Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-523/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Tağıyev Natiq ibrahim oğlunun iştirakı ilə, İddiaçı "xxxx" İKB-nin Cavabdeh Elbrus oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması" tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4790/2017 saylı, 30.09.2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "xxxx" İKB Cavabdeh Elbrus oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması" ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02.08.2013-cü il tarixli, 17-A-1-0-3486-13 saylı kredit müqaviləsi üzrə 16.06.2016cı il tarixədək ödənilməmiş 6831.89 manat əsas borcun, 2151.1 manat faiz borcu və həmin günə hesablanmış 406.36 manat dəbbə pulunun, ümumilikdə 9389.35 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin BDYP-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “VAZ 21214” markalı, 99FB052 dövlət qeydiyyat nişanl avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB-nin 6 saylı filialı ilə cavabdeh arasında 02.08.2013-cü il tarixli, 17-A-1-0-3486-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6-cı və 1.11-ci bəndlərinə əsasən illik 21 faiz hesablanmaqla 36 ay müddətinə cavabdehə 8600 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, “VAZ 21214” markalı, 99FB052 dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 02.08.2013-cü il tarixli ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 11000 manat məbləğində qiymətləndirilmiş, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı “VAZ 21214” markalı, 99FB052 dövlət qeydiyyat nişanlı avtomobildir. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə 325 manat, ümumilikdə isə 11650 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmamasının müddətləri və qaydası müəyyən edilmişdir. Cavabdeh tərəfindən banka sonuncu ödəniş 31.07.2014-cü ildə olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4790/2017 saylı, 30.09.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Elbrus oğlundan 6831.89 manat əsas borc, 2151.1 manat faiz borcu, 50.00 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, cəmi 9072.99 manat məbləğində pulun iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş cavabdehə məxsus “VAZ21214” markalı, 99FB052 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin hərracdan satılmaqla realizə edilməsi, əldə ediləcək vəsaitdən cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditin götürülməsində məqsəd ipoteka ilə yüklü edilmiş VAZ 21214 markalı 99FB052 dövlət qeydiyyat nişanlı avtomobili alaaq yaxın dostu X2 verib həmin kredit borcunun sonuncu tərəfindən ödənilməsinə razı olmuşdur. 19 syalı notariat kontorunda verilmiş etibarnamə ilə avtomobilin Səmədov Aydına verilməsində bankın razılığı olmuşdur. Buna baxmayaraq o borcu ödəmədiyindən həmin borc cavabdehdən tələb edilmişdir. Cavabdehin iddiaçıya qalıq borcu ümumilikdə 2948.70 manat təşkil edir. Lakin iddiaçı tərəfindən borc əsassız olaraq şişirdilmiş və 6831 manat əsas, 2151.1 manat faiz borcu tələb edilmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Tağıyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş 17-A-1-0-3486-13 saylı 02 avqust 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, “Bank” tərəfindən kredit alana 36 ay müddətinə illik 21% hesablanmaqla 8600 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh Elbrus oğlu 8496 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 17-A-1-0-3486-13 saylı 02 avqust 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə Cavabdeh Elbrus oğlu arasında bağlanmış 17-A-1-0-3486-13 saylı 02 avqust 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan «VAZ 21214» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AB seriyalı 967052 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21154» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilin mülkiyyətçisi Cavabdeh Elbrus oğludur. İş materiallarında olan 01 avqust 2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh Elbrus oğlunun banka 6831,89 manat əsas borcu, 2151,10 manat faiz borcu, 406,36 manat dəbbə pulu, cəmi 9389,35 manat borcu vardır. İş materiallarında olan "xxxx" İKB tərəfindən Cavabdeh Elbrus oğluna ünvanlanmış 09 mart 2016-cı il tanxli bildirişin surətindən görünür ki, Cavabdeh Elbrus oğlu borc barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüş, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Bununla da o, həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman borc məbləğinin və mübahisəli avtomobilin likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmənin 2(103)- 9893/2021 saylı, 05.11.2021-ci il tarixli qərardadları ilə məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/8681 nömrəli, 28.01.2022-ci il tarixli rəyinə əsasən, 02.08.2013-cü il tarixli kredit müqaviləsi şərtlərinə əsasən Cavabdeh Elbrus oğlunun 02.08.2016-cı il tarixinə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan borcu 3.360.27 (2907.44 manat əsas, 452.83 manat faiz) manat borcu vardır. Kollegiya qeyd edir ki, eksper rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən işin həllində ekspert rəyi ilə müəyyən edilən borc məbləği əsas götürülməlidir. Belə olan halda, birinci instansiya məhkəməsiinn qətnaməsi kredit borcu məbləği hissəsində dəyişdirilərək, Cavabdeh Elbrus oğlundan 2907.44 manat əsas borc, 452.83 manat faiz borcu, cəmi 3360.27 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya ipoteka predmetinə münasibətdə qeyd edir ki, keçirilmiş qiymətləndirmənin rəyinə əsasən VAZ 212140 markalı, 99FB052 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 9450, likvid dəyəri isə 8900 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qiymətləndirmə rəyi ilə bağlı qeyd edir ki, qiymətləndirmə avtomobil olmadan, avtomobilə baxış keçirilmədən, onun analoqları əsasında aparılmışdır. Bu səbəbdən, kollegiya hesab edir ki, həmin qiymətləndirmə rəyinin əsas götürülməsi gələcəkdə məhkəmə qərarının icrası zamanı maşının həminki vaxtda olan vəziyyəti ilə əlaqədar olaraq qiymətləndirmədə səhv nəticəyə gətirib çıxarılmasına səbəb ola bilər. Kollegiya hesab edir ki, avtomobilin qiymətləndirilməsi icra mərhələsində onun həmin vaxt mövcud olan vəziyyəti əsas götürülməklə aparılmalıdır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq, 02.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Elbrus oğlunun İddiaçı ASC-yə olan borcunun ümumilikdə 3.360.27 manat məbləğində hesablanmasını əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Elbrus oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4790/2017 saylı, 30.09.2016-cı il tarixli qətnaməsi Cavabdeh Elbrus oğlundan 6831,89 manat əsas borc, 2151,1 manat faiz borcu, 50,00 manat dəbbə pulu tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Elbrus oğlundan 2907.44 manat əsas borc, 452.83 manat faiz borcu olmaqla, cəmi 3.360.27 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh Elbrus oğlundan tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-523/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-523/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver