Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5236/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1124/2020 saylı qətnaməsindən cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə saat 23:17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində “ZİL 530İTO” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomaşınla törədilmiş qəza nəticəsində ona dəymiş 4650 manat maddi zərərə görə ödənilməli olan sığorta ödənişinin, 6000 manat mənəvi zərərə gorə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10680 manat pulun cavabdeh “xxxxxxxxx” ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə saat 23:17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində “ZİL 5301TO” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomaşınla qəza törətmişdir. Qəzanın törədilməsi zamanı təqsir qarşı tərəfin sürücüsündə olduğundan xx.xx.2019-cu il tarixli İXP ******* saylı protokola əsasən “ZİL 530İTO” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X6 AR İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək TP ******* saylı qərara əsasən 40 manat cərimə edilmişdir. Qəza törətmiş avtomaşının sürücüsü ilə söhbət edərkən məlum olmuşdur ki, idarə etdiyi “ZİL 5301TO” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomaşın “xxxxxxxxx” ASC-də icbari sığortalanmışdır. Bununla əlaqədar lazımi sənədlər toplanılaraq “xxxxxxxxx” ASC-yə təqdim edilmişdir. İlk öncə “xxxxxxxxx” ASC dəymiş zərəri müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmış, bu barədə ASC-nin rəhbərliyinə edilən şikayətlərdən sonra xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomobilin bundan əvvəl hər hansı qəza etməsi və həmin avtomobilə görə digər sığorta şirkətlərindən də hər hansı ödənişin edilibedilməməsi barədə sığorta şirkətlərinə sorğu verilmiş və araşdırma zamanı aydın olmuşdur ki, xx.xx.2019-cu il tarixdə Quba rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən “Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq iddiaçıdan əvvəlki mülkiyyətçi X2 5000 manat sığorta ödənişi ödənilmişdir. Buna görə də, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsindən imtina edilmişdir. İddiaçı həmin nəqliyyat hadisəsinin ona heç bir aidiyyatının olmamasını, ondan əvvəl hər hansı avtomobil qəza keçiribsə və sonradan həmin maşını iddiaçı alıbsa və idarə olunubsa imtinanın əsassız olmasını bildirmişdir. Bu barədə AR DİN TŞ kameralarına baxış keçirilməsini və uzun müddət iddiaçı tərəfindən idarə olunan avtomobilin vəziyyətinə baxış keçirilməsini tələb etsə də dediklərinə əhəmiyyət verilməmişdir. İddiaçı mülkiyyətində olan “Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması barədə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Gold” avtoservisə müraciət etmiş və avtomobilə dəymiş zərər 4650 manat qiymətləndirilmişdir. Yuxarıda qeyd edilən xüsusatların araşdırılması məqsədilə “xxxxxxxxx” ASC-nin idarə heyətinin sədri Anar Talıbov tərəfindən AR DİN Yasamal RPİ-nin 27-ci PB-nə şikayət edilmiş və təhqiqatçının araşdırması zamanı xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən müəyyən edilmişdir ki, şikayət üzrə göstərilən xüsusatlar öz təsdiqini tapmır və əməldə hər hansı cinayət tərkibi yoxdur. Bundan sonra da iddiaçının “xxxxxxxxx” ASC-yə etdiyi yazılı və şifahi müraciətlər öz müsbət həllini tapmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin “xxxxxxxxx” ASC tərəfindən iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin əvəzinin ödənilməməsi və onu uzun müddət avtomobilsiz qoyması nəticəsində o,mənəvi iztirab keçirmişdir ki, ona 6000 manat məbləğində mənəvi zərər dəymişdir. Qətnamədən cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydanlaşdırılmamış, iş üçün əhəmiyyəti olanr halları sübut etməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. “Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması səhnələşdirilmiş, yol-nəqliyyat hadisəsi qurularaq, cavabdehdən pul əldə etməyə cəhd olunmuşdur. Həmin avtomobilə görə bir çox sığorta şirkətlərindən pul tələb olunmuşdur. Bununla bağlı alaşdırma aparılır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, "Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 adlı şəxs olmuş, həmin şəxs onun qardaşı X7 etibarnamə vermişdir. Hadisə günü avtomobili özü idarə etmiş, qardaşı X8 onun yanında olmuşdur. Qardaşı ona avtomobillə bağlı heç bir sənəd verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının predmetini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1124/2020 saylı qətnaməsi iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, “Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı atomobilin mülkiyyətçisi X5 olmaqla, həmin avtomobilə görə iddiaçının qardaşı X7 xx.xx.2020-ci ildə baş etibarnamə verilmişdir. Məhkəmə İddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənəda hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə qanunla müəyyən edilmiş qaydaya riayyət edildikdə yaranır. Belə qaydaya riayyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Hazırki iş üzrə iddiaçının zərər vurulduğu iddia etdiyi “Hyundai TG” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünün deyil, X3 mülkiyyətində olmaqla, həmin avtomobilə görə iddiaçının qardaşı X7 baş etibarnamə verilmişdir. İş üzrə avtomobil qəzası nəticəsində iddiaçının əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə onun özünə digər şəkildə maddi zərər dəyməsi müəyyən edilmir. İş materiallarında hadisə baş verərkən avtomobilin iddiaçının əvəzli və ya əvəzsiz istifadəsində (etibarnaməli idarəçilik) olması barədə sübut yoxdur. İddiaçı apellyasiya baxışı zamanı ona belə etibarnamə verilmədiyini bildirir. Eyni zamanda iddiaçı mənəvi zərər tələbini də, məhz avtomobildən istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Görundüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1124/2020 saylı qətnaməsi iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-5236/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5236/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver