Məhkəmə qərarları › İş №2(103)-5244/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5244/2024

24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5244/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əsassız varlanma, sübutetmə, iddia tələbindən kənara çıxma, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların nümayəndələri (vəkilləri) Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “zərərin və icarə haqqının, hüquqi yardım xərcinin tutulması, avtomobilə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, avtomobilə dair xx.xx.2022-ci il tarixdə X12 nəqliyyat vasitəsindən istifadə hüququnu, xx.xx.2022-ci il tarixdə İddiaçı nəqliyyat vasitəsinə sərəncam hüququnu, xx.xx.2023-cü il tarixdə X5 nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən etibarnamələr verilmiş, Nurlan Qasımova verilən etibarnamə xx.xx.2023-cü il tarixdə, İddiaçı verilən etibarnamə xx.xx.2023-cü il tarixdə, Teymur Fərhadova verilən etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür.

2. Həmin avtomobilə dair İddiaçı və X12 etibarnamələri Cavabdeh2 adından xx.xx.2021-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1, Teymur Fərhadova etibarnaməni isə İddiaçı vermişdir.

3. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Şahid “Kia Ceed” minik markalı **-FM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam hüququnu da ehtiva edən 1 il müddətli etibarnamə vermiş, Cavabdeh2 adından həmin etibarnamə əsasında hərəkət edən Şahid xx.xx.2023-cü il tarixdə avtomobili 10 000 manata X3, avtomobil ** GK *** dövlət nömrə nişanı təhkim olunmaqla həmin tarixdə Fariz Cəfərovun adına qeydiyyata alınmış, Fariz Cəfərov xx.xx.2023-cü il tarixdə X13 nəqliyyat vasitəsinə sərəncam hüququnu da ehtiva edən etibarnamə vermiş, həmin etibarnamə əsasında hərəkət edən Aqil Əliyev avtomobili xx.xx.2023-cü il tarixdə 14 000 manata X2, avtomobil göstərilən tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.

4. Cavabdeh2 Şahid xx.xx.2023-cü il tarixdə verdiyi etibarnaməyə xx.xx.2023cü il tarixdə xitam verdirmişdir (etibarnaməni ləğv etdirmişdir).

5. İddiaçı şikayət ərizəsi ilə Bakı şəhər prokurorluğuna müraciət edərək bir qrup şəxs tərəfindən 13 880 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirmiş və onların barəsində tədbir görülməsini xahiş etmiş, həmin şikayət əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsində araşdırma aparılarkən izahatı alınmış Cavabdeh2 izahatında aşağıdakıları göstərmişdir: “2022-ci ildə qohumum X1 vətəndaşı olduğu üçün onun adına etibarnamə vermişdim ki, avtomobil gətirib idarə etsin. ...Həmin vaxtlarda Vəzir avtomobili 13 900 manata İddiaçı adlı qadına satdı. Lakin İddiaçı həmin vaxt qohumu kimi təqdim etdiyi Nurlan adlı şəxsə avtomobili idarə etmək üçün etibarnamə verdi. Bundan təqribən 10 ay sonra Məftun adlı şəxs mənə zəng vuraraq “Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsinin vaxtının bitdiyini bildirərək mənimlə görüşmək istədiyini dedi. Mən Vəzir adlı qohumuma zəng edərək bu barədə dedim. Vəzir də mənə bildirdi ki, avtomobilin texniki pasportu həmin şəxsin özündədirsə verə biləcəyimi bildirdi. Mən tarix dəqiq yadımda deyil. Məftun adlı şəxs ilə Xətai rayonu 18 saylı notariusda görüşdük. Həmin vaxt həmin avtomobilin texniki pasportu Məftun adlı şəxsdə idə, həmin vaxt iki nəfər tanımadığım şəxslər də orda idilər. Məftun adlı şəxs etibarnamənin vaxtının bitdiyini mənə bildirdi və mən də həmin avtomobili generalnı etibarnamə ilə Məftun adlı şəxsə verdim. Bundan bir müddət sonra İddiaçı mənə zəng vuraraq həmin avtomobilin onun adından çıxarılaraq başqa bir adamın adına keçirildiyini bildirdi və biz həmin şəxs ilə görüşdük. Mən Məftun adlı şəxsə verdiyim etibarnaməni ləğv etdirdim, lakin avtomobilin texniki pasportu özlərində olmadığı üçün Bəyim adlı qadına etibarnamə verə bilmədim. Bundan sonra mən Bəyim adlı qadınla BDYPİ-nə getdim, ərizə yazaraq avtomobil barəsində axtarış elan etdik. Mən İddiaçı adlı qadını aldatmamışam, həmin qadının qohumu Nurlan və Məftun adlı şəxslər onu aldadıblar. Hazırda avtomobilin kimin adına və harada olması barədə məndə heç bir məlumat yoxdur”.

6. Həmin araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, “....avtomobili İddiaçı adlı qadına satdım və onun yanında gələn Nurlan adlı şəxsə isə idarə etməsi üçün etibarnamə verdim. İddiaçı mənə 13 900 manat pul ödəyərək avtomobili alıb getdi. Bundan 11 ay sonra isə Nurlan adlı şəxs qohumum Cavabdeh2 zəng vuraraq etibarnamənin vaxtının bitdiyini bildirib, Valeh isə mənə zəng vuraraq bu barədə bildirən zaman, mən də Valehə dedim ki, avtomobilin texniki pasportu yanındadırsa, etibarnamə verə bilər. Bundan sonra isə Cavabdeh2, Nurlan və yanında gələn Məftun adlı şəxsə generalnı etibarnamə verib. Bundan sonra isə olanlardan xəbərim olmayaıb. Sonradan mənə məlum oldu ki, Nurlan adlı şəxs İddiaçı aldadaraq ona satdığım avtomobili başqa şəxsin adına keçirərək avtomobili başqa şəxslərə satıb. Mən Nurlan adlı şəxsi tanımıram. İddiaçı həmin şəxs tanıyır, onunla aralarında şifahi razılaşma olub, avtomobili Nurlana taksi kimi idarə etməsi və ona qarşılığında pul vermişdir”.

7. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) nümayəndəsi Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 13 880 manatın, vurulmuş 1000 manat maddi zərərin əvəzinin, 40 manat məbləğində cərimənin əvəzinin və 3150 manat icarə haqqının, vəkilə ödənilmiş 100 manatın və 144 manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbləri belə əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 13 880 manat ödəməklə əldə etmiş və ərinin adına sənədləşdirmək üçün 11 may 2022-ci il tarixdə 24 saylı notariat ofisində sərəncam verilməsi haqqında etibarnamə almışdır. Belə ki, Cavabdeh1 18 saylı notariat ofisində Cavabdeh2 aldığı etibarnaməni iddiaçıya göstərərək avtomobilin pulunu tam ödəyərək aldığını və avtomobilin ona məxsus olduğunu bildirərək iddiaçıdan həmin avtomobilin dəyəri kimi 13 880 manat almışdır. Cavabdeh1 avtomobili satmaq barədə razılığa gəldikdən və iddiaçıya etibarnamə verdikdən sonra iddiaçının həmin avtomobili icarəyə verərək pul qazanması üçün eyni gündə X12 da sürmə etibarnaməsi vermişdir. Belə ki, iddiaçı həmin avtomobili də məhz Nurlan vasitəsi ilə tapmışdır və Nurlanla aralarındakı razılaşmaya əsasən iddiaçı həmin avtomobili alaraq Nurlana icarəyə verməli, Nurlan isə iddiaçıya hər ay 450 manat icarə haqqı ödəməli idi. Vazirin iddiaçıya verdiyi etibarnamə 11 may 2023-cü ilədək qüvvədə olduğundan və müddəti bitdiyindən iddiaçı sonradan Vazirə müraciət edərək etibarnamənin müddəti ərəfəsində maşını ərinin adına sənədləşdirə bilmədiyini və ona yenidən etibarnamə verməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya Valehin nömrəsini verərək etibarnaməni ondan almasını xahiş etmişdir. İddiaçı bu məqsədlə Valehlə danışdıqda Valeh iddiaçıdan əlavə pul tələb etmişdir ki, “mənim vaxtım gedir, yol xərcim çıxır, sizə etibarnamə vermək üçün notariusa gəldikdə”. Elə həmin ərəfələrdə (2023-cü ilin mart ayı) iddiaçıya məlum olmuşdur ki, Valeh avtomobilə dair Şahid etibarnamə vermişdir. Valeh iddiaçının tələbi ilə 11 may 2023-cü ildə 18 saylı notariat kontorunda həmin etibarnaməni ləğv edərək ərizənin surətini iddiaçıya versə də, avtomobili öz adına sənədləşdirmək üçün tələb etdiyi pulu verə bilmədiyindən iddiaçıya etibarnamə verməmişdir. Bundan sonra iddiaçı cavabdehlərdən pulunu və ya avtomobilini tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir. Elə həmin vaxt etibarnamənin müddəti bitdiyindən avtomobili idarə edən şəxsdən avtomobil alınaraq cərimə meydançasına qoyulmuş və bu səbəbdən iddiaçı həm avtomobilindən, həm icarədən gələn gəlirdən məhrum olmuşdur. Bundan sonra avtomobilə ödədiyi pulu Vazirdən tələb etsə də o, pulunu da qaytarmaqdan imtina etmişdir. Vazir Valehin pulunu tam ödədiyindən Valeh iddiaçıya etibarnamə verməli və ya avtomobili mülkiyyətinə keçirməli olduğundan o da hazırki iş üzrə cavabdeh olmalıdır. Onların əməlləri sayəsində iddiaçı həm 13 880 manatından, həm aylıq 450 manat qazancından olmuş, həm də avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulmasına görə yazılmış cərimələri və dayanacaq pulu ödəməli olmuşdur ki, avtomobilin onların əməli sayəsində aylarla cərimə meydançasında durması səbəbindən müəyyən zərərlər də görə biləcəyindən, yenidən onu idarə etmək üçün əlavə xərclər tələb olunacağından bu zərərləri və cərimələri də iddiaçıya ödəməlidirlər. Artıq hadisədən 8 aya yaxın bir müddət keçməsinə baxmayaraq nə etibarnamə verilmiş, nə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmış, nə avtomobilin icarəsindən qazanacağı vəsait ödənmiş, nə də cərimələrin əvəzinin ödənməsi ilə bağlı heç bir qanuni tədbir görülməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək köməklik göstərilməsini xahiş etmiş, həmin xidmətin göstərilməsi üçün xidmət müqaviləsi bağlamış və bu xidmətə görə ödəniş etməli olmuşdur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır.

10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, avtomobili “turbo.az” saytında satışa çıxarmış, Nurlan adlı şəxs ona zəng edərək maşını almaq istədiyini bildirmiş, daha sonra onlar avtomobilin qiymətində razılığa gəlmiş, Bəyim xanım avtomobilin dəyərini ona ödədikdən sonra Bəyim xanımın adına baş etibarnamə, Nurlanın adına isə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bir müddət sonra Nurlan yenidən müraciət edərək ona onun adına baş etibarnamə verilməsini xahiş etmişdir. Nurlan texniki pasportun onda olduğunu bildirmiş, o da Nurlanın adına baş etibarnamə vermişdir. Avtomobilin daha sonra kim tərəfindən kimə satılması ilə bağlı məlumatı yoxdur.

12. Cavabdeh1 vəkili Vəkil2 da iddia tələbinə etiraz etdiyini bildirmişdir.

13. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X16 izahatında bildirmişdir ki, Bəyim xanımı ona avtomobili icarəyə verərkən tanımış, bir müddət iddiaçının avtomobilini idarə etmişdir. Daha sonra ailə məsələləri ilə bağlı avtomobili yenidən Bəyim xanıma geri qaytarmışdır. Onun adına yalnız avtomobili idarə etmək üçün etibarnamə verilmişdir, avtomobil üzərində sərəncam vermək hüququ olmadığından hazırkı iddia ilə hər hansı bir əlaqəsi yoxdur.

14. Cavabdeh2 məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Birinci instansiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13 880 (on üç min səkkiz yüz səksən) manat maddi ziyanın və 100 (bir yüz) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

16.1. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı icarəyə vermək niyyəti ilə avtomobil almaq qərarına gəlmiş, bunun üçün Cavabdeh2 mülkiyyətində olan avtomobilə görə 13 880 manat məbləğində vəsait ödəmişdir. Avtomobilin mülkiyyətçisi sonrakı rəsmiləşdirmənin aparılması üçün etibarnamə vermişdir. Lakin iddiaçı avtomobili öz mülkiyyətinə keçirmək üçün sənədləşməni başa çatdırmamışdır. Avtomobili ilkin olaraq Nurlan adlı şəxsin istifadəsinə vermiş, daha sonra Teymur adlı şəxsin istifadəsinə vermişdir. Avtomobil Teymurun istifadəsində olan zaman onun adına verilmiş etibarnamənin ləğv olunması əsası ilə onun istifadəsindən alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Daha sonra iddiaçı avtomobillə bağlı aidiyyəti qurumlara müraciət edən zaman bəlli olmuşdur ki, avtomobil Maftun adlı şəxsin mülkiyyətinə keçmişdir. 16.2. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki iddiaçı avtomobilin əldə edilməsi üçün onun mülkiyyətçisinə 13 880 manat məbləğində vəsait ödəmişdir. Avotmobil hal-hazırda iddiaçının nə sahibliyində, nə də istifadəsində deyil. Məhkəmə araşdırması zamanı cavabdeh avtomobilin üçüncü şəxsə satılmasında təqsirinin olmadığını və müxtəlif şəxslərin adını çəkməklə məsuliyyəti onların üzərinə qoymağa çalışsa da istinad etdiyi halların əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, avtomobilin X12 verilmiş etibarnamə əsasında üçüncü şəxsə satılmasına istinad etsə də məhkəmə araşdırması zamanı N.Qasımova avtomobil üzərində sərəncam vermək hüququnu tanıyan hər hansı sənədə rast gəlinməmişdir. Belə bir sənədin mövcudluğunu təsdiq edəcək dəlillər də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 16.3. Nəzərə alınsa ki, avtomobil iddiaçının sahibliyindən və istifadəsindən çıxıb, bu o deməkdir ki, tərəflər arasında mövcud olan razılaşmaya əməl edilməmişdir. Belə olan halda iddiaçının cavabdehlərə ödədiyi 13 880 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya geri ödənilməlidir. 16.4. Məhkəmə iddia tələbinin vurulmuş 1000 manat maddi zərərin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, maddi zərərin nədən ibarət olması, zərərin mövcudluğuna dəlalət edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə təmin edilməməlidir. 16.5. Məhkəmə iddia tələbinin cavabdehlərdən 40 manat məbləğində cərimənin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, cərimənin nədən ibarət olması, nə ilə bağlı tərtib olunması və ümumiyyətlə cərimənin mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu hissədə də iddianı əsassız sayır. 16.6. Məhkəmə iddia tələbinin 3150 manat icarə haqqının cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı həmin məbləği əldən çıxmış fayda olaraq tələb edir. Lakin iddiasının əsasını təşkil edən hallarla bağlı iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, bu məbləğin məhz hansı qaydada hesablanması və konkret olaraq nəyin əvəzi olaraq tələb edilməsi iddia ərizəsində əsaslandırılmamışdır. Odur ki, iddia bu hissədə də rədd edilməlidir. 16.7. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 100 manatın cavabdehlərdən alınmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəf hazırkı məhkəmə iclasında müdafiəçi ilə təmsil olunsa da, hüquqi yardım üçün çəkdiyi və cavabdehdən tutulmasını istədiyi xərcin dəqiq məbləğini qeyd etsə də, onun ödənilməsini sübuta yetirəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. 16.8. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh2 mülkiyyətində olan "Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi” hissəsinə qiymət verərək hesab edir ki, hazırda tələb qətnamənin icrasından irəli gələn tələbdir. İcra mərhələsində tələbin könüllü icra edilmədiyi halda icra məmuru tərəfindən məcburi icra hərəkətləri olaraq əmlakın üzərinə həbs qoymaqla tələbin icrasını təmin etmək mümkündür. 16.9. Beləliklə iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13 880 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 385.1-ci, 421.2-ci, 423.2-ci, 442-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1115ci maddələrinə istinad etmişdir.

18. Qətnamədən cavabdehlərin nümayəndəsi (vəkilləri) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, qənaətini Mülki Məcəllənin 1096-cı maddəsinə istinadla əsaslandırmaqla maddi hüquq normasının seçimində səhvə yol verdiyi, iddiaçının avtomobili aldıqdan sonra onun sənədlərini hansı səbəblə başqa şəxsə verdiyini, bunun müqabilində pul alıb-almadığını araşdırmadığı, avtomobillə bağlı X20 göndərdiyi sorğunun cavabını gözləmədən qərar çıxardığı, Cavabdeh2 qarşı müvafiq tələb olmadığı halda iddia tələbindən kənara çıxaraq ondan da pul tutduğu arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə etiraz

19. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

20. Məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkilləri) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

26. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

27. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

28. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

29. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

30. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

34. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

37. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçı, Cavabdeh2 qarşı müvafiq tələb yönəltmədiyi halda ondan da pul məbləği tutmaqla iddia tələbindən kənara çıxmışdır.

51. Kollegiya bu kontekstdə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin qismən təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

52. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

53. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

54. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, “Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 13 880 manat ödəməklə əldə etmiş və avtomobilə sərəncam verilməsi haqqında etibarnamə almış, Cavabdeh1 avtomobili satmaq barədə razılığa gəldikdən və ona etibarnamə verdikdən sonra həmin avtomobili icarəyə verərək pul qazanması üçün eyni gündə X12 da sürmə etibarnaməsi vermiş, Vazirin ona verdiyi etibarnamənin müddəti 11 may 2023-cü il tarixdə bitdiyindən Vazirə müraciət edərək yenidən etibarnamə verməsini xahiş etmiş, lakin məlum olmuşdur ki, avtomobil başqa şəxsə satılmışdır.

55. İddiaçının irəli sürdüyü sözügedən faktiki hallarla əsaslandırılan iddia tələbinin qanuni əsası kimi isə mülki qanunvericiliyin müqavilə münasibətləri, yaxud əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

56. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 38,39).

57. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 39) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının, Cavabdeh1 13 880 manat ödəməsini və bunun müqabilində adı çəkilən şəxs tərəfindən avtomobilin onun sahibliyinə verilməsini sübuta yetirməsinə zərurət olmamışdır; çünkü bu faktlar həm Cavabdeh1, həm də Cavabdeh2 tərəfindən etiraf edilmişdir (§ 43).

58. Başqa sözlə, “Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun mülkiyyətçisi olan Cavabdeh2 adından hərəkət edən Cavabdeh1 tərəfindən iddiaçıya etibarnamə əsasında verildiyi, bunun müqabilində Cavabdeh1 iddiaçıdan 13 880 manat pul vəsaiti aldığı işin mübahisələndirilməyən halıdır; həmçinin Baş Dövlət Yol Polisi İdarəsindən göndərilən sənədlər əsasında müəyyən olunmuşdur ki, avtomobil artıq digər şəxsin mülkiyyətindədir.

59. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 avtomobilin alqı-satqısı barədə razılığa gəlmiş olsalar da, bu razılaşmalarını lazımi qaydada rəsmiləşdirməmiş, həqiqi iradələrini gizli tutaraq avtomobilin iddiaçının sahibliyinə etibarnamə əsasında verilməsi yönündə sövdələşmişlər.

60. Bu o deməkdir ki, adı çəkilən tərəflər, əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, qəsdən başqa bir hüquqi prosedur həyata keçirmiş, beləliklə də alqı-satqı ilə bağlı razılaşmalarını Cavabdeh1 təktərəfli iradə ifadəsi olan etibarnamə ilə pərdələmişlər.

61. Buna görə də kollegiya hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətinin yaranmasından bəhs etmək və iddia tələbinin hüquqi əsas kimi müqavilə münasibətlərini nəzərdən keçirmək mümkün deyildir.

62. Bu kontekstdə kollegiyanın qənaətinə görə iddiaçı, məruz qaldığı aşkar olan ziyanın ödənilməsini istəmişdir; hansı ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Yəni zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir, hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası məhz əsassız varlanma müddəalarından yaranır.

63. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, məhz Cavabdeh1 iddiaçının hesabına əsassız varlanmış olduğundan, iddiaçının avtomobilə görə ona ödədiyi məbləğ qismində 13 880 manat ondan alınaraq iddiaçıya qaytarılmalıdır.

64. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndələri (vəkilləri) avtomobilin əslində Cavabdeh1 məxsus olduğunu və onun iddiaçıdan aldığı pul vəsaitini Cavabdeh2 vermədiyini bildirmişdir.

65. Kollegiya onu da nəzərə alır ki, İddiaçı tərəfindən avtomobilə dair X11 adlı şəxsə etibarnamə verilmiş olsa da, həmin etibarnamə nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva etmiş, avtomobil bu etibarnamə əsasında deyil, avtomobilin rəsmi mülkiyyətçisi olan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Şahid verdiyi etibarnamə əsasında iddiaçının sahibliyindən çıxmışdır.

66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödəmiş olduğu dövlət rüsumunun məbləği də Cavabdeh1 tutulub ona ödənilməli, apellyasiya şikayəti verərkən ödənilən rüsum məbləği isə apellyatorlara aid olunmalıdır.

67. İddiaçının “Cavabdeh1 vurulmuş 1000 manat maddi zərərin əvəzinin, 40 manat məbləğində cərimənin əvəzinin və 3150 manat icarə haqqının, vəkilə ödənilmiş 100 manatın əvəzinin tutulub ona ödənilməsi” tələblərini isə kollegiya əsassız hesab edir; çünkü həmin tələblərin əsaslı hesab ounmasına imkan verən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

68. Sözügedən tələblərlə bağlı kollegiya onu da nəzərə alır ki, həmin tələblərin birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşmış, qətnamədən şikayət verməmişdir.

69. İddiaçının “tələbin Cavabdeh2 mülkiyyətində olan “Kia Ceed” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi” tələbinin isə qanuni əsası ümumiyyətlə mövcud deyildir. Nəzərə alınmalıdır ki, həmin əmlak tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə nə Cavabdeh2, nə də Cavabdeh1 öhdəliklərinin təminatı kimi çıxış etməmiş, ipoteka ilə yüklü olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin avtomobil artıq Cavabdeh2 deyil, başqa şəxsin mülkiyyətindədir.

70. Kollegiya onu da qeyd edir ki, hazırkı iş üzrə gəlinən nəticə, avtomobildən istifadə etməsi ilə əlaqədar iddiaçının götürdüyü fayda və avtomobilin məruz qaldığı aşınma ilə bağlı Cavabdeh1 (müvafiq əsaslar olduğu təqdirdə Cavabdeh2) ona (iddiaçıya), habelə digər şəxslərə qarşı müvafiq iddia qaldrmaq hüququnu istisna etmir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1798/2024 saylı iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “zərərin və icarə haqqının, hüquqi yardım xərcinin tutulması, avtomobilə tutma yönəldilməsi” tələbləri qismən təmin edilsin. Cavabdeh1 əsassız varlanma obyekti olan 13 880 manat (on üç min səkkiz yüz səksən) manat və 100 (yüz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar