Məhkəmə qərarları › İş №2(103)-5240/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5240/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5240/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 21125.05 AZN əsas borc, 3289.61 AZN faiz borcu, 644.53 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 561.85 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25621.04 AZN borcun və 166.86 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 17 sentyabr 2019-cu il tarixli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 13 faizlə 24 ay müddətinə kart vasitəsilə 21.400 AZN kredit götürmüşdür Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 21125.05 AZN əsas borc, 3289.61 AZN faiz borcu, 2578.1 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 561.85 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 27554.61 AZN borcu vardır. Cavabdeh 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2578.1 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 644.53 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunan halları nəzərə alaraq, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 1338/2022 saylı qətnaməsi ilə (hakim G.Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdeh 25176,51 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 165,53 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 6-D-1-0-250-19 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 13 faizlə 24 ay müddətinə 21.400 manat məbləğində kredit verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürüdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Bununla da, kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmamasına görə cavabdehin bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır.

5. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 739.1, 739.2, 427.3, 442, 445, 445.7, 426.1, 467-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.

7. İddiaçı ASC apellyasiya şikayətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1338/2022 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh Yelo Bank ASC-nin xeyrin tutulmuş əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləği ayrı-ayrılıqda göstərilməklə, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində 2(002)-1338/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmiş, qətnamənin “qət etdi” hissəsində iddianın qismən təmin edildiyi və cavabdehdən tutulmalı olan 25176.51 manat ümumi borc məbləği qeyd edilmiş, lakin cavabdehdən tutulacaq əsas, faiz, cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc ayrı ayrılıqda göstərilməmişdir. Bu da gələcəkdə qətnamə üzrə verilmiş icra sənədinin icrası zamanı müəyyən problemlərə səbəb olur. İcra vərəqəsi aidiyyəti üzrə icra şöbəsinə göndərilərkən qətnamənin “qət etdi” hissəsi icra vərəqəsində göstərilir və qeyd edildiyi kimi, həmin hissədə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz məbləği ayrı-ayrılıqda göstərilməmişdir.

Cavabdehin apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətində Qaradağ rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 2(002)- 1338/2022 saylı qətnaməsinin dəyişdirilərək əsas borcdan başqa, hesablanmış digər borcların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin əsas borc hissəsi ilə razı olsa da, faiz və cərimə borcunun tutulması ilə razı deyil. Əsassız olaraq faiz və cərimə borcu şişirdilmişdir. O, banka müəyyən məbləğdə ödənişlər etsə də, bank həmin pulları faizə çıxmış, əsas borcu əsassız olaraq artırmışdır. Belə ki, ödəniş pulları birinci növbədə əsas borca hesablanmalı olsa da, bank qanunun bu tələbinə əməl etməmişdir. Bank tərəfindən qanunun bu tələbi pozularaq, onun ödənişlərini əsas borca deyil, faiz borcuna hesablamaqla onsuz da ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olmuşdur. İş üzrə müəyyən edilmiş borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatıq ekspertizası təyin edilməmiş, faiz borcunun məbləği tam araşdırılmamışdır. Məhkəmə işə baxarkən ödənilmiş pulun əsas borca deyil, faiz borcuna hesablanmasını nəzərə almalı idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Tərəflərin bir-birlərinin apellyasiya şikayətlərinə qarşı etirazları daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə yönəlsə də, qeyd edilməlidir ki, iddia tələbi məhkəmə tərəfindən əsas, faiz və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldə çıxmış faydanın məbləğində münasibətdə tam təmin edilmiş, cərimə hissədə isə qismən təmin edilmişdir, belə olduqda iddiaçının apellyasiya şikayətinə münasibətdə apellyasiya baxışının predmetini qətnamənin cərimə hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qətnamənin dəyişdirilərək əsas borcdan başqa digər borc məbləğlərinin təmin edilməməsinə yönəldiyindən cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya baxışının predmetini, faiz borcu, cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldə çıxmış fayda hissəsində qətnamənin qanuniliyinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

20. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir

29. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, habelə qətnaməni dəyişdirə bilər.

30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Qərarının 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan faiz borcu, zərər, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin “qət etdi hissəsində əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz məbləğinin ayrı-ayrılıqda qeyd edilməməsi” hissəsində əsaslı olduğundan həmin hissədə apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilərək “qət etdi” hissəsində əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləğləri ayrı-ayrılıqda göstərilməklə ümumi borc məbləği müəyyən edilməli, qalan hissədə iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, eyni zamanda cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

32. Kollegiya iddiaçının apellyasiya şikayətini əsaslı hesab etdiyi hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində sözügedən borc məbləğləri həqiqətən də, ayrı-ayrılıqda göstərilməmişdir. Bu isə özlüyündə gələcəkdə qətnamənin icra edilməsi zamanı çətinliklərə səbəb ola bilər.

33. Həm Mülki Prosessual qanunvericilikdə, həm də məhkəmə qətnaməsi haqqında Ali Məhkəmənin Plenum qərarında da müəyyən edilmişdir ki, məhkəmə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir.

34. Lakin birinci instansiya məhkəməsi borc məbləğinin komponentlərini qətnamənin məzmununda ayrı-ayrılıqda müəyyən etsə də, nəticə hissəsində yalnız ümumi borc məbləğini qeyd etməklə kifayətlənmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

35. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin cərimə məbləğinin tam tutulması ilə bağlı dəlilləri əsassızdır və təmin edilməməlidir.

36. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmış, məhkəmə isə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 6-D-1-0-250-19 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 13 faizlə 24 ay müddətinə 21400 manat məbləğində kredit verilmiş, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, bununla da, kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə cavabdehin bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır.

38. Həmçinin, birinci instansiya məhkəməsində və apellyasiya şikayətinin dəlillərində cavabdeh iddia tələbini əsas borcun tutulması hissəsində qəbul etdiyini bildirmiş, eyni zamanda məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, müqavilə üzrə qalan borcun məbləği faiz borcu üzrə 3.289,61 manat təşkil edir. Cavabdeh faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində əldə çıxmış faydanın əsassız hesablanması ilə bağlı dəlillərini sübut edə bilməmiş, hansı əsasla bu nəticəyə gəldiyini izah edə bilməmişdir.

39. Cavabdeh tərəfindən ödənilmiş pulun əsas borca deyil, faiz borcuna hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, pul öhdəliyinin icrası zamanı borclu tərəfindən edilmiş ödənişlərin borc məbləğinə bu qaydada hesablanması mülki qanunvericiliyin tələblərindən irəli gəlir (§19).

40. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qətnamənin nəticə hissəsində dəyişdirilməklə, cavabdehdən tutulmalı olan əsas borc, faiz borcu, zərər və dəbbə pulu (cərimə, penya) ayrı-ayrılıqda göstərilməklə Cavabdeh 21.125 manat məbləğində əsas borc, 3.289.61 manat məbləğində faiz borcu, 200 manat məbləğdə cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 561.85 manat borc olmaqla, ümumilikdə 25176.51 manat məbləğində kredit borcu və ödənilmiş 155,53 dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti isə təmin edilməməlidir.

41. Kollegiya qeyd edir ki, hazırkı qətnamədən tərəflərin verdiyi apellyasiya şikayətlərində qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 21.125 manat məbləğində əsas borc, 3.289.61 manat məbləğində faiz borcu, 200 manat məbləğdə cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 561.85 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 25.176.51 manat məbləğində kredit borcu və ödənilmiş 155.53 dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçının apellyasiya şikayəti qalan hissədə, habelə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar