Məhkəmə qərarları › İş №2(103)-5236/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5236/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5236/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3761/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmaqla, hər ay 235 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdehlə nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-9521/2016 nömrəli qətnaməsi əsasında pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X1 onun yanında saxlanması, həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Cavabdehin kifayət qədər yaxşı gəlirləri vardır, lakin uşağın hazırki tələbatları ilə bağlı xərcdə iştirak etmir. Uşağın saxlanması, zəruri olan nemətlərlə təmin olunması, tədris, geyim və müalicə olunması üçün 117 manat aliment kifayət etmir, keçən illər ərzində yaşayış minimumu artmışdır. Bu səbəbdən alimentin miqdarının artırılması ilə bağlı ərizə ilə müraciət etmək məcburiuyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3761/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9521/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, cavbadehdən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin artırılmış hissədə tutulmasının başlanğıcının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, alimentin miqdarının 150 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, maddi vəziyyətinin, işləməməsinin, təsadüfü gəlirlərlə qazanc əldə etməsinin nəzərə alınmaması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə anasının xəstə olmasını, maddi imkanın aşağı olmasını, aylıq 150 manat aliment ödəməyə hazır olmasını, həmçinin uşağın xəstəliyindən məlumatlı olduğunu bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilməlidir ki, tərəflərin xx.xx.2009-cu il tarixdə nikaha daxil olmaları, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahlarının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 9521/2016 nömrəli qətnaməsi ilə pozulması, uşağın ananın (iddiaçının) yanında saxlanması, həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki iddia tələbində - 2016-cı ildə məhkəmə qətnaməsi ilə müəyyən olumuş 117 manat sabit pul miqdarın alimentin uşağın hazırki tələbatlarını ödəməməsini, cavabdehin ona maddi köməklik göstərməməsini, yaşayış minimumunun artmasını və s. göstərərək, alimentin miqdarının dəyişdirilməsini xahiş etmişdir. Cavabdehin etirazı isə maddi vəziyyətinin aşağı olması, hər ay 150 manat sabit pul miqdarın aliment ödəmək iqtidarında olması və s. ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. İşdə olan məhkəmə aktından (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi) görünür ki, cavabdehdən xx.xx.2010-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 117 manat alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan sonra isə kifayət qədər uzun müddət keçmiş, ölkə üzrə yaşayış minimumunun məbləği, eləcə də uşağın tələbatları artmışdır. Qeyd olunmalıdır ki, qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi qaydasını da nəzərdə tutmuşdur. Belə ki, AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 117 manat aliment xx.xx.2016-ci ildə, yəni uşağın 6 yaşı olanda müəyyən olunmuşdur. Hazırda isə uşağın 14 yaşı vardır, məktəblidir, tələbatları artmışdır. Bundan başqa, həmin tarixdən sonra “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasıın Qanununa bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu da artırılmışdır. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini onun mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Cavabdeh apellyasiya şikayətində, uşağa görə 150 manat sabit pul miqdarında aliment ödəmək imkanının olmasını göstərsə də, həmin məbləğ kifayət qədər aşağı olmaqla, qanunvericiliyin qeyd edilər tələbləri, eləcə də yetkinlik yaşına çatmayanın üstün maraqları ilə uzlaşmır. Məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini ölkə üzrə uşaqlar üçün aylıq minimum dolanacaq xərclərinə uyğun məbləğdə müəyyən etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3761/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3761/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar