Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5260/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2892/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməinin xx.xx.2018-ci il tarixə qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərini artıraraq, Lənkəran Rayon Məhkəməinin xx.xx.2018-ci il tarixə qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün əlavə olaraq hər ay 50 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-523/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hər il uşağın gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladının tələbatlarını ödəmir, gündəlik məişət xərclərinin, həkim xərclərinin ödənilməsi üçün iddiaçının maddi imkanı kifayət etmir. Belə ki, xx.xx.2007-ci il təvəllüdlü X4 psixoloji problemləri vardır və müalicə aldığından onun müalicəsinə hər ay 100-300 manat pul tələb olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2892/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 523/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 50 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin yuxarıda qeyd olunan gəlirlərini sübut edən mötəbər dəlillərin məhkəmə baxışına təqdim olunmasına baxmayaraq 2022-ci il üçün yaşayış minimuna uyğun olaraq 193 manat aliment tələb etdiyi halda əsassız olaraq məhkəmə 160 manat aliment təyin etmişdir. Bu pul ilə o övladının heç bir ehtiyacını ödəyə bilmir, övladının ağır xəstə olması, onun nəzrətsiz qalması zamanı nəsə bir faciə baş verməsi təhlükəsi olduğundan onu tək qoyub özü də işləyə bilmir. Ona görə hesab edir ki, məhkəmənin hər iki valideyinin uşağa baxması hissəsində yalnız pulu meyar götürməsi ki, guya o da işləyib pul qazanmalı və xəstə uşağa evdə daimi baxaraq öz valideyinlik borcunu ödəməyini qiymətləndirməməsini ədalətsiz və əsassız hesab edir. Qətnamənin nəticə hissəsində göstərilmiş iddiaçının övladının müalicəsinə faktiki sərf etdiyi, gələcəkdə çəkməsi üçün zəruri olan vəsaitlə bağlı hər hansı sübutun məhkəməyə təqdim olunmaması səbəbindən iddia ərizəsinin bu hissədə təmin edilməsinin qeyri-mümkün hesab edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, işin mübahisəsiz halıdır ki, xx.xx.2007-ci il təvəllüdlü X5 baş beyinində ağır xəstəlikdən əziyyət çəkir və bu hal onun doğulmasından başlayaraq hal-hazırda davam edir və gələcəkdə də mütəmadi həkim nəzarəti və müalicələr olmasa daha da ağırlaşacaq. İşin mübahisəsiz halıdır ki. bu cür xəstə uşağın həkim nəzarətində saxlanılması, mütəmadi instrumental və laborator müayinələrdən keçirilməsi və müalicə və həkim xərcləri olduqca böyük məsrəflər aparır və bu xərclər çəkilməsə uşağın xəstəliyi daha da ağırlaşacaq. İşin mübahisəsiz halıdır ki, xəstə uşağa anası baxır və onun diqqət pozuntusundan, nevrozdan və baş beyinin xəstəliyindən əziyyət çəkməsi özünü müstəqil idarə etməsindən məhrum edir və bu səbəbdən onu tək və nəzarətsiz qoyub anası əmək fəaliyyəti ilə məşğul olaraq övladının maddi ehtiyaclarını qarşılaması üçün işləməkdən məhrum edir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, iddiaçının vəkili-nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının “iddianın təmin edilməyən” hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh qeyri-rəsmi nikahda olmuşlar və bu nikahdan xx.xx.2007-ci il tarixdə X5 anadan olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-523/2018 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən başlayaraq 26 avqust 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh Səttar oğlundan tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Cavabdeh Səttar oğlunun başqa nikahından xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2013-cü il tarixdə X9 anadan olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də anbardar vəzifəsində işləməklə ayılq əmək haqqı 500 manat təşkil edir. İlk əvvəl alimentin məbləğinin artırılması ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin hər birinin maddi vəziyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının himayəsində bir yetkinlik yaşına çatmayan, aliment ödəyən cavabdehin isə himayəsində daha iki övladının olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X2 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay 160 manat müəyyən edilməli, iddia ərizəsi alimentlə bağlı qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin müalicə xərcləri ilə bağlı tələb üzrə mövqeyi isə ondan ibarət olmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.). İddiaçı övladının müalicəsinə faktiki sərf etdiyi, gələcəkdə çəkilməsi zəruri olan vəsaitlə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia ərizəsinin bu hissədə də, təmin edilməsini qeyrimümkün hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaq üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə iddianı qismən təmin edərkən, istər azyaşlı uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözlənilmişdir. Belə ki, iddiaçının azyaşlı uşağının saxlanması üçün aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və mülki dövriyyədə olan əşyaların istehlak qiymətləri dəyişmişdir. Həmçinin, azyaşlı uşaq böyümüş və onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Qərarda həmçinin vurğulanmışdır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi alimentin məbləğinin artırılaraq 160 manat həddində müəyyən edilməsi ilə bağlı qərar qəbul edərkən, uşağın mənafeyini üstün tutmaqla eyni zamanda cavabdehin də maddi vəziyyətini nəzərə almış və düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin əlavə xərclərlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Hazırki işin materiallarına iddia tərəfindən əlavə edilmiş tibbi sənədlər uşağın xəstə olması müəyyən edilmir. Uşağın tibbi yoxlanışlardan keçdiyi faktını məhkəmə qəbul etsə belə, həkim yoxlanışlarının nəticələrinə əsasən uşaqda hər hansı ciddi xəstəliyin aşkar edilməsinə dair diaqnoza rast gəlinməmişdir. Belə ki, Respublika Diaqnostika X3 barəsində xx.xx.2019-cu il tarixdə tərtib etdiyi kranial MRT nəticələrinə əsasən, “baş beyin parenximasında MRT olaraq orqanik patalogiya qeyd edilmir. Nazal septada deviasiya və konxalarda hipertofiya.” Mərkəzin xx.xx.2019-cu il tarixdə tərtin etdiyi servikal MRT nəticələrinə əsasən, “cervikal lordozda artış. C5-C6 fəqərəarası diskdə posterior qabarma. Sinir kökü kompressiyası izlənilmir”. Həmçinin, işdə olan "xxxx" MMC-nin mədaxil qəbzlərindən görünür ki, Mahmudzadə Məhəmmədə yalnız həkim qəbulu və laborator xidmət göstərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının cavabdehdən əlavə xərclərin tələb edilməsi üçün əsas olan Ailə Məcəlləsinin 81-ci maddəsində qeyd olunan şərtlər iş materialları ilə təsdiqini tapmadığından, Cavabdeh ikinci dəfə ailə qurduğundan, yeni nikahından 2 uşağı olduğundan, eyni zamanda onun yüksək gəlirinin olması və əlil olması iş materialları ilə müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2892/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5260/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5260/2022
02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver