Məhkəmə qərarları › İş №2(103)-5250/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5250/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5250/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X5 , Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətınin cavabdeh X6 qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2357/2024 saylı 22 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 34.028 manat məbləğində əsas kredit borcu, 3618 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borca çıxıldıqdan sonra, qalan vəsaitin mülkiyyətçiyə qaytarılması, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7102/2015 nömrəli, 04 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 26 oktyabr 2011-ci il tarixdən iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 13 noyabr 2013-cü il tarixədək olan müddət üzrə maddi zərər olaraq 10.460 manatın tutularaq "xxxx" İKB-na ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% məbləğində pul tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 17 aprel 2012-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15397.52 AZN əldən çıxmış fayda borcun və 136.19 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 aprel 2010-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 42000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 sayli Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 26 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASCnin (İddiaçı ASC) xeyrinə ümumilikdə 38.196 AZN tutulması qət edilmişdir. Qarşı tərəf 2022-ci ildə öhdəliyin olmaması ilə bağlı arayış alıb, lakin 2012-ci ildən 2022-ci ilədək 10 il müddət var. Bu müddət ərzində də əmlak balansa götürülməyib və borc ödənilməyib. Bu müddət üçün 5% mənfəət borcu yaranıb. 2015-ci il tarixli qətnamə ilə tələb edilən faizlə bu iş üzrə tələb edilən faiz məbləği eyni deyil. Həmin faiz məbləği üzrə qəbul edilən qətnamə Mərkəzi Bankın illik uçot və faiz dərəcəsinə, depozitlərə və əmanətlərə qoyulmuş faiz dərəcəsinə görə çıxarılmış qətnamə idi. 2015-ci ildə Apellyasiya Məhkəməsində həmin faiz dərəcəsi ilə əlavə hesablanmış faiz məbləği tutulub, həmin tutulan məbləğin indi tələb edilən 5% ilə heç bir əlaqəsi yoxdur, orada tətbiq olunan maddə 449.4-cü maddədir. Hazırda tələb edilən 5% isə 445.7-ci maddəyə əsasən öhdəliyin davamlı icra edilmədiyi və yerinə yetirilmədiyi üçün Konstitusiya Məhkəməsinin Plenum qərarı əsasında hesablanıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2357/2024 saylı 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə, bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc tələb edə bilər. 22763/2014-1-30-001 №-li icra işi materiallarından görünür ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlir. Belə ki, icra işi materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra işi tam olaraq icra edilmişdir. Baxılan iş üzrə cavabdehin ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur. Göründüyü kimi cavabdehin pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsinin gec icra edilməsi ilə bağlı təqsiri olmamışdır. Buna görə də həmin qətnamənin gec icra edilməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında cavabdeh məsuliyyət daşıya bilməz. Belə ki, burada nəzərə alınmalıdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Bank cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud vəziyyətdə göründüyü kimi kreditor öz vəzifə öhdəliyini tam yerinə yetirərək 26 aprel 2010-cu il tarixində İddiaçı ASC-dən illik 27 faizlə 24 ay müddətinə 42000 AZN məbləğində kredit məbləğini borcalana vermişdir. Lakin borclu öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və borcludan yekunda 38196 AZN məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmçinin qeyd olunan qətnamə yenidən lazımi qaydada icra edilmədiyi üçün xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 15397.52 AZN əldən çıxmış fayda borcun tutulması zərurəti yaranmışdır. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qətnaməsinin icra edilməməsi səbəbindən bankın ehtiyat vəsaitlərindən istifadə olunmasına maneə törətmiş, dolayısı ilə həmin zərərin aradan qaldırılması zərurəti ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 15397.52 AZN borc cavabdehdən tutulmalıdır. İşin hallarından da görünür ki, borclu 26 aprel 2010-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 15397.52 AZN borcu vardır. Cavabdeh 26 aprel 2010-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini hazırki zamana kimi lazımi qaydada yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını-yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (köhnə redaksiya) 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarıilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarı: Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə kredit öhdəliyini ödəməyi üzərinə götürmüş, eyni zamanda öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bankın iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 34.028 manat məbləğində əsas kredit borcu, 3618 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu borcu, 20 manat məbləğində dövlət rusumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat məbləğində xidmət haqqı, və 10 manat məbləğində dövlət rüsumu, cəmi 38.196 manat tutulması, ümumilikdə hesablanmış 38.196 manat məbləğində kredit üzrə borcun ilk növbədə ipotekaya qoyulmuş Gülnarə Babayevanın xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165,2 m2 olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsilə əlaqədar olaraq qeyri-yaşayış sahəsindən Gülnarə Babayevanın və Əmrah Babayevin ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində çıxarılmaları, qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin Cavabdeh alınıb iddiaçı "xxxx" İKB-nin nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Gülnarə Babayevaya qaytarılması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin verildiyi vaxt “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. 22763/2014-1-30-001 №-li icra işi materiallarından və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-2461/2011 saylı icra sənədi, tam icra edilməsi məqsədi ilə tələb yönəldilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tələbkar İddiaçı ASC tərəfindən 94350 manata alınmış və borcluya çatası 63554 manat qalıq vəsait Xəta rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, qanunvericilik məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin bir ay ərzində icraya yönəlməli olmasını nəzərdə tutur. Hazırki işin müəyyən edilən halları isə ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-2461/2011 saylı icra sənədi 2022-ci il tarixdə tam olaraq icra edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilən maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi isə icranın gecikdirilməsində cavabdehin təqsirli olmamasına istinad etmişdir, lakin iddia tələbinin hüquqi əsasını təşkil edən qeyd olunan normadan göründüyü kimi borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Halbuki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün isə borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasınnın qənaətinə görə bu yalnız tələbkar icra vərəqəsinin geri qaytarılmasını xahiş etdiyi və ya icra hərəkətlərinin dayandırılması barədə rəsmi müraciəti olduğu halda borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olmaması haqda mühakimə yürütmək olar. Lakin məhkəmə kollegiyasının iclasında proses iştirakçıları ilə birlikdə tədqiq edilmiş icra işlərindən tələbkarın belə bir müraciətlərinin olması görünmür. İş materiallarında da göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmiş və icra sənədi 9 ildən də artıq müddət keçdikdən sonra icra edilmişdir və buna görə də bank ona qarşı hazırki iddia qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi pulun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı borcun hesablanmasının əvvəlinin 17 aprel 2012-ci il tarixdən olmasının nəzərə alınması və cavabdehdən iddiaçının xeyrinə həmin tarixdən 27 yanvar 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15397.52 AZN əldən çıxmış fayda borcun tutulmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7102/2015 nömrəli, 04 dekabr 2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərər olaraq 10.460 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10.490 (on min dörd yüz doxsan) manat tutularaq "xxxx" X2 ödənilməsi, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, tutulmuş vəsait 13 noyabr 2013-cü ilə (iddia ərizəsinin verildiyi tarix) qədər hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda tutulmalı olan vəsait qeyd olunan tarixdən, yəni 13 noyabr 2013-cü il tarixdən qətnamənin icra edildiyi 27 yanvar 2022-ci il tarixə qədər olan dövrü əhatə etməlidir. Bu baxımdan adi riyazı hesablama ilə müəyyən edilmişdir ki: cavabdehdən 8 il 2 ay 14 gün üçün tutulmalı olan əsas borc 34.028 manat olmuş, həmin məbləğ 8 il ərzində icra edilmədiyi müddətdə hər il üçün 5 faiz hesablanmaqla 13942,88 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (8 il x 360 gün= 2880 gün) (2880+60 gün ( 2 ay + 14 gün= 2954 gün) (əsas borc 34.028 x 5%= 1701,4) (1701,4:360 gün= 4,72 manat) (2954 gün x 4,72 manat = 13942,88 manat. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 13942,88 manat məbləğində borc X3 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136.19 manat dövlət rüsumunun 123,32 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12,87 manat iddiaçıya aid edilməlidir, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2357/2024 saylı 22 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 13942,88 manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 136.19 manat dövlət rüsumunun 123,32 manat hissəsi Cavabdeh Sabır qızından tutularaq İddiaçı ASC-yə ödənilsin, 12.87 manat isə İddiaçı ASC-nin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar