Məhkəmə qərarları › İş №2(103)-525/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-525/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-525/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh – ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Rəfail oğluna qarşı “kredit borcunun ödənilməsi” barədə ilkin, Cavabdeh Rəfail oğlunun İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “tələbin girov qoyulmuş pul vəsaitlərinə yönəldilməsi və kredit müqavilələrinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələbləriüzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin (bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh Rəfail oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 119 600 manat əsas, 25 887,4 manat faiz, 15 880,22 manat cərimə borcu olmaqla cəmi 161 367,62 manat borcun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 502 000 manat əsas, 115 987,05 manat faiz, 66 236,11 manat cərimə borcu olmaqla cəmi 684 223,16 manat borcun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 140 700 manat əsas, 31 792,7 manat faiz, 17 997,87 manat cərimə borcu olmaqla cəmi 190 490,57 manat borcun, ümumilikdə isə 1 036 081,35 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Fond iddia tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh Rəfail oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən adı çəkilən şəxsə 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 119 600 manat; xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 502 000 manat; xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 140 700 manat kredit verilmiş, öhdəliklərini icra etmədiyindən onun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 119 600 manat əsas, 25 887,4 manat faiz, 15 880,22 manat cərimə olmaqla cəmi 161 367,62 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 502 000 manat əsas, 115 987,05 manat faiz, 66 236,11 manat cərimə olmaqla cəmi 684 223,16 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 140 700 manat əsas, 31 792,7 manat faiz, 17 997,87 manat cərimə olmaqla cəmi 190 490,57 manat borcu yaranmışdır. Cavabdeh Rəfail oğlu isə Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, onunla bank arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış öhdəliyinin təminatı olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və İddiaçı ASC arasında girov müqavilələri bağlandığını, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin həmin bankda yerləşdirdiyi pul vəsaitlərinin girov qoyulduğunu, lakin Fondun iddia qaldırarkən tələbin girova yönəldilməli olduğunu qeyd etməmdiyini irəli sürmüş, buna görə də İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 502 000 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 140 700 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 119 600 manat məbləğində kreditlərin ödənilməsi üçün tələbin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı ASC arasında imzalanmış girov müqavilələrinə əsasən girov qoyulmuş 550 000 manat, 150 000 manat və 130 000 manat məbləğində pul vəsaitlərinə yönəldilməsi və kredit müqavilələrinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi və xx xxxx 2019-cu il tarixli “yanlışlığın düzəldilməsi barədə” qərardadı ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin olunaraq İddiaçı ASC və Cavabdeh Rəfail oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 502 000 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 140 700 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 119 600 manat məbləğində kreditlərin ödənilməsi üçün tələbin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı ASC arasında imzalanmış girov müqavilələrinə əsasən girov qoyulmuş 550 000 manat, 150 000 manat və 130 000 manat məbləğində pul vəsaitlərinə yönəldilməklə əvəzləşdirilməsi, kredit müqavilələrinə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddia üzrə işin icraatına xitam verilməsini xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, qarşılıqlı iddiaçının istinad etdiyi girov müqavilələrinin predmeti olan pul məbləğlərinin qorunan əmanət olub-olmadığını ümumiyyətlə müəyyən etmədiyini, “Banklar haqqında” Qanunun tələblərinə əməl etməyərək öz səlahiyyətinə aid olmayan məsələ üzrə qərar verdiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən bankın ləğvedicisinin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatlarında göstərmişlər ki, məhkəmə öz qətnaməsində ləğv prosesində olan ‘İddiaçı” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh tələb etdiyi borc məbləğinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ASC-də yerləşdirilmiş depozit hesabına ödənildiyini və bu barədə (tranzaksiya) müvafiq sübutların məhkəməyə təqdim edildiyini qeyd etsə də, bu xüsusat tamamilə əsassızdır. Belə ki, həmin ödəniş tapşırığı (SWİFT) yalnız məlumat xarakter daşıyır, onun rəsmi sənəd olduğunu sübut edən heç bir imza, möhür olmamışdır. Həmçinin, ödəniş tapşırığında ödəniş məbləği göstərilməmiş və qeyd edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən qoyulmuş depozitlər gələcəkdə göstərilən kredit hüqavilələrinin təminatı kimi çıxış edəcəkdir. Məhkəmə bu məsələlərə ümumiyyətlə diqqət yetirməmiş, demək olar ki, araşdırma aparmayaq əsassız və qanunsuz qətnamə çıxarmışdır. Bundan əlavə, Mülki Məcəllənin 944-cü maddəsində göstərilmişdir ki, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Mülki Məcəllənin qeyd olunan normasından da görünür ki, tərəflər müqavilədə nəzərdə tutulan şərtlərlə hərəkət etməlidirlər və buna müvafiq olaraq bank əmanəti sadalanan şərtlərlə geri qaytarmalıdır. Məhkəmə tərəfindən prosessual hüquq normaları da pozulmuşdur və iddialar arasında qarşılıqlı əlaqəni müəyyən etmək mümkün deyildir. Habelə birinci instansiya məhkəməsi iş üzrə araşdırılması vacib olan halları araşdırmamışdır. Beləki, məhkəmə qorunan və qorunmayan əmanət anlayışlarını fərqləndirə bilməmiş, ümumiyyətlə sözügedən əmanətin qorunan olub-olmamasını müəyyən etməmişdir, halbuki “Əmanətlərin Sığortalanması haqqında” Qanunda tam aydın və anlaşıqlı şəkildə göstərilmişdir ki, qorunan əmanət sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Məhkəmə nəzərə almamışdır ki, Əmanətlərin Sığortalanması Fondu yalnız qorunan əmanətlərə görə kompensasiya ödənişi etmək öhdəliyi daşıyır. Lakin məhkəmə əmanətin qorunan olub-olmamasını aydınlaşdırmadan onun kompensasiya ödənilməli olan əmanət kimi qəbul etmişdir. Halbuki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən yerləşdirilmiş əmanət həmin dövrdə mövcud olan qanunvericiliyə müvafiq olaraq “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsinə əsasən qorunmayan əmanət statusuna aid edilmişdir. Belə ki, həmin Qanunun 2.1.2.10-cu maddəsində göstərilmişdir ki, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanət hesab edilmirlər. Sözügedən əmanət qorunmayan əmanət hesab edildiyi üçün Əmanətlərin Sığortalanması Fondu mövcud qanunvericiliyə müvafiq olaraq həmin əmanət üçün kompensasiyanın ödənilməsinə dair heç bir öhdəlik daşımır və bu əmanətin qaytarılması birbaşa ləğv prosesində olan Bankın öhdəliyidir. Məhz buna görə də, həmin əmanət məbləğləri Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə kreditor tələb kimi Beynəlxalq Bankın xeyrinə qeydə alınmışdır və növbəlilik qaydasında həmin banka ödəniləcəkdir. Məhkəmə maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edərək əmanətin qorunan hesab edilməsi ilə kifayətlənməmiş, öz aiddiyyat qaydalarına zidd olaraq başqa məhkəmənin baxmalı olduğu məsələyə dair qərar da qəbul etmiş, kompensasiya məbləğinin borc məbləği ilə əvəzləşdirilməsini həyata keçirmişdir. Halbuki, “Banklar haqqında" qanunun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Məhkəmə isə “Banklar haqqında” Qanunun tələblərini ümumiyyətlə nəzərə almamış, Mülki Məcəllənin tələblərini tətbiq edərək maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. “Banklar haqqında” Qanun müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsini istisna etmir, amma imperativ olaraq həmin Qanunun 82-ci maddəsinin tələblərinə əməl edilməsini şərt qoyur. Bu əvəzləşdirməni isə ümumi məhkəmələr deyil, “Banklar haqqında” Qanunun tələblərinə müvafiq olaraq iflas proseduruna nəzarət edən məhkəmələr öz icraatlarına qəbul edərək araşdıra bilərlər. “Normativ hüquqi aktlar haqqında” Qanunun 10-cu maddəsində göstərilmişdir ki, normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Buna görə məhkəmə mövcud mübahisə üzrə digər qanunvericilik aktını deyil, “Banklar haqqında” Qanunun tələblərini tətbiq etməli idi. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Bundan əlavə məhkəmə Cavabdeh Rəfail oğlunun kredit borclarının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı ASC-də həmin kreditlərə görə girov kimi yerləşdirdiyi əmanətlərlə əvəzləşdirilərək, kredit müqavilələrinin xitam edilməsini qət etsə də, işə girov qoyan kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-ni cəlb etməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində dəfələrlə məlumatlandırılmış Cavabdeh Rəfail oğlu, eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası Fondun nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədələğv olunaraq, ilkin iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır (qarşılıqlı iddia üzrə icraata xitam verildiyi və bu hissədə qətnamənin (həmçinin əlaqəli qərardadın) müvafiq qərardadla ləğv edildiyi nəzərə alınmaqla). İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, bankla Cavabdeh Rəfail oğlu arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanaraq ona 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 119 600 manat, xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanaraq 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 502 000 manat, xx xxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanaraq 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 140 700 manat kredit verilmiş, eyni tarixlərdə bağlanmış girov müqavilələri ilə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxxx” ASC-də xx.xx.2015-ci il tarixdə yerləşdirilmiş 130 000 manat depozit məbləği; xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxxx” ASC-də yerləşdirilmiş 550 000 manat depozit məbləği; xx xxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxxx” ASC-də yerləşdirilmiş 150 000 manat depozit məbləği banka (İddiaçı ASC-nə) girov qoyulmuşdur. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilərək onun barəsində iflas proseduruna başlanmış, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə isə Azərbaycan Respublikasının Maliyyə X1 ərizəsi təmin edilməklə lisenziyası ləğv və müflis elan olunmuş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. İşin müəyyən olunan halı həm də ondan ibarətdir ki, Cavabdeh bank qarşısında yaranmış kredit öhdəliklərini icra etməmiş, xx xxxxxxx 2018-ci il tarixinə onun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 119 600 manat əsas, 25 887,4 manat faiz, 15 880,22 manat cərimə olmaqla cəmi 161 367,62 manat; xx.xx.2015-ci il tarixli müqavilə üzrə 502 000 manat əsas, 115 987,05 manat faiz, 66 236,11 manat cərimə olmaqla cəmi 684 223,16 manat; xx.xx.2015-ci il tarixli müqavilə üzrə 140 700 manat əsas, 31 792,7 manat faiz, 17 997,87 manat cərimə olmaqla cəmi 190 490,57 manat kredit borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməli olduğu nəticəsinə gələrkən ona əsaslanmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Rəfail oğlundan tələb etdiyi borc məbəği “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ASC-də yerləşdirilmiş depozit vəsaiti hesabına ödənilmiş və bu barədə (tranzaksiya) müvafiq sübutlar ilk iddia üzrə cavabdeh tərəfindən məhkəmyə təqdim edilmişdir. Kollegiya məhkəmənin həmin qənaəti ilə razılaşmır və hesab edir ki, məhkəmə, tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməmiş, müəyyən etdiyi hallardan səhv nəticə çıxarmışdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 433.1-ci maddəsinə görə isə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından bankla (İddiaçı ASC) Cavabdeh arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən şəxsin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bununla belə kollegiya hesab edir ki, borcalana xx.xx.2018-ci il tarixinə qədər müqavilələrdə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh arasında bağlanmış kredit müqavilələri üzrə kreditlər 1 il müddətinə (müvafiq olaraq xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinədək) verilmiş və məhz bu dövr ərzində onun illik 6,5 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) 119 600 manat əsas, 5996,70 manat faiz borcu; xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) 502 000 manat əsas, 27 037,30 manat faiz borcu; xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) 140 700 manat əsas, 7938,22 manat faiz borcu yaranmaqla həmin tarixlərdən sonra ödəniş həyata keçirilməmişdir və kollegiyanın qənaətinə görə məhz həmin məbləğlər ondan tutula bilər. Kollegiya bankın, müvafiq müqavilələr üzrə “15 880,22 manat, 66 236,11 manat və 17 997,87 manat cərimə borcunun tutulması” tələbini də qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh tutulmalı dəbbə pulunun məbləğinin xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 7000 (yeddi min) manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15 000 (on beş min) manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 5000 (beş min) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Kredit borcunun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən girov qoyulmuş depozit (əmanət) məbləğləri hesabına ödənilmiş olması barədə Cavabdeh irəli sürdüyü arqumentə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında bu halı təsdiq edəcək hər hansı sübut mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh qarşılıqlı iddia tələbinin (qeyd olunduğu kimi, qarşılıqlı iddia tələbinə ayrıca qərardadla qiymət verilmişdir) də əsasını təşkil edən həmin arqumentlə bağlı kollegiya həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh kredit öhdəlikləri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı ASC-də xx xxxxxx 2015-ci il, xx xxxxxx 2015-ci il və xx xxxx 2015-ci il tarixlərində yerləşdirdiyi depozit məbləğləri ilə təmin olunmuş, bank isə xx xxxxxx 2016-cı il tarixdə müflis elan edilərək onun barəsində iflas proseduruna başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun həmin dövrdə qüvvədə olmuş 2.1.2.10-cu maddəsində isə nəzərdə tutulmuşdu ki, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlər hesab edilmir. Göründüyü kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı ASC-də yerləşdirmiş olduğu və Cavabdeh bank qarşısında kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edən əmanətlər (depozitlər) qorunan əmanət statusunda olmamış, bankda sığorta hadisəsi baş verdikdən sonra onlara ümumi əsaslarla tutma yönəldilməsi, yaxud həmin əmanətlərin akseptsiz qaydada borcun ödənilməsi üçün silinməsi mümkünsüz olmuşdur; çünkü “Banklar haqqında” Qanun bunu qadağan edir. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.5-ci maddəsinə görə, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; Qanunun 81.4-cü maddəsinə görə isə, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Həmin Qanunun 78.1-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Qanunun mənasına görə, əgər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı ASC-də yerləşdirmiş olduğu və Cavabdeh bank qarşısında kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edən əmanətlər (depozitlər) qorunan əmanət statusunda olmuş olsa idi, həmin əmanətlər adı çəkilən şəxsin kredit borclarına silinə bilərdi (əvəzləşdirmə); əks halda isə həmin əmanətlər “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında əmanət sahibinə geri qaytarılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ilkin iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat Cavabdeh alınaraq ona ödənilməli, ekspertiza xərci isə qarşılıqlı iddiaçıdan tutularaq müvafiq hesaba köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1754/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədələğv edilsin (qarşılıqlı iddia üzrə icraata xitam verildiyi və bu hissədə qətnamənin (həmçinin əlaqəli qərardadın) müvafiq qərardadla ləğv edildiyi nəzərə alınmaqla). Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Rəfail oğluna qarşı “kredit borcunun ödənilməsi” barədə ilkin iddia tələbi qismən təmin olunsun. Cavabdeh Rəfail oğlundan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 119 600 (yüz on doqquz min altı yüz) manat əsas, 5996,70 (beş min doqquz yüz doxsan altı manat 70 qəpik) manat faiz, 7000 (yeddi min) manat cərimə borcu olmaqla cəmi 132 596,70 (yüz otuz iki min beş yüz doxsan altı manat 70 qəpik) manat; xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 502 000 (beş yüz iki min) manat əsas, 27 037,30 (iyirmi yeddi min otuz yeddi manat 30 qəpik) manat faiz, 15 000 (on beş min) manat cərimə borcu olmaqla cəmi 544 037,30 (beş yüz qırx dörd min otuz yeddi manat 30 qəpik) manat; xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 140 700 (yüz qırx min yeddi yüz) manat əsas, 7938,22 (yeddi min doqquz yüz otuz səkkiz manat 22 qəpik) manat faiz, 5000 (beş min) manat cərimə borcu olmaqla cəmi 153 638,22 (yüz əlli üç min altı yüz otuz səkkiz manat 22 qəpik) manat, ümumilikdə isə 830 272,22 (səkkiz yüz otuz min iki yüz yetmiş iki manat 22 qəpik) manat kredit borcu, həmçinin ilkin iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat ləğv prosesindəki İddiaçı ASC-nin xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin olunmasın. Məhkəmə-mühasibatşünaslıq ekspertizasının xərci olan 200 (iki yüz) manat Cavabdeh Rəfail oğlundan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar