Məhkəmə qərarları › İş №2(103)-5263/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5263/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5263/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(011)-2595/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli, 8İ- 3865 nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinə tutma yönəldilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-3865 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi barədə bildiriş göndərilmişdir.

3. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-3865 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.

4. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-3865 nömrəli icra sənədi üzrə borclunun əmlakının qiymətləndirilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinin qiymətləndirilməsi üçün Xəzər rayon İcra şöbəsinə "xxxx" MMC-nin ekspertinin dəvət edilməsi qərara alınmışdır.

5. İpoteka saxlayan Cavabdeh2 ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında bağlanmış 12\105 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, borc alanın 01 iyun 2021-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəsinə əsasən yaranan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. Bank - Cavabdeh2 ASC, borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəsinin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 ay müddətinə illik 15% olmaqla 120000 manat kredit verilmişdir.

7. xx.xx.2023-cü il tarixli ipoteka qoyan İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında 01 iyun 2021-ci il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəyə əsasən "xxxx" MMC-yə maksimal borclanma limit məbləği olaraq 200000 manat pul məbləği ayrılmışdır. Maksimal borclanma limiti müqaviləsinin təminatı kimi Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b/y İİ sektor ünvanında 0.10 sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.m olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X8 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 02 iyun 2021-ci il tarixli, **********9211301-06301 reyestr və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Əlavə olaraq Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında 01 iyun 2021-ci il tarixli 205/105 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində "xxxx" MMC-nin borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Həmçinin Cavabdeh2 ASC ilə X4 arasında 01 iyun 2021-ci il tarixli 205/105 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində X3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Maksimal borclanma limiti müqaviləsi daxilində 06 aprel 2022-ci il tarixdə Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında bağlanmış Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəyə əsasən illik 15% olmaqla 12 ay müddətinə 120 000 (bir yüz iyirimi min manat) manat məbləğində kredit verilmişdir. Borclular "xxxx" MMC, "xxxx" MMC və X4 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cəriməni ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdirlər. Borclular "xxxx" MMCnin, "xxxx" MMC-nin və X3 01 iyun 2021-ci il tarixli maksimal borlcanma limitinə dair Kreditləşmənin Xüsusi Şərtlərinə 01 saylı Əlavə və 06 aprel 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəsi üzrə xx.xx.2023-cü il tarixə Banka 71736,63 manat əsas, 5589,49 manat faiz borcu və 156426 manat cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borc 21 gün müddətində ödənilmədiyi halda bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b/y İİ sektor ünvanında 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.m olan bağ evinə tutmanın yönəldilməsi proseduru başlanacaqdır.

8. Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-3865 nömrəli icra sənədi verilməsinə dair məhkəməyə təqdim edilmiş notariat işinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş kredit alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “AzəriExpress” surətli poçt xidməti vasitəsilə xx.xx.2023cü il tarixdə göndərilmişdir. Həmin bidiriş xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyan İddiaçı “AzəriExpress” surətli poçt xidməti vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin bidiriş xx.xx.2023-cü il tarixdə “qapı bağlıdır” qeydi ilə qaytarılmışdır.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh2 ASC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli elektron müraciətə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq" b/y-nın İİ sektoru ünvanında yerləşən bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-3865 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-3865 saylı icra qeydinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinə tutma yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü tarixli 17\74 nömrəli məktubuna əsasən Türkan qəsəsbəsi 19 “Şərq” b\y İİ sektor ünvanında 0,10 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evi Xəzər rayon inzibati ərazisində yerləşdiyi üçün icra hərəkətlərini həyata keçirmək üçün icra vərəqi əmlakın olduğu Xəzər rayonuna göndərilmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023cü il tarixdə Xəzər rayon İcra şöbəsinə Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 67,90 kv.metr olan bağ evinə tutma yönəldilməsinin icra olunmasını həyata keçirmək üçün və ilkin satış qiymətinin müəyyən edilməsi, müstəqil qiymətləndirmə aparılması məqsədi ilə "xxxx" MMC və ya "xxxx" MMC-nə göndərilməsini xahiş etmişdir. Tələbin könüllü icrası üçün ona bildiriş xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Onunla 12\105 nömrəli ipoteka müqaviləsi xx.xx.2021-ci ildə bağlanmışdır. 12\105 nömrəli ipoteka müqaviləsinin 2.4-cü bəndində ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2021-ci il tarixə 121000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2021-ci il tarixə 121000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinin bazar dəyəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən, yəni 121000 manat dəyərdən qat-qat çox artmışdır.

12. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə ilə tənzimlənən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Müqavilənin 7.7-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə tərəfindən həll olunur. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəlikləri tam icra edənə qədər o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra kredit müqaviləsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərcləri tam ödənilədək qüvvədə qalır. Göründüyü kimi, tərəflər arasındakı münasibətləri tənzimləyən müqavilədə ipoteka predmetinə tutmanın yönəldilməsinin icra qeydi verilinməsi ilə bağlı hər hansı müddəa yoxdur, əksinə müqavilə üzrə tərəflər mübahisələrin məhz məhkəmə qaydasında həll edilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 7.3-cü bəndində qeyd olunan məhkəmə qətnaməsi ifadəsi isə icra qeydinin verilməsini istisna edir. Qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsinin məhz icra qeydi vasitəsilə həyata keçirilməsi barədə imperativ norma yoxdur, icra qeydi və ya məhkəmə müdafiəsi üsulunu seçmək hüququ tərəflərə verilib, bu hal da, yəni mübahisələrin məhkəmə vasitəsi ilə həll edilməsi tərəflər arasında imzalanmış müqavilədə konkret göstərilib məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(011)- 2595/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Qətnamənin əsaslarına görə, ipoteka qoyana “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” bildiriş qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərildiyindən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinə tutmanın yönəldilməsi barədə icra qeydinin verilməsində qanunla müəyyən edilmiş ümumi qaydanın ziddinə yönəlmiş sair hal müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

17. Şikayətin dəlillərinə görə, tərəflər arasındakı münasibətləri tənzimləyən müqavilədə ipoteka predmetinə tutmanın yönəldilməsinin icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur, əksinə müqavilə üzrə tərəflər mübahisələrin məhz məhkəmə qaydasında həll edilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 7.3-cü bəndində qeyd olunan məhkəmə qətnaməsi ifadəsi isə icra qeydinin verilməsini istisna edir. Qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsinin məhz icra qeydi vasitəsilə həyata keçirilməsi barədə imperativ norma yoxdur, icra qeydi və ya məhkəmə müdafiəsi üsulunu seçmək hüququ tərəflərə verilib, bu hal da, yəni mübahisələrin məhkəmə vasitəsi ilə həll edilməsi tərəflərarasında imzalanmış müqavilədə konkret göstərilib. Qanunvericiliyin tələbinə əsasən yalnız borcun həqiqi olduğunu müəyyən edən sənədlər əsasında icra qeydi verilə bilər. Lakin iş materiallarındakı icra qeydinin verilməsinə əsas olmuş sənədlərə baxarkən müəyyən edirik ki, "xxxx" MMC-nin borcunun olduğu müəyyən edilmir. Sənədlərdən yalnız müqavilələr, maliyyə arayışı və qəbzlər icra qeydinin verilməsi üçün əsas olmuşdur. Halbuki, maliyyə arayışı cavabdeh tərəfindən tərtib edilmiş bir sənəddir, həmin sənədlə iddiaçının borcunun olub-olmamasını müəyyən etmək mümkün deyil. Bu prosessual prizmadan yanaşılsa mötəbər sübut hesab edilə bilməz. Maliyyə arayışı cavabdehin iradəifadəsini əks etdirən bir sənəddir, cavabdehin izahatı isə digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Borcun olub-olmamasını müəyyən etmək üçün cavabdeh tərəfindən notariat orqanına borcalana məxsus hesabdan çıxarışlar və digər mötəbər sənədlər təqdim edilməlidir. Lakin notariat orqanı borcun mövcud olması barədə hər hansı bir sənədə istinad etmədən qanunsuz olaraq icra qeydi vermişdir. Bizdə olan məlumata görə isə "xxxx" MMC tərəfindən mövcud borc mübahisələndirilir, bununla bağlı məhkəməyə müraciət etmək niyyətindədirlər. İcra qeydi isə mübahisəsiz borca münasibətdə ipoteka predmetinə yönləndirilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin tələblərinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi: Qanunvericilikdə qeyd edilmiş əsaslara hazırkı iş üzrə rast gəlinmir. İddiaçıya ipoteka predmetinə tutma barədə xx.xx.2023 tarixli bildiriş göndərildikdən sonra qanunda nəzərdə tutulmuş 21 gün müddət gözlənilmədən bildirişin dövlət qeydiyyatına alınması üçün xx.xx.2023 tarixində dövlət qeydiyyat orqanına müraciət edilmişdir. 21 gün müddət borcalan və ipotekaqoyanın məhkəmə müdafiəsi tədbirlərini görmək üçün nəzərdə tutulmuş müddətdir. Bu müddətin gözlənilməməsi qanunun tətbiqini əhəmiyyətsiz edir. “İpoteka haqqında” qanunun 36.2.3-cü maddəsinə əsasən bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq qeyd olunmalıydı. Lakin bildirişə nəzər yetirərkən bu qeydin mövcud olmadığı açıq-aşkar görünür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X5 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.4. notariusun icra qeydləri.

23. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda; Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir; Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır;

24. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

28. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında 01 iyun 2021-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəyə əsasən "xxxx" MMC-yə maksimal borclanma limit məbləği olaraq 200000 manat pul məbləği ayrılmışdır. Maksimal borclanma limiti müqaviləsinin təminatı kimi Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b/y İİ sektor ünvanında 0.10 sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.m olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X8 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 02 iyun 2021-ci il tarixli, **********9211301-06301 reyestr və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir.

29. İddiaçının apellyasiya şikayətinin birinci dəlilinə əsasən tərəflər arasındakı münasibətləri tənzimləyən müqavilədə ipoteka predmetinə tutmanın yönəldilməsinin icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur, əksinə müqavilə üzrə tərəflər mübahisələrin məhz məhkəmə qaydasında həll edilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 7.3-cü bəndində qeyd olunan məhkəmə qətnaməsi ifadəsi isə icra qeydinin verilməsini istisna edir.

30. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsinin icra qeydi vasitəsi ilə həyata keçirilməsi üçün birbaşa müqavilə şərtinə ehtiyac yoxdur, ona görə ki, bu məsələ ipoteka qanunvericiliyində tənzimlənmişdir.

31. “İpoteka haqqında” Qanunun 38.1-ci maddəsinə əsasən həmin Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

32. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

33. Göründüyü kimi, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü ərzində məhkəməyə şikayət edilməməsi kifayət edir ki, bu barədə notariusun icra qeydi verilməsi mümkün olsun.

34. Müqqavilənin 7.7-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə tərəfindən həll olunur. Bu bənddən də aydın olduğu kimi, tərəflər o şərtlə razılığa gəlmişlər ki, onlar arasındakı mübahisə qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən həll olunsun. Qanunvericiliyə uyğun məhkəmə müdafiəsi hüququ isə yuxarıda adı çəkilən “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsində qeyd olunan prosedur qayda daxilində mümkündür. Müqavilənin bu bəndi qanunvericiliyin analoji məsələni tənzimləyən normasının ziddinə təfsir oluna bilməz.

35. Mülki Məcəllənin 390.2-ci maddəsinin məzmununa görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

36. İddiaçının şikayətinin növbəti dəlilində borcun həqiqi olmadığını irəli sürür və iş materiallarındakı icra qeydinin verilməsinə əsas olmuş sənədlərlə bu faktın müəyyən edilməsinin mümkünlüyünü qeyd edir.

37. Bu məsələ ilə bağlı ümumi sübutetmə qaydası bundan ibarətdir ki, borcun verildiyini sübut etmək vəzifəsi borc verənin (hansı ki, müqavilə və digər müvafiq sənədlər əlavə edilmişdir), borcun qaytarıldığını sübut etmək vəzifəsi isə borc alanın üzərindədir. Nə qədər ki, borc verən tərəfindən borcun verildiyi müvafiq sənədlərlə təsdiq olunur, belə olan halda borcun qaytarıldığı sübut edilənədək borc həqiqi hesab olunur, buna uyğun olaraq da qanunvericiliyin imkan verdiyi müvafiq prosessual hərəkətlərin edilməsi mümkündür.

38. Eyni zamanda qeyd olunmalıdır ki, borcun mövcudluğu və həqiqiliyi məsələsi hazırkı mübahisənin predmeti deyil, yuxarıda qeyd olunduğu kimi bu xüsusatın mübahisələndirilməsi üçün ilk növbədə bildiriş mübahisələndirilməli idi. Bundan başqa, iddiaçı bildirişin ona çatdırılmasını dəlil kimi irəli sürsə də, bu da icra qeydinin ləğvi üçün əsas ola bilməz. Belə ki, qanunvericilik icra qeydinin verilməsi üçün bildirişin çatdırılması şərtini deyil, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində göndərilməsini nəzərdə tutur.

39. İddiaçıya ipoteka predmetinə tutma barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərildikdən sonra qanunda nəzərdə tutulmuş 21 gün müddət gözlənilmədən bildirişin dövlət qeydiyyatına alınması üçün xx.xx.2023 tarixdə dövlət qeydiyyat orqanına müraciət edilməsi barədə şikayət dəlili də əsassızdır ona görə ki, həmin 21 günlük müddət bildirişin dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş müddət deyil, bu müddət ipotekaqoyanın məhkəmə müdafiəsindən istifadə etməsi üçün nəzərdə tutulmuş müddətdir. Bildirişin dövlət qeydiyyatına alınması ipotekaqoyanı sonradan 21 günlük müddət çərçivəsində məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.

40. “İpoteka haqqında” qanunun 36.2.3-cü maddəsinə əsasən bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq qeyd olunmalı olması, lakin bildirişdə bu qeydin olmaması barədə dəlilə münasibətdə də qeyd olunmalıdır ki, bildirişlə bağlı digər tələblərlə yanaşı bu tələbin də pozulması iddiaçıya bildirişi məhkəmə qaydasında mübahisələndirmək imkanı verirdi ki, hazırkı halda iddiaçı bu hüquqdan istifadə etməmişdir.

41. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(011)-2595/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(011)-2595/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar