Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5259/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(004)-5554/2010 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli, 2(004)- 5554/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(004)- 5554/2010 saylı qərardadı ilə (hakim Təhminə Xəlilova) prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Cavabdeh qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməməsi, qətnaməni aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verməsi, prosessual müddəti ötürməməsi, tərəfindən məhkəməyə prosessual müddətin bərpasına dair ərizə verməməsi və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.2. buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, məhkəmə prosessual müddətin bərpası məsələsinə o zaman baxa bilər ki, işdə iştirak edən şəxs bu barədə məhkəməyə ərizə vermiş olsun. İşdə olan (iş v. 111-117) cavabdeh tərəfindən təqdim edilmiş ərizədən və apellyasiya şikayətindən isə görünür ki, cavabdeh prosessual müddəti ötürməməsini, bu səbəbdən də müddətin buraxılmamış hesab edilərək apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, yəni prosessual müddətin bərpası barədə ərizə verməmişdir (cavabdehin mövqeyinə görə o, prosessual müddəti ötürməmişdir). Lakin birinci instansiya məhkəməsi həmin ərizəyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə kimi baxaraq, müddətin bərpasından imtina etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizənin mahiyyətinə diqqət etməmiş, tələb olmadığı halda, müddətin bərpası məsələsinə hüquqi qiymət vermişdir, bununla da prosessual hüquq normalarının tələbləri pozulmuşdur.. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(004)-5554/2010 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(004)- 5554/2010 saylı qərardadı ləğv edilsin, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5259/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5259/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver