Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5232/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Kamran Hüseynovun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun qeydə alınması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev № 9-da yerləşən 124 №-li mənzilə dair iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış 22.12.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, həmin müqavilənin əsasında cavabdehin adına verilmiş reyestr çıxarışı ləğv edilsin və mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbin 3 dəlili var. 1-ci dəlil ondan ibarətdir ki, alqı-satqı müqaviləsi iddiaçının aldadılması nəticəsinə bağlanıb. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının aldadılması barədə sübut təqdim olunmayıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 339.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələb təmin edilə bilməz. 2-ci dəlil ondan ibarətdir ki, alqı-satqı müqavilə üzrə cavabdeh iddiaçıya pul verilməyib. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilədə göstərilən qiymətin satıcıya ödənilməsi alıcının öhdəliyidir. Öhdəliyin icra edilməməsi müqavilənin (əqdin) etibarsızlığına əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilib, həmin əsasların sırasında “öhdəliyin icra edilməməsi” nəzərdə tutulmayıb. Bunun səbəbi odur ki, öhdəliyin icra edilməməsi əqdin bağlanmasından sonraya aid olan haldır, əqdin etibarsızlığına o hal əsas ola bilər ki, əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olsun. Mülki Məcəllənin 337.1-ci maddəsinin göstərişi də bunu təsdiq edir. Həmin maddədə qeyd olunub ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Burada işlədilən “pozmaqla bağlanmış” ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Öhdəliyin icra edilməməsi əqdin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd kimi qiymətləndirilməsinə əsas verə bilməz. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün alıcının satıcıya pul ödəyib-ödəmədiyinin araşdırılmasına zərurət yoxdurı. Əgər alıcı öhdəliyi icra etməyibsə, satıcı alıcıya qarşı mənzilin qiymətinin ödənilməsi barədə iddia verə bilər. 3-cü dəlil ondan ibarətdir ki, alqı-satqı müqaviləsi yalan əqddir. Bununla bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin yalan əqd olduğu, yəni başqa əqdi pərdələmək məqsədi ilə bağlandığı sübut olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 340.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələb təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5232/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5232/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver