Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5251/2022 29.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 141/14 saylı “Vakala” borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcalana illik 20% olmaqla, 24 ay müddətinə 3065 manat verilmişdir. Borc müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriyalı avadanlığın alınması məqsədilə banka 3065 manat verilməsini öhdəsinə götürmüşdür.
2. "xxxx" Açıq Sahmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə baglı sagİamİaşdırma tədbirləri haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2015-ci ii 15 iyul tarixll 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cu maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin probbemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir.
3. "xxxx" QSC-nin Nizamnaməsinə edilmis 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasi Prezidentinin 2015-ci il 15 iyul tarixll, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış huquqi şəxs statuslu qurum ("X4 Edilməsi Agentllyl" MMC) vasitəsilə həyata keçirilir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-138 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı QSC BOKT Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2124,40 manat əsas, 219,15 manat faiz borcu olmaqla, cəmi 2343.55 manat borcun və 43.44 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə banka 2124,40 manat əsas, 219,15 manat faiz borcu olmaqla, cəmi 2343,55 manat borcu yaranmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2022 saylı, 24may 2022-ci il tarixli qətnaməsi (hakim Günel Abbasova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi olmuş və bunun əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir.
9. İddiaçı hazırki tələbə dair iddia ərizəsi ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edən zaman, artıq iddia müddətini ötürmüşdür. Belə ki, iddia müddətinin bitməsi xx.xx.2019-cu il tarixdə idi. Daha sonra iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6264/2019 saylı qərardadı ilə iddia ərizə geri qaytarılmışdır. İddiaçının iddia müddətinin ötürülməsini üzrlü hesab edilməsi barədə ərizəsini araşdıraraq, məhkəmə qeyd edir ki, cavabdehin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, iddiaçı həmin müddətdən sonra ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
10. Məhkəmə hesab edir ki, iddiaçı bu müddətin üzrlü səbəbdən ötürülməsinə, habelə iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hər hansı başqa hala dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir.
11. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 382-ci maddəsinin adında iddia müddətinin ümumiyyətlə bərpasından bəhs olunsa da, həmin maddənin məzmununda ancaq fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpası mümkün sayılır. Başqa sözlə, orada hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpası imkanı müəyyən edilməmişdir. İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir(ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a) Beləliklə, əgər iddia müddətini hüquqi şəxslər ötürərsə, onda ötürmənin üzrlü səbəblərlə bağlılığından asılı olmayaraq, iddia müddəti bərpa edilmir.
12. Beləliklə, məhkəmə müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu və bu müddətin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, cavabdehdən borcun tutulmasına dair iddia tələbi rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərir ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azəraycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki, həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həliinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, "xxxx" QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1 və 372.2. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1-ci və 375.2. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1-ci və 377.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
20. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Əvvəla, cavabdeh qəsdən kredit ödəməkdən yayınırdısa iddiaçının yaxud kredit vermiş şəxsin də bununla əlaqədar vaxtında müvafiq tədbir görmək, o cümlədən məhkəmə müdafiəsindən istifadə etmək hüququndan vaxtında istifadə emək imkanı olmuşdur.
27. Ancaq iddiaçı bu hüquqlarından vaxtında istifadə etməmiş, əksinə məhkəmə mübahisəsi yarandığı zaman, cavabdeh iddia müddəti institutunun yaratdığı imkandan istifadə edərək müddətin tətbiqi barədə ərizə vermiş, məhkəmə də iddia müddətinin keçdiyini nəzərə alıb iddianı rədd etmişdir.
28. Cavabdehin kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsi də iddianın təmin olunması yaxud iddia müddətinin tətbiqinin rədd edilməsi üçün əsas ola bilməzdi.
29. Başqa sözlə qeyd olunan Fərmanın verildiyi tarixədək artıq iddia müddəti bitməsinə 40 gündən az vaxt qalmışdır. Yəni, Fərmanın icrası ilə bağlı sərf edilmiş müddət iddia müddətinə daxil edilməsə belə Fərmana qədər olan dövrdə iddia müddəti keçmişdir.
30. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair maddələrinin şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
31. Apellyasiya instansiya məhkəməsi şikayətin digər dəlilləri ilə bağlı da qeyd edir ki, iddiaçı bu dövrədək cavabdehə qarşı iddia irəli sürə bilərdi. Həmin vaxtadək iddia irəli sürməyə ona hər hansı bir maneə yox idi. İddia müddəti bitdikdən sonra şikayətdə göstərdiyi dəlilləri əsas gətirmək isə şikayətin əsaslı olduğuna dəlalət etmir və təmin edilməsi üçün şərt deyildir.
32. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2022 saylı, 24may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.