Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5230/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 11.477,60 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, tərəflərin arasında kredit münasibəti olub, başqa mülki iş üzrə qəbul olunmuş qətnamə ilə əsas və faiz borcunun cavabdehdən tutulması qət olunub, lakin cavabdeh öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı əldən çıxmış fayda formasında 11.477,60 ABŞ dolları məbləğində zərər çəkib. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında xx.xx.2015-ci il tarixli, MZ/PB0512/04/15 nömrəli kredit müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 39.900 ABŞ dolları məbləğində kredit verib. Kredit 60 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 24 faiz müəyyən edilib. Kreditin qaytarılması ipoteka ilə təmin edilib. Kredit öhdəliyi pozulduğuna görə iddiaçı 2016-cı ildə Suraxanı RM-nə müraciət edib. Həmin məhkəmənin xx.xx.2017-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilib və cavabdehdən 37.142,32 ABŞ dolları əsas, 10.472,39 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 47.714,71 ABŞ dolları kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət olunub. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilib, əsas borcun məbləği 36.741,67 ABŞ dolları, faiz borcunun məbləği 2.883,20 ABŞ dolları müəyyən olunub, ipoteka predmetinin ilkin satış qiyməti isə 84.000 manat müəyyən olunub. Qətnamə borclu tərəfindən xx.xx.2020-ci il tarixində icra edilib, yəni qətnamədə göstərilən məbləğ ödənilib. İddiaçı iddia edir ki, cavabdeh ödəməli olduğu 39.624,87 ABŞ dollarını, yəni qətnaməyə görə tutulmalı olan 36.741,67 ABŞ dolları əsas borcu və 2.883,20 ABŞ dolları faiz borcunu ödəmədiyi üçün iddiaçı həmin vəsaiti təkrar dövriyyəyə qaytara bilməmiş və 11.477,60 ABŞ dolları məbləğində gəlir əldə etmək imkanından məhrum olmuşdur. İddiaçı 11.477,60 ABŞ dollarının hesablanması barədə arayışı məhkəməyə təqdim edib. X1 uçot dərəcəsinə uyğun olaraq 39.624,87 ABŞ dollarına münasibətdə aparılıb və xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edir. Mülki Məcəllənin 21.2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub: “... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. Ona görə də iddiaçı əldə çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “... kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir”. Göründüyü kimi, zərərin məbləğini qiymətləndirmək məhkəmənin səlahiyyətinə aid edilib. Məhkəmə hesab edir ki, iddiaçı (kreditor) zərər çəkməyib. Belə ki, birinci kredit yüksək faizlə (24 faizlə) verilib, nəticədə isə iddiaçı cavabdehin hesabına yüksək gəlir əldə edib. Bundan başqa, kredit 2015-ci ildə xarici valyutada (ABŞ dolları ilə) verilib. 2015-ci ildə manatın iki dəfə devalvasiyası baş verib. xx.xx.2015-ci ildə baş vermiş birinci devalvasiya nəticəsində manat dollar qarşısında 34 faiz, xx.xx.2015-ci ildə baş vermiş ikinci devalvasiya nəticəsində isə 47 faiz dəyərdən düşüb. Kredit birinci devalvasiyadan sonra, ikinci devalvasiyadan isə əvvəl verilib. Manatın devalvasiyası dollar ilə kredit alanların (o cümlədən cavabdehin) maliyyə vəziyyətinə mənfi, dollar ilə kredit verənlərin ( o cümlədən iddiaçının) maliyyə vəziyyətinə isə müsbət təsir edib. Belə vəziyyətdə cavabdehin üzərinə əlavə olaraq 11.477,60 ABŞ dolları məbləğində pul öhdəliyinin qoyulması barədə tələb Mülki Məcəllənin 5.3-cü maddəsinin göstərişinə uyğun deyil. Həmin maddəyə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5230/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5230/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver