Məhkəmə qərarları › İş №2(103)-5246/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5246/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5246/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının – apellyatorun nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi (övladı) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X3 vərəsəsi Cavabdeh Bankın xeyrinə nağd kredit üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 7.221,90 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 82,45 manat, cəmi 7.304,35 manatın, kart limiti üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 485,53 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 15,86 manat, cəmi 501,39 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 98,07 manatın, ödənilmiş bank xidmət haqqının əvəzinin – 0,40 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankı ilə Oruc Osmanov arasında bağlanmış BPM**********51 nömrəli xx.xx.2020-ci il tarixli “Tam kart çərçivə müqaviləsinə” əsasən, Oruc Osmanova illik 18%-lə 48 ay müddətinə 9.500 manat məbləğində nağd kredit verilmiş və illik 24%-lə 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Oruc Osmanov xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ondan qalmış mirası arvadı – iş üzrə Cavabdeh qəbul etmişdir. Lakin cavabdeh ona çatmış miras payından miras qoyanın – mərhum X9rşısında mövcud olan kredit borcunu ödəməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh, mərhum X5 borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 98,07 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdehin nümayəndəsi (övladı) X6 iddia tələbini qəbul etməyərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, atası Oruc Osmanovun ölümü ilə əlaqədar onun ailə üzvlərinə əmək haqqısının 3 misli həcmində pul vəsaiti ödənilmiş, övladları həmin vəsaitdən cavabdehin – analarının xeyrinə imtina etmişlər. Lakin həmin vəsait mərhumun məzar daşına xərclənmişdir. Mərhumun miras qala biləcək əmlakı olmamışdır. X8 kredit borcu barədə məlumatları belə olmamışdır. Hazırda isə cavabdehin tələb edilən borc məbləğini ödəmək imkanı yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 555,21 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Bankın xeyrinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum Oruc Osmanovdan miras əmlak kimi istifadə edilməmiş məzuniyyət üçün kompensasiya – 429,96 manat, vəzifə maaşı – 98,80 manat, yemək pulu – 6 manat, peşəkarlığa görə əlavə ödəniş – 15,51 manat, iş stajına görə əlavə ödəniş – 4,94 manat, əmək haqqının üç misli – 3.201,51 manat, ümumilikdə 3.756,51 manat müavinət pulu qəbul edilmişdir. Qəbul olunmuş miras əmlakdan 555,21 manat (istifadə edilməmiş məzuniyyət üçün kompensasiya – 429,96 manat, vəzifə maaşı – 98,80 manat, yemək pulu – 6 manat, peşəkarlığa görə əlavə ödəniş – 15,51 manat, iş stajına görə əlavə ödəniş – 4,94 manat) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququdur. Əmək haqqının üç misli – 3.201,51 manat isə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyinə görə vəfat edənin vərəsəsinə verilmiş orta aylıq əmək haqqının üç mislidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

7. İddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, mərhum Oruc Osmanovun yeganə vərəsəsi cavabdehdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Cavabdeh miras əmlakı tam qəbul etdiyi üçün iddia tələbi tam təmin edilməlidir. Lakin Rayon Məhkəməsi qeyd edilən halları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdehin nümayəndəsi (övladı) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Bank isə qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, Bank, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, sağikən Oruc Osmanov iddiaçı Bank ilə xx.xx.2020-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmış və həmin müqavilə üzrə Bankda kredit götürmüşdür. X7 borcunu ödəməmiş və nəticədə onun Banka 7.221,90 manat məbləğində nağd kredit üzrə əsas kredit borcu, 82,45 manat məbləğində faiz borcu (cəmi 7.304,35 manat), 485,53 manat məbləğində kart limiti üzrə əsas kredit borcu və 15,86 manat məbləğində faiz borcu (cəmi 501,39 manat) yaranmışdır. Oruc Osmanov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Oruc Osmanovun vəfatından sonra miras əmlak kimi 555,21 manat (istifadə edilməmiş məzuniyyət üçün kompensasiya – 429,96 manat, vəzifə maaşı – 98,80 manat, yemək pulu – 6 manat, peşəkarlığa görə əlavə ödəniş – 15,51 manat, iş stajına görə əlavə ödəniş – 4,94 manat) məbləğində pul xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən mərhumun arvadı olan cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan başqa cavabdehə mərhumun əmək haqqısının üç misli, yəni 3.201,51 manat məbləğində pul (işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi əsası ilə) da verilmişdir.

16. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.)

17. Bununla da müəyyən edilir ki, iddiaçı Bank həmin vərəsədən – cavabdehdən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir.

18. Lakin qeyd edilməlidir ki, Oruc Osmanovun vəfatı ilə bağlı cavabdeh tərəfindən alınmış pul məbləğinin yalnız 555,21 manat (istifadə edilməmiş məzuniyyət üçün kompensasiya – 429,96 manat, vəzifə maaşı – 98,80 manat, yemək pulu – 6 manat, peşəkarlığa görə əlavə ödəniş – 15,51 manat, iş stajına görə əlavə ödəniş – 4,94 manat) olan hissəsi miras əmlak sayılır, qalan 3.201,51 manat isə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyinə görə vəfat edənin vərəsəsinə verilmiş orta aylıq əmək haqqının üç mislidir və həmin məbləğ miras əmlak kütləsinə daxil deyil, çünki yuxarıda artıq qeyd edildiyi kimi miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

19. Belə olan halda müəyyən edilir ki, cavabdeh, Oruc Osmanovun vərəsəsi olaraq yalnız 555,21 manat həcmdə məsuliyyət daşıyır və Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi

20. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

22. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən cavabdeh apellyasiya şikayəti vermədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

23. İddiaçının verdiyi apellyasiya şikayəti işə təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

24. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar