (s. 104) Cavabdeh hesabına Məmmədhəsənov Naiq Alı oğlu tərəfindən 21000 manat kredit ödənişinin edilməsinə dair 04 fevral 2014-cü il tarixli qəbzin kserosurəti mövcuddur. Lakin məhkəmələr həmin qəbzi və ona əsasən verilmiş ekspert rəylərini iş üzrə mötəbər sübut qismində qiymətləndirsələr də, qəbzin əslini tədqiq etməmişlər. İddiaçının həmin ödənişin edilməsi mübahisələndirildiyi halda, bununla Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbi pozulmuşdur. Digər tərəfdən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, müəyyən olunur ki, həmin ekspertiza üzrə yeni tədqiqat aparılmamış, ilkin ekspert rəyində göstərilənlər tamamilə köçürülməklə məhkəməyə təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə təkrar ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 101.7 və 103.1-ci maddələrini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında təkrar apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-5226/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir. Apellyasiya icraatı zamanı tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 23.09.2021-ci il tarixli, 9/6400 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında baxlanmış 28 yanvar 2014-cü il tarixli, 003 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı LPO "xxxx" ASC-yə müqavilə müddətinin bitmə tarixinə, yəni 26.04.2016-cı il tarixə olan borcu 29677,49 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 29275,76 manat; faiz borcu üzrə 401,73 manat. Rəydən həmçinin müəyyən edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlardan göründüyü kimi, 28 yanvar 2014-ci tarixli, 003 №-li kredit müqaviləsi üzrə 4580,00 manat məbləğində artıq ödəniş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, öhdəliyinə uyğun olaraq tam ödəniş etməmişdir. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və hesablanmış faiz borclarını ödəməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26,222.77 manat əsas, 6,872.23 manat faiz, 23,827.38 manat dəbbə pulu olmaqla, cəmi 56,922.38 manat borcun tutulmasını tələb edir. Lakin iş üzrə keçirilmiş ilkin və təkrar ekspertiza rəylərinə əsasən cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə iddiaçıya borcun olmadığı qeyd edilsə də, kollegiya həmin ekspert rəyləri ilə razılaşmır. Belə ki, hər iki ekspert rəyi iş materiallarıda (s. 104) olan Cavabdeh hesabına Məmmədhəsənov Naiq Alı oğlu tərəfindən 21000 manat kredit ödənişinin edilməsinə dair 04 fevral 2014-cü il tarixli qəbzi nəzərə almaqla rəy verilmişdir. Lakin təkrar apellyasiya icraatı zamanı cavabdehə 04 fevral 2014cü il tarixli qəbzin əslinin təqdim edilməsi təklif edilsə də, cavabdeh həmin qəbzin əslini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında iş üzrə təkrar ekspertiza keçirmiş və həmin rəylə müəyyən edilmişdir ki, 28 yanvar 2014-cü il tarixli, 003 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı LPO "xxxx" ASC-yə əsas borc üzrə 29275,76 manat, faiz borcu üzrə 401,73 manat borcu qalmışdır. Kollegiya hesab edir ki, ekspert rəyi ilə 28 yanvar 2014-cü il tarixli, 003 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 29275,76 manat borcunun olması müəyyən edilsə də, iddiaçı əsas borc üzrə 26,222.77 manat tələb etdiyindən, cavabehdən eksprt rəyi ilə müəyyən edilmiş əsas borc deyil, məhz iddia tələbi ilə tələb olunan həcimdə, yəni 26,222.77 manat əsas borc tutulmalıdır. Kollegiya həmçinin iddiaçının iddia tələbinin fazi borcuna aid hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı 6,872.23 manat faiz borcu tələb etsə də, iş materiallaında olan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 23.09.2021-ci il tarixli, 9/6400 saylı ekspert rəyi müəyyən edilir ki, cavabdehin iddiaçıya 401,73 manat faiz borcu var. Kollegiya hesab edir ki, ekspert rəyi iş üzrə əsas sübut hesab edilməli və iddia tələbi faiz borcu hissəsində qismən, yəni məhz ekspert rəyi ilə müəyyən edilən 401,73 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən 23,827.38 manat məbləğində cərimə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası işin hallarını, əsas və faiz borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, 1300 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən “Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.” Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən “Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.” Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.” “İpoteka” Haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən “İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.” Həmin Qanunun 11.1 və 11.2-ci maddəsinə əsasən “Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.” Həmin Qanunun 33-cü maddəsinə əsasən “Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Göründüyü kimi, girov və ipoteka hüququ ikili xarakter daşıyır və bir tərəfdən girov saxlayanda əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir.” Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, cavabdehin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, **-RU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin əmlak hərracda satılmaqla satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməlidir. Eyni zamanda kollegiya Cavabdeh məxsus “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, **-RU-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ipoteka predmeti olan əmlak daşınar əmlak olmaqla qiyməti stabil olmadığından və bazar qiymətləri dəyişkən olmaqla, eyni zamanda daşınmaz əmlaka nisbətən avtomobilin aşınması daha tez zaman ərizində baş verdiyindən və hazırki qətnamənin icrasının vaxtı qeyri-müəyyən olduğundan ilkin satış qiyməti hazırkı halda deyil, qətnamənin icra mərhələsində olması məqsədəmüvafiq hesab edilməlidir. Ona görə də hazırki halda ipoteka predmeti olan daşınar əmlakın likivid olaraq ilkin satış qiymətinin müəyyən edilməsi üzrə əlavə araşdırmanın aparılmasına lüzüm yoxdur. Kollegiya nəzərə alır ki, hazırki halda ipoteka predmeti olan avtomobilin mövcudluğu (kimdə və harada) barədə iddiaçı tərəfin məlumatı olmadığından və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən avtomobilin ilkin satış qiymətini müəyyən etmək mümkün deyil. Bu halda, həm iddiaçının, həm də cavabdehin mənafeyi baxımından avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi məhz icra mərhələsində həyata keçirilməsi məqsədəuyğun hesabedilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, qətnamənin icra mərhələsində kredit müqaviləsi üzrə ödənilmiş 4580,00 manat məbləğində artıq ödəniş ümumi məbləğdən çıxılacağını nəzərə alaraq o hissə ilə bağlı əlavə araşdırmaya da lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı iddia ərizəsinin və apellyasiya və kassasiya şikayətinin verilməsi üçün ümumilikdə 60 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 450 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddiaçı iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 60 manat və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 450 (dürd yüz əlli) manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 28.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 26,222.77 manat əsas, 401,73 manat faiz borcu və 1300 manat dəbbə pulu olmaqla cəmi 27924,5 manat pul tutulmalı, tutma Cavabdeh məxsus “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, **- RU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 28.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 26,222.77 manat əsas, 401,73 manat faiz borcu və 1300 manat dəbbə pulu və iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 60 manat olmaqla cəmi 27984,5 manat pul tutulsun. Tutma Cavabdeh məxsus “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, **-RU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil hərracdan satılsın və satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5226/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5226/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver