Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5238/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 oğlunun iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və X8 qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) X4 və X8 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 11 noyabr 2015-ci il tarixli 100850-38103/2 nömrəli kredit müqaviləsi üzrə cəmi 20724,56 ABŞ dolları məbləğində borcun, 19 avqust 2016-cı il tarixli 100850-138103/3 nömrəli kredit müqaviləsi üzrə 146134,85 manat əsas, 19726,82 manat faiz borcu olmaqla cəmi 165 861,67 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X2 11 noyabr 2015-ci il tarixli 100850-38103/2 nömrəli kredit müqaviləsi üzrə 20724,56 ABŞ dolları faiz borcunun, (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 100850-138103/3 saylı 19 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 146134,85 manat əsas, 9184,67 manat faiz borcu olmaqla cəmi 155 319,52 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 272 000,00 manat məbləğində müəyyən edilməsi, qeyri-yaşayış binasının satışından əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan bir ay sonra boşaldılması qət olunmuşdur. X1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini işəiştirakı olmadan baxıldığı, fiaz borcunun düzgün hesablanmadığının nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi iddianın Mübariz Hacıyevə qarşı təmin olunmuş faiz borcunun tutulması və ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməsi, 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə X2 tutulmalı olan faizin miqdarının 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiymətinin isə 280 000 manat dəyərində müəyyən edilməsi, qətnamənin 19.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun 50 manatının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 100 manatının isə Mübariz Hacıyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 500 manatın 200 manatının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 300 manatının X2 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, apellyasiya şikayətinin verilməsi ilə bağlı X5 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun ona aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən Mübariz Hacıyevin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, qətnamənin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi, həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən Mübariz Hacıyevin nümayəndəsi (vəkili) Vəkil Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla ipoteka predmeti olan əmlaka real qiymət qoyulmasını xahiş etmiş, növbəti məhkəmə iclasına isə gəlməyərək səhhətində problem olduğunu bildirdiyi teleqram ünvanlamaqla prosesin təxirə salınmasını xahiş etmişdir. İşin halları, adı çəkilən nümayəndənin qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsini yalnız “ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması” hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu həm də o deməkdir ki, qətnamənin mübahisələndirilən digər hissələri artıq yeni apellyasiya baxışının predmeti deyildir. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Tərəflər arasında 11.11.2015-ci il tarixində sonrakı ipoteka müqaviləsi bağlanarkən müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 200 000 manat müəyyən edilmiş, müqavilənin bağlanmasından təxminən üç ilə yaxın müddət sonra, yəni 19.03.2018-ci il tarixində daşınmaz əmlakın bazar dəyərinin 272 000 manat, bu tarixdən də daha iki ildən artıq müddət sonra isə bazar dəyərinin 280 000 manat müəyyən edilməsi rəylər üzrə daşınmaz əmlakın dəyərinin qeyriobyektiv müəyyən edilməsinin göstəricisi, cavabdehin kasasiya şikayətinin bu hissədə əsaslılığının təsdiqidir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası qeyd edilən xüsusları nəzərə alıb iş materiallarını araşdırarkən nəzərə almalı idi ki, işə birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş rəylə qeyri-yaşayış binasının bazar qiyməti 272 000 manat müəyyən edildiyi halda, həmin zamandan iki il sonra adıçəkilən əmlakın dəyərinin 280 000 manat müəyyən edilməsi, yəni rəylər arasında cəmi 8000 manat fərqin olması əmlakın dəyərinin real qiymətləndirilməməsinə bərabərdir. Belə olan halda apelyasiya kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməli, ekspert rəyinə tənqidi yanaşmalı olduğu halda, həmin rəyə istinad edib, yəni rəyi mötəbər sübut kimi qəbul edib qətnamə qəbul etməməli idi. Apelyasiya kollegiyası qeyd edilən xüsusları nəzərə almamaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur”. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişləri (hüquqi mövqeyi) nəzərə alaraq, həmçinin iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından aydın olur ki, 11.11.2015-ci il və 19.08.2016-cı il tarixlərdə sonrakı ipoteka müqavilələri bağlanarkən ipoteka predmetinin qiyməti 200 000 manat razılaşdırılmış, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə əmlaka 272 000 manat qiymət qoyulmuş, əvvəlki apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirici isə əmlakın qiymətini 280 000 manat müəyyənləşdirmişdir. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınmaqla növbəti dəfə qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin 05 iyul 2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının bazar qiymətinin 306 000 manat, likvid qiymətinin isə 275 000 manat təşkil etdiyi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, təkrar apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirici, əmlak üçün əvvəlki apellyasiya baxışında qoyulan qiymətdən daha aşağı likvid qiymət müəyyənləşdirmişdir; Ali Məhkəmənin qərarında şərh olunan mövqeyi, iddiaçı bankın əmlak üçün əvvəlki apellyasiya baxışı zamanı müəyyənləşdirilən qiyməti mübahisələndirmədiyini və əmlak mülkiyyətçisinin verdiyi şikayətə baxılarkən onun üçün daha əlverişsiz qərar qəbul edilməsinin prosessual qanunvericiliyin mənasına uyğun olmadığını nəzərə almaqla kollegiya hesab edir ki, əmlaka əvvəlki apellyasiya baxışı zamanı müəyyənləşdirilən qiymətin qoyulması məqsədəmüvafiqdir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə xərci tərəflərdən alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-273/2018 saylı iş üzrə 04 iyun 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 272 000,00 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 280 000 (iki yüz səksən min) manat müəyyən edilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 200 (iki yüz) manatı X2, 200 (iki yüz) manatı isə "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ33İBAZ********************, "xxxx" ASC-nin Yasamal filialı) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5238/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5238/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver