Məhkəmə qərarları › İş №2(103)-5263/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5263/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5263/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(004)-1214/2023 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Alllahverdi qızından "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.748,44 manat məbləğində əsas, 3.693,41 manat məbləğində faiz, 939,80 manat məbləğində cərimə, ümumilikdə 15.381,65 manat məbləğində borcun, habelə ödənilmiş 136,14 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1214/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.748,44 manat əsas, 3.693,41 manat faiz, 100 manat cərimə, cəmi 14.541,85 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 110 manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuş, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra Cavabdeh ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1214/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1214/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh yenidən ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1214/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1214/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən buraxılmış prosessual müddət bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpası barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1214/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə hər iki tərəfin elektron kabinetinə yerləşdirilmişdir. Bununla yanaşı cavabdehin bu məsələyə laqeydliklə yanaşaraq, şikayət vermək üçün 1 aylıq müddəti ötürərək, xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin müddətin bərpa olunması üçün göstərdiyi dəlilləri əsaslı hesab edərək, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə ərizəni təmin etmişdir. Hesab edilrlər ki, məhkəmə yalnış nəticəyə gəlmiş və əsassız olaraq apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə ərizəni əsassız olaraq təmin etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1214/2023 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1214/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaddından iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməli, buraxılmış müddətin bərpasından imtina edilməklə, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1214/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tərəflərin, o cümlədən Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2023-cü il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Lakin Cavabdeh həmin müddət ərzində qeyd edilən qətnamədən apellyasiya şikayəti verməmiş və xx.xx.2023-cü il tarixdə qətnaməni məhkəmə qəbzinə imza etməklə götürmüş və xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəni və apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Bununla belə, Cavabdeh ərizəsində elektron kabineti heç bir zaman işlətmədiyini, bu kabinetdən və ondan istifadə edilməsi qaydasından məlumatsız olduğunu, kabinetin xəstəliyi ilə əlaqədar xarici ölkəyə getmək üçün edilməli olan prosedurlar səbəbindən övladı tərəfindən (etibarnamə əsasında) yaradıldığını bildirmiş, birinci instansiya məhkəməsi də onun bu mövqeyini inandırıcı hesab edərək, apellyasiya şikayətinin verilməsi müddətini bərpa etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qənaəti, yəni iş üzrə tərəf olan şəxsin elektron kabinetdən məlumatsız olduğu və istifadə edə bilməməsi birmənalı şəkildə üzürlü səbəb kimi qəbul edilə bilməz və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün əsas ola bilməz. Belə ki, bu halda, Mülki-Prosessual Məcəllənin 135.6-cı və 227.4-cü maddələri öz hüquqi əhəmiyyətini itirmiş olur ki, bu da mümkün deyil. Lakin elektron kabinetin tərəfdən asılı olmayan, yəni hər hansı, o cümlədən sistem qüsuru olan texniki səbəblərdən işləməməsi halı istisna təşkil edir. Belə olan halda, yalnız ondan asılı olmayan səbəblərdən tərəfin elektron kabinetə daxil ola bilməməsi, ondan istifadə edə bilməməsi və orada yerləşdirilən sənədlər barədə məlumat əldə edə bilməməsi nəticəsində müddətin ötürülməsi üzürlü hesab edilib, bərpa edilə bilər. Lakin cavabdeh bununla bağlı hər hansı fikir söyləmir. Qeyd edilənlər ərizənin təmin edilməməsini, buraxılmış müddətin bərpasından imtina edilməsini və apellyasiya şikayətinin, habelə ərizənin geri qaytarılmasını şərtləndirir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, yəni hər hansı əsas olmadan buraxılmış prosessual müddəti bərpa etmişdir. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1214/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh ərizəsi təmin edilməməli, müddətinin bərpasından imtina edilməli, ərizə, habelə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1214/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Müddətinin bərpasından imtina edilsin. Ərizə, habelə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar