Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5260/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu üzrə hesablanmış əldən çıxmış faydanın tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcu üzrə hesablanmış əldən çıxmış faydanın tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1546/2023 nömrəli 03 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Borcalan Cavabdeh ilə "xxxx" ASC-nin Suraxanı filalının müdiri X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsinə əsasən sonuncuya 10.000 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanın məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSCnin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir.
3. S-FK-65 saylı, xx.xx.2017-ci il tarixli Cavabdeh təhvil-təslim olan günə “Borclunun” "xxxx" ASC-dəki şəxsi borc hesablarındakı çıxarışa əsasən, əsas borcun üzrə 8624,77 manat, faiz borcu üzrə 1283,17 manat olmaqla, cəmi 9907,09 manat təşkil edir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-587/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsi üzrə 8624,77 manatın İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Suraxanı rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli X6 Kompani S.A. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanladığı geriyə bildirişindən müəyyən olunur ki, borclu Cavabdeh barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-587/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və 7 faiz icra ödənişinin alınması haqqında Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 10.1-ci, 63-65-ci və 78-ci maddələrini rəhbər tutaraq icra olunması üçün göndərilmişdir.
6. “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi barədə bildiriş ilə Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1719-xx.xx.2015-Sur56 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 8624,77 manat əsas borca gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda və dəymiş zərər 1878,28 manat məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 38,78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSCnin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh dair sənədlər S-FK-65 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 21% tətbiq edilməklə, 36 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 2(010)- 587/2022 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2015-ci il tarixdə, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsi üzrə əsas borcu üzrə 8624,77 manat olmaqla, cəmi 8624,77 manat və 119.08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 1719-xx.xx.2015-Sur56 kredit müqaviləsi üzrə xx.xx.2018-cı il tarixdən xx.xx.2023- cü il tarixədək 8624,77 manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə 1878,28 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2023-cü il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
9. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 1719-xx.xx.2015-Sur56 nömrəli sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin balansından dövlətə məxsus İddiaçı QSC BOKT-nın idarəetməsinə verilmiş Cavabdeh kredit üzrə əsas borcun qalığı 8624,77 manat, faiz borcunun qalığı 1283,17 manat olmaqla, cəmi 9907,09 manat məbləğində təşkil edir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 may 2023-cü il tarixli 2(010)-1546/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Suraxanı rayon Məhkəməsinin qətnaməsi xx.xx.2018-ci il tarixdə qəbul edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəldilmişdir. Bundan əlavə iddiaçı tərəfə cavabdeh tərəfin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi öncədən bəlli olduğundan iddiaçı tərəf əsas borcun ödənilməsi tələbi ilə yanaşı, pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsi tələbi ilə də məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan əlavə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qətnamə ilə müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 1283.17 manat faiz borcunun tutulması hissəsində təmin olunmamış və qətnamə qanuni qüvvəsini almışdır.
12. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tam əsaslandırılmamış və tələb olunan əldən çıxmış faydanın haradan və necə yaranması məhkəmədə müəyyən edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehdən əldən çıxmış fayda tələb etsə də, lakin iddianı sübuta yetirəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 741, 385.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli maliyyə arayışı nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.
30. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il tarixli, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsi üzrə yalnız əsas borc məbləği olan 8624,77 manat İddiaçı ASC-nin xeyrinə tutulmuşdur.
31. Həmin qətnamədə göstərilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşsə də, cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki bu halı sübut etmək yükü məhz iddiaçının üzərinə düşür. Digər tərəfdən cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı faiz və cəriməni tələb etməsinə əsas vermir, çünki bu yuxarıda qeyd olunan Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının tələblərinə ziddir. Həmçinin məhkəmə hesab etmişdir ki, müqavilə üzrə müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 1283,17 manat faiz borcunun tutulması hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir.
32. Sözügedən qətnamə bank tərəfindən mübahisələndirməmişdir.
33. Kredit təşkilatı üzərinə düşən vəzifəni icra etməyərək kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı borcalana təklif göndərməmişdir.
34. Qüvvədə olan qətnamə ilə həmçinin illik 5%-lə borcun tutulması məsələsinə də münasibət bildirilmişdir.
35. Hazırda iddiaçının hər hansı əsasla əldən çıxmış fayda tələb etməsi əsassız və yolverilməzdir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
37. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1546/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.