Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5234/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4224/2017 saylı, iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 13 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3929,34 ABŞ dolları əsas borc, 1779,76 ABŞ dolları faiz borcu, 1024,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6734,09 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, «xxxx» ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə 26 % illik istifadə haqqı ilə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir, 12 avqust 2015- ci il tarixli Əlavə sazişə əsasən isə kreditin qalıq məbləği 4336,2 ABŞ dolları təşkil edir. Eyni zamanda, borcun təminatı olaraq digər Cavabdeh2 ilə 13 mart 2014-cü il tarixli zaminlik müqaviləsi, Cavabdeh1 ilə zaminlik müqaviləsinə Əlavə saziş bağlanmışdır. Lakin borclu Cavabdeh3 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə onun kredit müqaviləsi üzrə 08 iyun 2017-ci il tarixədək Banka olan borcu 3929,34 ABŞ dolları əsas borc, 1779,76 ABŞ dolları faiz borcu və 1024,99 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6734,09 ABŞ dolları borc təşkil etmişdir. Cavabdehlərə bank tərəfindən dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar borcu ödəməkdən yayınmışlar. Odur ki, göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 472.1 və 472.2-ci maddələrinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4224/2017 saylı, iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3929,34 (üç min doqquz yüz iyirmi doqquz dollar otuz dörd sent) ABŞ dolları əsas borc, 1779,76 (min yeddi yüz yetmiş doqquz dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə cəmi 5909,10 (beş min doqquz yüz doqquz dollar on sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 26,33 (iyirmi altı manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin edilmiş hissəsində 1.105,2 dollar məbləği istisna olunmaqla ləğv edilməsini və həmin hissədə iddianın rəddi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin məzmunundan görünür ki, kreditlə bağlı borlu Cavabdeh3 Xırdabəy qızı ilə bank arasında 13 avqust 2015-ci il tarixdə əlavə saziş bağlanmış, kreditin müddəti 05.06.2018-ci il tarixə uzadılmış və Əlavə saziş əsasında daha uzun müddətə yeni ödəniş cədvəli verilmişdir. Bu da kredit müqaviləsindən fərqli olaraq borcluya daha çox məlbəğdə faiz hesablanması ilə nəticələnmişdir. Hazırkı iş üzrə iddia tələbi də məhz həmin əlavə sazişlə yaranan borca aiddir. Onlar, yəni Cavabdeh1 və Cavabdeh2 həmin əlavə sazişdən məlumatları olmamış və ona zaminliyi qəbul etməmişlər. Bu baxımdan da qeyd olunan kredit borcuna görə krediti alan Cavabdeh3 ilə birgə cavabdehlik daşımadıqları bəllidir. Cavabdehlərin heç biri məhkəmədə iştirak etmədiyndən, məhkəmə bu halı tam aydınlaşdıra bilməmişdir. Həmçinin kredit üzrə əsas borclu ilə bank arasında mövcud kredit müqaviləsinin və daha sonra Əlavə razılaşmanın zaminlik müqaviləsi ilə qarşılıqlı əlaqəsinə, vaxt etibarı ilə dinamikasına diqqət etməmişdir. Bu da Əlavə sazişdən yaranan və zaminlərə aid olmayan borc üzrə öhdəliyin zaminlərin də üzərinə qoyulması kimi yanlış qənaətə gəlməsinə səbəb olmuşdur. Bundan başqa borcluya 11.000 dollar kredit verildiyi təqdirdə, ona verilmiş ödəniş cədvəlinə ödəmə tarixinə kredit qalığı 14.231 dollar (3.231 dollar çox) qeyd edilmiş, 12.08.2015-ci il tarixı kimi borclu tərəfindən əsas borc qismində ödədiyi 9.894,8 dollar məhz verilmiş 11.000 kredit məbləğindən deyil, cədvəldə qeyd edilən 14.231 dollardan çıxılaraq, yerdə qalan 4336,2 dollar qalığı hesabı ilə verilmişdir. Halbu ki, həmin müddətə əsas borc üzrə qalıq 11.000-9.894,8 = 1.105,2 dollar olmuşdur. Həmin müddət ərzində ödənilmiş 2.797 dolar yalnız faizlərə silinmişdir. Bu da aşkar hesab səhvlərin belə məhkəmə tərəfindən tam aydınlaşdırılmadığını göstərir. Məhkəmə kollegiayasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin zaminlərə qarşı yönəlmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni hər iki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (zaminlər) mübahisələndirmiş, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4224/2017 saylı, iş üzrə 31 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 münasibətdə vəsatət təmin edilməmiş və Cavabdeh1 münasibətdə isə mülki iş baxılaması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Kolegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri bölünməz olduğundan zaminlərə münasibətdə bütövlükdə yoxlanılaraq qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4224/2017 saylı, iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 3929,34 (üç min doqquz yüz iyirmi doqquz dollar otuz dörd sent) ABŞ dolları əsas borc, 1779,76 (min yeddi yüz yetmiş doqquz dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə cəmi 5909,10 (beş min doqquz yüz doqquz dollar on sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 26,33 (iyirmi altı manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə, yəni Cavabdeh2 aid hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 04.04.2016-cı il tarixdə verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, «xxxx» ASC Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Sabunçu» filialı ilə Cavabdeh3 arasında bağlanmış 13 mart 2014-cü tarixli 212-14/AYİB №-li kredit müqaviləsinin 2.1-2.4. bəndlərinə əsasən, Bank tərəfindən Cavabdeh3 şəxsi məqsəd üçün 24 ay müddətinə illik istifadə haqqı 26 % dərəcəsi ilə 11000 (on bir min) ABŞ dolları məbləğində kredit verilmiş və müqavilənin 1.1-ci bəndinə borcalan isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 mart 2014-cü il tarixli kassa məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh3 11000 (on bir min) ABŞ dolları məbləğində krediti, həmin tarixdə «xxxx» ASC-nin «Sabunçu» filialından imza edərək qəbul etmişdir. Qeyd edilən müqavilənin 3.2-ci bəndinin şərtlərindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 11.04.2014-cü il tarixdən başlayaraq, 11.03.2016-cı il tarixinədək, 11000 ABŞ dolları əsas, 3231 ABŞ dolları faiz, ümumilikdə 14231 ABŞ dolları borc məbləğindən, hər ay banka 593 ABŞ dolları (sonuncu ay 592 ABŞ dolları) ödəməklə qaytarmalıdır. İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Sabunçu» filialı ilə Cavabdeh3 arasında bağlanmış 212-14/AYİB №-li 13 mart 2014-cü tarixli kredit müqaviləsinə 12 avqust 2015-ci il tarixli Əlavə sazişin 1.1-ci bəndindən görünür ki, həmin sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 4336,2 (dörd min üç yüz otuz altı dollar iyirmi sent) ABŞ dolları təşkil edir. Əlavə sazişin 1.2-ci bəndindən görünür ki, Müqavilənin 2.3. bəndinə əsasən kreditin son ödəmə müddəti 05.06.2018-ci il tarixinədək təyin olunur. Əlavə saziş tərəflərin onu imzalandığı gündən qüvvəyə minir və öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Eyni zamanda 212-14/AYİB №-li kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 67668086-cı kredit hesabı üzrə qrafikdən görünür ki, Cavabdeh3 4336,2 ABŞ dolları əsas borc, 502,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4838,46 ABŞ dolları borc məbləğini, 12.09.2015-ci il tarixdən başlayaraq 12.03.2016-cı il tarixədək hər ay banka 487,51 ABŞ dolları, 12.04.2016-cı il tarixdə 477,81 ABŞ dolları, 12.05.2016-cı il tarixdən 12.08.2016-cı il tarixədək 237,02 ABŞ dolları ödəməklə, qaytarmalıdır. İş materiallarında olan 08 iyun 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə, «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 3929,34 ABŞ dolları əsas, 1779,76 ABŞ dolları faiz və 1024,99 ABŞ dolları cərimə olmaqla, cəmi 6734,09 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Sabunçu» filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2014-cü tarixli ZM-212-14/AYİB №-li zaminlik müqaviləsi üzrə 01 Ns-li Əlavə sazişdən görünür ki, əsas borclu Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası Cavabdeh1 zaminliyi ilə təmin edildiyindən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 3929,34 (üç min doqquz yüz iyirmi doqquz dollar otuz dörd sent) ABŞ dolları əsas borc, 1779,76 (min yeddi yüz yetmiş doqquz dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, cəmi 5909,10 (beş min doqquz yüz doqquz dollar on sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 26,33 (iyirmi altı manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Sabunçu» filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2014-cü tarixli ZM-212-14/AYİB №-li zaminlik müqaviləsinə 01 №-li 12.08.2015-ci il tarixli Əlavə sazişdən görünür ki, əsas borclu Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası Cavabdeh1 zaminliyi ilə təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh (zamin) Cavabdeh1 münasibətdə iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 münasibətdə təmin edilməsi hissəsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında aşağıdakı kimi qeyd edilmişdir: “... Zaminliyə xitam verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gələrkən bir sıra ölkələrin mülki qanunvericiliyinin zaminliyə xitam verilməsinə dair normalarının müqayisəli təhlilini apararaq, bu məsələnin fərqli qaydada tənzimləndiyini müəyyən etmiş və müvafiq şərhi məhz Mülki Məcəllənin 477-ci maddəsinin məna və məzmunu çərçivəsində vermişdir. Gələcəkdə mülki dövriyyənin sabitliyinin, dayanıqlığının və bank sektorunun inkişafının təmin edilməsi baxımından qanunverici tərəfindən həmin normaların təkmilləşdirilməsi istisna edilmir.” İş materiallarından göründüyü kimi, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Sabunçu» filialı ilə Cavabdeh3 arasında 212-14/AYİB №-li 13 mart 2014-cü tarixli kredit müqaviləsi və «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Sabunçu» filialı ilə Cavabdeh2 arasında 13 mart 2014-cü tarixli ZM-212-14/AYİB №-li zaminlik müqaviləsi bağlanmışdır. Sonradan 212- 14/AYİB №-li 13 mart 2014-cü tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 12 avqust 2015-ci il tarixli Əlavə saziş bağlanılmış və əlavə saziş yalnız Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmışdır. Göründüyü kimi, 12 avqust 2015-ci il tarixli Əlavə saziş Cavabdeh2 tərəfindən imzalanmamış və həmin saziş sonuncunun məsuliyyətinin artmasına (kreditin ümumi məbləğinin artırılmasına, kreditin qaytarılma müddətinin uzadılması və.s) səbəb olmuşdur. 12 avqust 2015-ci il tarixli Əlavə saziş bağlanılarkən Cavabdeh2 həmin müaqvilədə tərəf olmadığından, əlavə sazış zaminin məsuliyyətinin artmasına səbəb olduğundan «xxxx» Açıq Səhmdar Cəmiyyəti 212-14/AYİB №-li 13 mart 2014-cü tarixli zaminlik müqaviləsinə istinad etməklə Cavabdeh2 212-14/AYİB №-li 13 mart 2014-cü tarixli kredit müqaviləsi üzrə borc tələb etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin iddianın 30 manat məbləğində dövlət rüsumunun 87,75%-i, yəni 26,33 manatı Cavabdeh2 alınmasına dair qənaətini də araşdıraraq hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilmədiyindən sonuncudan iddianın verilməsi üçün ödənilmiş dövlət rüsmu da tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4224/2017 saylı, iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 3929,34 (üç min doqquz yüz iyirmi doqquz dollar otuz dörd sent) ABŞ dolları əsas borc, 1779,76 (min yeddi yüz yetmiş doqquz dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə cəmi 5909,10 (beş min doqquz yüz doqquz dollar on sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 26,33 (iyirmi altı manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə, yəni Cavabdeh2 aid hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4224/2017 saylı, iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 3929,34 (üç min doqquz yüz iyirmi doqquz dollar otuz dörd sent) ABŞ dolları əsas borc, 1779,76 (min yeddi yüz yetmiş doqquz dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə cəmi 5909,10 (beş min doqquz yüz doqquz dollar on sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 26,33 (iyirmi altı manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə, yəni Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5234/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5234/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver