Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5246/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili İlkin Qocayevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərdə iştiraka cəlb etmə barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2015-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qaradağ RM-nin xx.xx.2021-ci il tarixli, 2(002)- 1456/2021 nömrəli qətnaməsi ilə cavabdehdən (atadan) iddiaçının (ananın) xeyrinə tutulması müəyyən edilmiş alimentin miqdarı (əmək haqqının ¼ hissəsi) artırılaraq hər ay 193 manat müəyyən edilsin, artırılmış aliment xx.xx.2021-ci il tarixdən tutulsun, uşağın müalicəsi və müayinəsi ilə əlaqədar cavabdeh əlavə xərclərə cəlb edilsin və hər ay ondan bu xərclərə görə 300 manat tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı artırılaraq hər ay üçün 193 manat müəyyən edilsin, uşağın müayinə və müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat tutulsun, iddianın qalan hissəsi rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili İlkin Qocayev apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Aliment qazancın müəyyən hissəsi kimi tutulur, yəni Qaradağ RM-nin xx.xx.2021-ci il tarixli, 2(002)-1456/2021 nömrəli qətnaməsi ilə əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulması müəyyənləşdirilib. Hazırda alimentin sabit pul məbləğində tutulması üçün əsas mövcuddur. Belə ki, aliment qazancın müəyyən hissəsi kimi tutularkən cavabdehin sabit gəliri var idi. İddiaçı bildirir ki, cavabdeh artıq işdən azad edilib, onu aylıq gəliri dəyişkəndir, bu hal məhkəmə qətnaməsinin icrasında çətinlik yaradır, buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. O cümlədən cavabdeh də apellyasiya şikayətində bildirib ki, işləmir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi tutulmalı olan alimentin miqdarını düzgün olaraq 193 manat müəyyən edib. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat müəyyən edilib. Cavabdehin işləməməsi, yeni ailə qurması və yeni doğulmuş uşağının olması onun birinci nikahdan olan uşağını saxlmaq vəzifəsindən azad etmir. Cavabdeh əmək qabiliyyətlidir, münasib qazanc əldə etmək, həm birinci nikahdan olan uşağı, həm də ikinci nikahdan olan uşağı saxlamaq iqtidarındadır. Cavabdehin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi barədə tələb əsassızdır. Belə ki, iddiaçı bildirir ki, uşağın gözündə çəplik var, 30 faiz görmə qabiliyyətinə malikdir, pəncəsi düz olduğundan belində əyrilik var, kifoz yaranıb, uşaq bu xəstəliyə görə davamlı müalicə və müayinələrdən keçir, dərman vasitələri qəbul edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görünür ki, valideyn əlavə xəclərə iştiraka müstəsna hallarda cəlb edilir. Müstəsna hallara ağır xəstə, şikəst uşaqlara göstərilən kənar xidmətin haqqının ödənilməsi və digər bu kimi hallar aiddir. X3 şikəst deyil, yuxarıda sadalanan xəstəliklər isə ağır xəstəlik sayılmır, ona kənar xidmət göstərilmir. Odur ki, qətnamə həmin tələbə aid hissədə ləğv edilməli və tələb rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, əlavə xərclərə görə valideyndən tutulan pul aliment sayılmır. “Əlavə xərclər” ifadəsindəki “əlavə” sözü alimentlə əhatə olunmayan xərcləri nəzərdə tutur. Əgər uşağın sağlamlıq problemləri valideynin əlavə xərclərə cəlb edilməsinə əsas vermirsə, həmin problemlər alimentin daha çox miqdarda tutulması üçün əsas ola bilər. Çünki aliment uşağın həm də sağlamlığı ilə bağlı çəkilən xərclərə görə tutulur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – uşağın müayinə və müalicə xərclərinə görə Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat tutulmasına aid hissədə ləğv edilsin və həmin tələb rədd olunsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5246/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5246/2022
29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver