Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5261/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, vurulmuş zərərin əvəzi olaraq 4.555 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30 radələrində cavabdehin idarə etdiyi “Mercedes Benz” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Topçubaşov küçəsindən hərəkətdə olan vaxt Nəsimi rayonu, Səməd Vurğun küçəsinin kəsişməsində “stop” işarəsini gözləmədiyi üçün sağdan Səməd Vurğun küçəsindən hərəkətdə olan iddiaçıya məxsus “Opel Combo” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ağır qəza törətmişdir. İddiaçının avtomobilinə xeyli ziyan dəymişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun protokol tərtib edilmişdir. Tərtib edilmiş qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi üçün 3.460 manat, təmir işlərinə görə 995 manat, servis tərəfindən avtomaşının qeydiyyata alınmasına 100 manat olmaqla, ümumilikdə 4.555 manat məbləğ müəyyənləşdirilmişdir. Cavabdehin sığortası olmadığı üçün ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olmamışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 4.305 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 35 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsinin iddiaçıdan, 25 manat hissəsi isə cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması sübuta yetirildiyi üçün zərərin ödənilməsi ekspert rəyi ilə müəyyən edilən həcmdə təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Belə ki, zərərin müəyyən edilmiş məbləği reallığı əks etdirmir. Məhkəmə baxışının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməmiş, nəticədə cavabdeh öz hüquqlarının müdafiəsi hüququndan məhdurm olmuşdur. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
7. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
8. İddiaçı apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir.
9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni iddianın bir qisminin rədd edilməsi hissəsində mübahisələndirməmişdir.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından və xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:30 radələrində hazırkı iş üzrə cavabdehin idarə etdiyi “Mercedes Benz” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Topçubaşov küçəsindən hərəkətdə olan vaxt Nəsimi rayonu, Səməd Vurğun küçəsinin kəsişməsində “stop” işarəsinin tələblərini gözləmədiyi üçün sağdan Səməd Vurğun küçəsindən hərəkətdə olan və iddiaçıya məxsus “Opel Combo” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ağır qəza törətmişdir. Buna görə də, cavabdeh, İXP 584567 nömrəli protokol və TP ******* nömrəli inzibati tənbeh haqqında qərara əsasən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 9/1793 saylı rəydən görünür ki, xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Opel Combo” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4.305 manat müəyyən edilmişdir.
17. Cavabdeh apellyasiya şikayətində avtomobilə dəymiş ziyanın miqdarının şişirdilmiş məbləğ olduğunu bildirir. Lakin cavabdeh tərəfindən iddiaçıya dəymiş və ekspert rəyləri ilə müəyyən edilmiş ziyanın miqdarını şübhə altına ala biləcək hər hansı sübutu (məsələn: avtomobillərin təmiri sahəsində fəaliyyət göstərən hər hansı şirkətin mütəxəssislərinin verdiyi qiymətləndirmə hesabatını və s.) Məhkəməyə təqdim edilməmişdir.
18. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, müzakirə edilən bu dəlil sübuta söykənmədiyi üçün əsaslı hesab edilə bilməz (MPM; maddələr 77.1 və 14.2), ekspert rəylərində göstərilənlər işdə olan digər sənədlər ilə təsdiq edildiyindən etibarlı sübut kimi qəbul edilməlidir (MPM; maddələr 88 və 103). Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (MPM; maddə 361.4.).
19. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.305 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
21. Digər tərəfdən, cavabdeh Rayon Məhkəməsinin iclaslarından xəbərdar olmadığı üçün məhkəmədə iştirak edib hüquqlarını müdafiə edə bilmədiyini bildirsə də, iş materiallarından görünür ki, Rayon Məhkəməsi tərəfindən cavabdehin rəsmi ünvanına məhkəmə bildirişləri dəfələrlə göndərilmişdir. Lakin cavabdehə göndərilmiş bildirişlər poçt xidməti tərəfindən zərdin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.
22. Cavabdehin sənədlərindən və cavabdehin öz vəkilinə (nümayəndəsinə) verdiyi etibarnamədən görünür ki, cavabdehin ünvanı Rayon Məhkəməsinin ona bildiriş göndərdiyi ünvan ilə eynidir. Belə olan halda qəbul edilməlidir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanda yaşaması səbəbindən yaranmış bu hal əsaslı hesab edilə bilməz.
23. Bundan başqa qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin adına olan telefon nömrəsinə sms bildiriş göndərmiş və bildirir həmin nömrəyə çatmışdır. Belə olan halda qəbul edilməlidir ki, cavabdehin adına olan telefon nömrəsindən istifadə etməməsi səbəbindən yaranmış bu hal da əsaslı hesab edilə bilməz.
24. Göstərilənlərə əsasən hesab edilməlidir ki, cavabdehə məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilmiş, qətnamə çəkişmə şəraitində qəbul edilmişdir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
25. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə həmçinin bildirir ki, iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün MPM-n 402.1-ci maddəsinin tələbinə əsasən, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Belə ki, həmin maddənin tələbinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
30. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.