Məhkəmə qərarları › İş №2(103)-5251/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5251/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5251/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki yaşadığı ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, ünvan 2 mənzil 2 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Pirallahı rayonu Pirallahı qəsəbəsi M.Əzizbəyov küçəsi ev 5/2 ünvanında yaşayır. Lakin ASAN xidmət tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan ona məlum olmuşdur ki, özü və atası X8 tanımadığı X9 məxsus Pirallahı rayonu Pirallahı qəsəbəsi M.Əzizbəyov küçəsi ev 5 mənzil 2 ünvanına qeydiyyata alınmışdır. Bundan əlavə, Pirallahı RİH başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsinin verdiyi xx xxxxxx 2016-cı il tarixli 02 saylı forma 2 arayışında Pirallahı rayonu Pirallahı qəsəbəsi M.Əzizbəyov küçəsi ev 5 mənzil 2 ünvanında atası X5 xx xxxx 2005-ci ildən, qardaşı Cavabdeh xx xxxxxx 2004-cü ildən, anası X1 və özünün xx xxxxxx 2001-ci ildən qeydiyyatda olması göstərilmiş və həmin evin qardaşı Cavabdeh məxsus olması göstərilmişdir. O, 2019-cu ilədək yaşadığı evdə qeydiyyatda olmuşdur. Hazırda o, yoldaşı, üç uşağı və anasıyla həmin evdə yaşayır. X14 və qardaşı Cavabdeh da həmin evin digər bir otağında qalırlar. Kommunal xərcləri hərə özünə aid hissədə ödəyir. Ona görə də o, məhkəmədən faktiki yaşadığı ünvan 3 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən tərəflər arasındakı mənzil münasibətlərinin xx xxxxxxxx 2000-ci ilədək olan müddətdə yarandığını əsas gətirərək mübahisəyə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsini tətbiq etmişdir. Halbuki, mübahisəli hüquq münasibətinin xx xxxxxxxx 2000-ci ilədək müddətdə yaranması barədə iş materiallarında heç bir sübut yoxdur. İddiaçı verdiyi izahatında qeyd etmişdir ki, o, xx xxxxxx 2001-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmə də iddiaçının həmin tarixdən xx xxxx 2019-cu il tarixədək mübahisəli evdə qeydiyyatda olduğunu qeyd etmiş və iddianı təmin etmişdir. Halbuki mülkiyyət hüququnu təsdiq edən sənədlərə əsasən həmin mənzil xx xxxx 2001-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Bundan başqa Pirallahı RİH başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan iddiaçının xx xxxxxx 2001-ci il tarixdən həmin ünvanda qeydiyyatda olduğu qeyd olunsa da, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda mübahisəli mənzildə cavabdehin anası və cavabdehin özünün qeydiyyatda olması qeyd olunmuşdur. İddiaçı isə heç vaxt mübahisəli evdə qeydiyyatda olmamışdır. Belə olan halda mübahisə xx xxxxxxxx 2000-ci il tarixdən sonra yarandığına görə məhkəmə hazırkı mübahisəni xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun deyil, Mülki Məcəllənin 228.1, 228.2-ci maddəsinin qaydalarına uyğun həll etməli idi. İşin hallarından da göründüyü kimi iddiaçı ilə mülkiyyətçi arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamaqla yanaşı iddiaçının istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. İddiaçının hal-hazıradək həmin evdə yaşamaqda davam etməsi isə həmin evdən istifadə hüququnun yaranması anlamını daşımır. Qeyd olunanlara əsasən cavabdeh hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM 004514 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 2 yaşayış otağından ibarət, ümumi sahəsi 59,9 kv.m, yaşayış sahəsi 28,7 kv.m olan Bakı şəhəri Əzizbəyov (indiki Pirallahı) rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh adına hüquqi qeydiyyatdan keçmiş və bu barədə 44 saylı reyestr kitabının 6692 nömrəli səhifəsində xx xxxx 2001-ci il tarixdə 30/4518 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı RİH başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2016-cı il tarixli 02 saylı “forma 2” arayışının sürətindən görünür ki, Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 5 mənzil 2 ünvanında X8 xx xxxx 2005-ci ildən, Cavabdeh xx xxxxxx 2004-cü ildən, X3 və İddiaçı xx xxxxxx 2001ci ildən qeydiyyatda olmuş və həmin ev Cavabdeh məxsusdur. İş materiallarında olan 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdən ünvan 4 mənzil 2 ünvanında qeydiyyatdadır. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə edilmiş sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Məşədi Əzizbəyov küçəsində yerləşən 5/2 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə xx xxx 1998-cil il tarixdə ilkin olaraq X2 adına qeydiyyatdan keçmişdir. 33 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx xxxxxx 2001-ci il tarixli 4- Ə/10 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X6 həmin evi Cavabdeh satmış, həmin ev xx xxxx 2001-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. xx xxxx 2020-ci il tarixdə həmin fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırkı işə baxmış birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı xx xxxxxx 2001-ci il tarixdən xx xxxx 2019-cu il tarixə kimi faktiki olaraq yaşadığı Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 5 mənzil 2 ünvanında qeydiyyatda olmuş, hal-hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır və yaşadığı evin özünə aid kommunal xərclərini özü ödəyir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində İddiaçı ünvan 5 mənzil 2 ünvanına istifadə hüququnun tanınmalı olduğunu qeyd etsə də, qətnamənin nəticə hissəsində onun ünvan 3 mənzilinə istifadə hüququnu tanımışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibətlər 2000-ci ilin sentyabrın 1-dək olan müddətdə yarandığı üçün həmin mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin normaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx xxxxxx 2001-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən evin əvvəlki mülkiyyətçisi X6 tərəfindən Cavabdeh satılmış, xx xxxx 2001-ci il tarixdə Cavabdehiçin adına qeydiyyatdan keçərək hazırda onun mülkiyyətindədir. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayaraq xx xxxxxx 2001-ci il tarixdən həmin evdə qeydiyyatda olduğunu göstərsə də, həmin evdə qeydiyyatda olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı xx xxxxxx 2001-ci il tarixdən həmin evə qeydiyyata düşməsini və orada yaşamasını qəbul etdikdə belə, tərəflər arasında mənzildən istifadə ilə bağlı yaranmış mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun deyil, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməli idi. Belə ki, iş materiallarından göründüyü kimi həmin ev xx xxxxxx 2001-ci il tarixdə Cavabdeh satılmış və xx xxxx 2001-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçərək qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, mübahisəli ev xx xxxxxxxx 2000-ci il tarixədək olan dövrdə Cavabdeh mülkiyyətində olmamışdır. Həmin evdən istifadə hüququnun yaranması üçün İddiaçıla evin mülkiyyətçisi olan Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş yazılı razılığın olması, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 228-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvləri, “digər ailə üzvləri” və "digər şəxslər" prizmasından yanaşılır və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, birmənalı olaraq yaşayış sahəsindən istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Qeyd olunan hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar