Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5239/2025 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi vəkil2, cavabdehin vəkili və nümayəndəsi vəkil1, cavabdehin nümayəndəsi (direktoru) Zahir Nuralıyevin iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “X1” MMC-nin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə iddiaçı İddiaçı məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən *** nömrəli bağ evində və bağ sahəsində cavabdeh “X1” MMC tərəfindən aparılmış təmir-tikinti işlərinin natamam və qüsurlu icra edilməsi ilə bağlıdır. 2.İddiaçı (sifarişçi) ilə cavabdeh (podratçı) arasında sadə yazılı formada “Dizayn xidmətlərinin göstərilməsi barədə” ##.##.2020-ci il tarixli müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıya məxsus bağ evində və bağ sahəsində təmir-tikinti işləri görməyi, iddiaçı isə bunun müqabilində razılaşdırılmış haqqı cavabdehə ödəməyi öhdəsinə götürüb. Tərəflər görülməli olan təmir-tikinti işlərinin nədən ibarət olacağını yazılı formada razılaşdırıblar. Belə ki, onlar “Təmir və tikinti zamanı görüləcək işlər” adlı ##.##.2020-ci il tarixli sənəd imzalayıblar. 3.Birinci instansiya məhkəməsində icraat zamanı ilkin və əlavə tikinti-texniki ekspertizalar təyin olunub. 4.İlkin ekspertiza rəyinə, yəni Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** nömrəli ekspert rəyinə görə, həmin ünvanda “Təmir və tikinti işləri zamanı şirkət tərəfindən görüləcək işlər” barədə ##.##.2020-ci il tarixli müqavilədə nəzərdə tutulan təmir və tikinti işləri cavabdeh tərəfindən yerinə yetirilib. Baxış zamanı müəyyən olunub ki, həyətyanı sahədə olan sanitar qovşağın tavanı vurulmayıb, divarına vurulmuş kafellərin arası doldurulmayıb, yaşayış evinin arxa hissəsində inşa edilmiş anbar tikilisinə quraşdırılmış pəncərənin kənarları təmir olunmayıb, həyətyanı sahəyə vurulmuş daşlar müxtəlif hissələrdə qopub, yeni inşa edilmiş yaşayış evində pəncərənin alt hissəsinə vurulmuş divar kağızı və şpaklyovka təbəqəsi qopub. Qeyd olunan qüsurların aradan qaldırılması və yerinə yetirilməyən işlərin tamamlanması görüləcək işlər zamanı istifadə olunacaq materialın qiymətindən asılı olaraq müəyyən edilə bilər. 5.Ekspert rəyində daha sonra qeyd olunub ki, həmin evdə görülmüş təmir işləri zamanı istifadə olunmuş materialların bir çoxu gizli şəkildə olduğuna (elektrik, su, kanalizasiya xətlərinin divarın altında qalması) və istifadə olunmuş mal və materiallara dair qaimə-faktura sənədləri təqdim olunmadığına görə, təmir işlərinin görülməsi üçün müqavilədə nəzərdə tutulan mal və materiallardan istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün olmadı. 6.Ekspert rəyindən bundan başqa qeyd olunub ki, evdə müxtəlif növ, eləcə də gizli, gözə görünməyən təmir işləri aparıldığından, iş materiallarına təmir işləri ilə bağlı layihə-smeta sənədləri, alınmış malların qaimə sənədləri və s. məlumatlar əlavə edilmədiyindən, eləcə də baxış zamanı həmin məlumatlar təqdim olunmadığından aparılmış təmir işlərinin ustaların əmək haqqı və materialların qiyməti göstərilməklə dəyərini müəyyən etmək mümkün olmadı. 7.Əlavə ekspertiza rəyində, yəni Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** nömrəli ekspert rəyində ilkin ekspert rəyində qeyd olunmuş məlumatlar təkrar qeyd edilib, əlavə olaraq bağ evində və bağ sahəsində ##.##.2020-ci il tarixli müqavilə üzrə görülmüş işlər və görülməmiş işlər göstərilib. 8.İddiaçının sifarişi əsasında “xxxx” MMC-nin verdiyi ##.##.2023-cü il tarixli ***/KS/** nömrəli qiymətləndirmə hesabatına görə, həmin evdə təmir və tikinti zamanı buraxılmış nöqsanların aradan qaldırılması üçün bəzi hissələr sökülərək, tikinti norma və qaydaları çərçivəsində yenidən inşa edilməlidir. İşlərin tamamlanması üçün nəzərdə tutulan 31.000 manat işlərin gedişatında arta bilər. 9.Cavabdehin direktoru Zahir Nuralıyevin sifarişi əsasında “xxxx” MMC-nin verdiyi ##.##.2023-cü il tarixli **-***/** nömrəli mütəxəssis rəyinə görə, həmin evin, həyət tikililəri və qurğuların tikintisinə çəkilən xərclərin ehtimal olunan təqribi dəyəri 111.194 manat müəyyən olunur. 10.Birinci instansiya məhkəməsinin qərardadı əsasında“xxxx” MMC-nin verdiyi ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına görə, həmin evdə qüsurların aradan qaldırılması üçün tələb olunan xərcin məbləği 8.054 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 11.İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 78.480 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verilib və tələb olunub ki, maddi zərərin əvəzi kimi 31.000 manat pul cavabdehdən iddiaçının xeyrin tutulsun. Tələb onunla əsaslandırılıb ki, cavabdeh təmir-tikinti işlərini qüsurlu və natamam icra edib, qüsurların ardan qaldırılması və işlərin tamamlanması üçün 31.000 manat xərc çəkilməlidir. 12.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 8.054 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 13.İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək iddia tam təmin olunsun. 14.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 15.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi vəkil2 iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız oluğunu bildirdi. 16.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi vəkil1 və cavabdehin nümayəndəsi (direktoru) Zahir Nurəliyev cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 17.Cavabdeh tərəf bildirir ki, natamam qalmış işlərin tamamlanması xərci təxminən 400-500 manat civarındadır. İddiaçı qüsurların aradan qaldırılması və natamam işlərin tamamlanması üçün 31.000 manat xərc tələb olunduğunu iddia edir və bu məbləği əsaslandırmaq üçün özünün sifarişi əsasında “xxxx” MMC-nin verdiyi qiymətləndirmə hesabatına istinad edir. Birinci instansiya məhkəməsi qüsurların aradan qaldırılması və natamam işlərin tamamlanması üçün çəkilməli olan xərcin 8.054 manat olduğunu müəyyən edib və bu məbləği əsaslandırmaq üçün özünün qərardadı əsasında “xxxx” MMC-nin qiymətləndiricisi Süleyman Tağıyevin verdiyi qiymətləndirmə hesabatına istinad edib. Lakin Azərbaycan Qiymətləndiricilər Palatasının ##.##.2025-ci il tarixli AQP-***/** nömrəli məktubuna görə, həmin MMC-nin əməkdaşı Süleyman Tağızadə müvafiq qiymətləndirmə istiqaməti üzrə şəhadətnaməyə malik olmadığından dəymiş zərərin müəyyən edilməsi üzrə fəaliyyət göstərə bilməz, bu səbəbdən onun verdiyi hesabat qeyri-məqbul hesab edilmişdir. 18.Apellyasiya icraat zamanı göstərilən suallar üzrə yenidən qiymətləndirmə keçirilməsi barədə qərardad qəbul olunub: 1) bağ evində və bağ sahəsində cavabdeh tərəfindən görülmüş təmir-tikinti işlərinin dəyəri nə qədərdir? 2) bağ evi və bağ sahəsində təmirtikinti işləri tərəflərin razılaşmasına, yəni iddiaçı və cavabdehin imzaladığı “Təmir və tikinti zamanı görüləcək işlər” adlı ##.##.2020-ci il tarixli sənədə uyğun olaraq tam həcmdə və qüsursuz icra edilibmi? 3) əgər təmir-tikinti işləri natamam və ya qüsurlu icra edilibsə, işlərin tamamlanması və qüsurların aradan qaldırılması üçün nə qədər xərc tələb olunur? 19.Həmin qərardadın əsasında “xxxx” MMC-nin verdiyi ##.##.2026-cı il tarixli QXM/AQP-** nömrəli qiymətləndirmə hesabatına görə, cavabdeh tərəfindən görülmüş təmirtikinti işlərinin dəyəri 84.134 manatdır, işlər natamam və qüsurlu icra edilib, natamam və qüsurlu işlərin tamamlanması üçün çəkilməli olan xərc 26.000-27.000 manat intervalındadır. 20.Qiymətləndirmə hesabatı kifayət qədər əsaslandırılıb, ona görə də mübahisə bu hesabatdakı məlumatlar əsas götürülməklə həll edilməlidir. 21.Tərəflərin bağladığı müqaviləyə görə, iddiaçı cavabdehə 88.000 manat muzd ödəməlidir. İddiaçı cavabdehə 78.480 manat ödəyib, bu faktı tərəflər mübahisələndirmir. Odur ki, müqavilə üzrə ödənilməmiş qalan məbləğ 9.520 manat (88.000 manat – 78.480 manat = 9.520 manat) təşkil edir. Natamam və qüsurlu işlərin tamamlanması üçün çəkilməli olan xərcin məbləğinin 27.000 manat olduğu müəyyən edilir. 27.000 manatdan iddiaçının cavabdehə ödəməli olduğu, lakin ödəmədiyi məbləğ - 9.520 manat çıxılmalı, cavabdehdən iddiaçının xeyrinə 17.480 manat (27.000 manat - 9.520 manat = 17.480 manat) tutulmalıdır. Belə ki, iddianın mahiyyəti ondan ibarətdir ki, müqavilədə müəyyən edilmiş işlər cavabdehin hesabına tamamlansın və qüsurlar aradan qaldırılsın. İddiaçı tam və qüsursuz işə görə cavabdehə 88.000 manat ödəməyi öhdəsinə götürdüyünə görə, işlərin tamamlanması və qüsurların aradan qaldırılması üçün tələb olunan xərcdən (27.000 manatdan) tam və qüsursuz işə görə ödənilməli olan məbləğin (88.000 manatın) ödənilməmiş hissəsi (9.520 manat) çıxılmalıdır. Əks təqdirdə, iddiaçı cavabdehin hesabına 9.520 manat məbləğində əsassız varlanmış olacaq. 22.İddiaçı iddia ərizəsində bildirib ki, natamam və qüsurlu işə görə məhkəmədən əvvəl cavabdehin barəsində polisə şikayət edib, cavabdeh ##.##.2021-ci il tarixədək natamam işləri tamamlamağı və qüsurları aradan qaldırmağı öhdəsinə götürüb, həmin müddət keçib, cavabdeh işin icrası istiqamətinə heç bir addım atmayıb. Bundan sonra – ##.##.2021-ci il tarixdə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Cavabdeh natamam işləri tamamlamağa və qüsurları aradan qaldırmağa təşəbbüs göstərdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməyib. 23.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 752, 762, 764 və 1115-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddinın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalı, podrat müqaviləsi üzrə işlərin natamam və qüsurlu icrası nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 17.480 manat cavabdehdən (podratçıdan) iddiaçının (sifarişçinin) xeyrinə tutulmaldır. 24.İddia tələbinin (31.000 manatın) 56 faizi (17.480 manat) təmin edildiyinə görə, Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərclərinin 56 faizi cavabdehə, 44 faizi isə iddiaçıya aid edilməlidir. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi kimi 17.480 (on yeddi min dörd yüz səksən) manat “X1” MMC-dən alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qiymətləndirmə xərci kimi İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş 1.500 manatın bir hissəsinin əvəzi kimi 840 (səkkiz yüz qırx) manat “X1” MMC-dən İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci olan 200 manatın 88 (səksən səkkiz) manatı İddiaçı, 112 (yüz on iki) manatı “X1” MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Dövlət rüsumlarının ödənilməsi üçün hər bir tərəfin çəkdiyi xərc onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5239/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5239/2025
17.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver