Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5234/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada İddiaçı İKB-nın xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 264.882,58 manat əsas, 154.929,82 manat faiz, 694,65 manat cərimə, cəmi 420.507,05 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 16 faizlə 84 ay müddətinə 265.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2017-ci il tarixədək Cavabdeh1 banka xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 264.882,58 manat məbləğində əsas, 154.929,82 manat məbləğində faiz, 694,65 manat məbləğində cərimə, cəmi 420.507,05 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan sonra İddiaçı İKB ASC iki dəfə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş və nəticədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada İddiaçı İKB-nın xeyrinə xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə 264.882,58 manat əsas,256.409,26 manat faiz, 46.885,25 manat cərimə, cəmi 568.177,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3-S-3-0-609-13 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 264.882,56 (iki yüz altmış dörd min səkkiz yüz səksən iki manat, əlli altı qəpik) manat məbləğində əsas, 256.406,11 (iki yüz əlli altı min dörd yüz altı manat, on bir qəpik) manat məbləğində faiz, 25.000 (iyirmi beş min) manat məbləğində cərimə, cəmi 546.288,67 (beş yüz qırx altı min iki yüz səksən səkkiz manat, altmış yeddi qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsində işə baxılarkən o, məhkəmə-xətşünaslıq baərədə vəsatət təqdim etmiş, həmin vəsatət məhkəmənin xx xxx 2018-ci il tarixli iclasının qərardadı ilə məhkəmə tərəfindən təmin edilərək sözügedən kredit müqaviləsindəki imzanın ona aid olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə tərəfindən təyin edilən ekspertiza qanunauyğun olaraq aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə 24092 saylı xx.xx.2018-ci il tarixli rəyinin nəticə hissəsində yazılmışdır ki, kassa məxaric orderinin ksero surətinin üzərində yer alan imza ona aiddir. Burdan məlum olmuşdur ki, məhkəmə tərəfindən təyin edilən məhkəmə xətşünaslıq ekspertizası iş materialında yer alan kserosurət ilə keçirilmişdir. İddiaçı “İddiaçı’ İKB borcun tutulması ilə bağlı məhkəməyə müraciət edərkən iddia ərizəsi ilə birlikdə təqdim etdiyi və iddia etdikləri pulun alınmasını sübut edən kassa məxaric orderi ksero surətdən ibarət olmuşdur. Xətşünaslıq ekspertizası üzərində mübahisə həmin sənədin əsli üzərindən aparılır. Bu sənədin əsli məhkəməyə təqdim edilmədiyi halda hansı hüquqi əsasa dayanaraq ekspertiza keçirilmişdir və keçirilən bu ekspertizanın mötəbərliyi nə dərəcədə qəbul edilir. Buna dayanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə dayanaraq əlavə ekspertiza keçirilməsini xahiş edərək, iddiaçı tərəfindən sənədin əslinin, yəni xx.xx.2008-ci il tarixli qərarında qeyd edilən və məhkəmələr üçün məcburi olan “Kserosurət işin mahiyyəti barədə qərar verən məhkəmələr üçün əsas ola bilməz” şərhinə zidd qərar qəbul edilmişdir. Onun İddiaçı İKB ASC ilə arasında xx.xx.2013-cü il tarixli, 3-S-3-0-609-13 saylı əsas kredit müqaviləsi bağlanmamışdır. Belə ki, İddiaçı İKB ASC buna bənzər başqa bir iddia tələbi ilə ona və eyni zaminlərə qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2013-cü il tarixli, 3-S-2-0-603-13 saylı kredit müqaviləsi üzrə bizdən müştərək qaydada 597 858,3 manat əsas. 471 041.06 manat faiz borcu və 17 781 manat cərimə borcu olmaqa. ümumilikdə 1.085 680.36 manat borc pulun tutulması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbləri təmin edilmişdir. Həmin xx.xx.2013-cü il tarixli, 3-S-2-0-603-13 saylı kredit müqaviləsi üzrə ona 400 000 min manat məbləğində kredit verilməsi göstərilmişdir. Eyni gündə müraciət edən bir şəxsə hər hansı bir təminat olmadan sadəcə olaraq eyni zaminlərə dayanaraq iki müqavilə üzrə birində 400 000 manat, digərində isə 265 000 manat məbləğində olmaqla 665 000 manat məbləğində bir gündə kredit verilməsi məntiqə sığmır. O, kredit borclusu olaraq bunun mübahisəsin aparır. Ancaq, işi araşdıran məhkəmələr buna diqqət etməyərək eyni gündə bir şəxsə yarım milyondan çox kreditin necə verildiyini soruşmurlar. Bu insan məntiqinə sığmayan əsas onu göstərir ki, onun iddiaçı bankdan belə bir kredit götürməyi mümkünsüdür. Ona görə də hesab edir ki, bu müqqavilələri mübahisələndirmək üçün müstəqil şəkildə məhkəməyə müraciət etməliyəm. Hüquqi cəhətdən belə bir imkanının olması ona aydınlaşdırılmışdır. Bununla yanaşı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, iş №2(001)- 128/2019 saylı qətnaməsi ilə, onun və zaminlərin hüququ başqa bir hüquqi cəhətdən pozulmuşdur. Belə ki, o, yuxarıda qeyd etdiyi kimi, kredit müqaviləsi üzrə həmin krediti götürməmiş, əgər götürmüş olsa belə kredit müqaviləsi üzrə tələb edilən faiz miqdarı və cərimə məbləği məhkəmə tərəfindən artıq dərəcədə tutulmuşdur. Belə ki, məhkəmə tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizası nəticəsində verilmiş xx xxxxxxx 2019-cu il tarixli ekspertiza rəyinə əsasən göstərilmişdir ki, mübahisəli kredit müqaviləsi üzrə cavabdehin xx xxxx 2017-ci tarixə 264 882, 56 manat əsas, 154 926,86 faiz borcu, xx xxxxxxx 2018-ci il tarixə 264 882,56 əsas borc, 213 671,93 manat faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizası keçirildəkdən sonra iddiaçı tərəf iddia tələbinin həcmini artıraraq əsas borcu eyni saxlamaqla faiz borcunu 256 409,26, manata, cərimə borcunu isə 17 801,86 manatdan 46 885,25 manat məbləğinə qaldırmışdır. Məhkəmə isə iddiaçının ekspertizadan sonra artıqdığı faiz borcunu öz hesablamalarına dayanaraq 256 406,11 manat olaraq müəyyən edərək təmin etmişdir. Bütün bu qeyri-qanuni hərəkətər iddiaçının iddia tələbinin təmin edilməsinə xidmət etmişdir. Binəqədi Rayon Məhkməsində baxılan mülki işdə iş üçün əhəmiyyətli hal olan kassa məxaric orderi Plenumun qərarlarında göstərildiyi kimi, notariat qaydasında deyil, iddiaçının öz möhürü ilə təsdiq edilmişdir. Bu təsdiqin hər hansı bir hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin təmin olunan hissəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2017-ci il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərilməklə xx.xx.2013-cü il tarixli, 3-S-3-0- 609-13 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin məbləğin 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda kredit (zaminlik) müqavilələrinin ləğv edilməsi və yaranmış borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməsi və Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli, 3-S-3-0-609-13 nömrəli kredit müqaviləsi ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, İddiaçı X4 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı X4 Cavabdeh1 84 ay müddətinə illik 16% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 265.000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ilk öncə xx.xx.2017-ci il tarixə 264.882,58 manat məbləğində əsas, 154.929,82 manat məbləğində faiz, 694,65 manat məbləğində cərimə, cəmi 420.507,05 manat məbləğində borcunun yarandığını iddia etmiş və həmin məbləğin cavabdehlərdən tutulmasını tələb etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirmiş və cavabdehlərin ilk öncə xx.xx.2018-ci il tarixə 264.882,58 manat əsas, 213.675,08 manat faiz, 17.801,86 manat cərimə, cəmi 496.359,52 manat borcunun, sonra isə xx.xx.2019-cu il tarixə 264.882,58 manat əsas, 256.409,26 manat faiz, 46.885,25 manat cərimə, cəmi 568.177,09 manat borcunun yarandığını iddia etməklə bu məbləğin tutulmasını tələb etmişdir. Cavabdeh1 iddiaçı tərəfindən tələb edilən borc məbləğini mübahisələndirmiş və onun vəsatəti əsasında mülki iş üzrə məhkəmə mühasib ekspertizası təyin edilmişdir. Aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19651 saylı, xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 İddiaçı X2 xx xxxx 2017-ci il tarixə 264.882,56 manat məbləğində əsas, 154.926,86 manat məbləğində faiz, xx xxxxxxx 2018-ci il tarixə 264.882,56 manat məbləğində əsas, 213.671,93 manat məbləğində faiz borcu yaranmışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh1 kredit müqaviləsində olan imzanın ona məxsus olmadığını bildrmiş və imzasını mübahisələndirmişdir. Mərkəzin xx xxxxxxxx 2018-ci il tarixli, 24092 nömrəli rəyi ilə həmin kredit müqaviləsində olan imzanın onun tərəfindən icra edildiyi göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 133 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş məhkəmə-muhasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 məhkəmə ekspertinin rəyi ilə müəyyən edilmiş 264.882,56 manat məbləğində əsas borc (iddia üzrə tələb edilən məbləğlə məhkəmə ekspertinin rəyində müəyyən edilmiş məbləğ arasında 02 qəpik fərq yaranır) İddiaçı X1 xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən məhkəmə ekspertizası təyin edilən zaman iddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 213.675,08 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə eksperti tərəfindən həmin tarixə 213.671,93 manat faiz borcunun yarandığı müəyyən etmişdir. Başqa sözlə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyinə əsasən faiz borcunun iddia üzrə tələb edilən məbləğdən 3,15 manat az olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı iddia tələbini dəyişdirərək, 256.409,26 manat faiz borcu tələb etmişdir. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 3,15 manat fərq nəzərə alınmalı (256.409,26 – 3,15 = 256,406,11) və 256.406,11 manat xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış faiz borcu qismində müəyyən edilməklə, Cavabdeh1 İddiaçı X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı X4 ilə Cavabdeh1 arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 46.885,25 manat cərimə borcunun ödənilməsini də tələb edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və 25.000 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 İddiaçı X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından müəyyən edilir ki, İddiaçı X4 ilə borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borcalan Cavabdeh1 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşlər. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, xx.xx.2013cü il tarixli müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu eyni qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində məhkəmə tərəfindən təyin edilən ekspertiza qanunauyğun olaraq aparılmadığını, onun İddiaçı İKB ASC ilə arasında xx.xx.2013-cü il tarixli, 3-S-3-0-609-13 saylı əsas kredit müqaviləsi bağlanmadığını qeyd etsə də, iş materiallarında olan sübutlar, həmçinin cavabdehin özünün həm birinci instansiya məhkəməsində yazmış olduğu ərizəsində, həm də apellyasiya şikayətinin digər dəlilləri ilə təkzib olunur. Belə ki, cavabdeh vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir və apellyasiya şikayətində də kredit müqaviləsi üzrə tələb edilən faiz miqdarı və cərimə məbləği məhkəmə tərəfindən artıq tutulduğunu qeyd edir. Qeyd olunan bir-birinə zidd dəlillər bir daha apellyasiya şikayətinin formal mülahizələr olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5234/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5234/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver